12 aprel 2021 23:14
938

Qarşıda bizi Qarabağın dirçəlişi gözləyir - Musa Quliyev

«Ümummilli Liderin siyasətini uğurla davam etdirən, 30 il işğal altında olan torpaqlarımızı azad edib ərazi bütövlüyümüzü bərpa edən Prezident İlham Əliyev ən yeni tariximizin şanlı səhifəsini yazaraq son yüzilliklərdə nail olmadığımız uğurlara imza atmışdır. Əgər xatırlasaq, 2018-ci il 18 apreldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimindəki nitqində 15 illik iqtidarı dövründə bir çox sahələrdə dövlətimizin nail olduğu uğurlara diqqət çəkərək qazanılmış nailiyyətlərdən və qarşıda duran vəzifələrdən bəhs edərək bildirmişdi: «Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir. Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacayıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Musa Quliyev bildirib.

M.Quliyev qeyd edib ki, Vətən müharibəsində əldə olunan Zəfər Prezident cənab İlham Əliyevin güclü siyasi iradəsi, mahir diplomatik bacarığı və iqtidarı boyunca qarşısına qoyduğu məqsəd və vəzifələrə çatmaq üçün yürütdüyü ardıcıl siyasəti nəticəsində qazanıldı. Vətən müharibəsində qazanılan Qələbə dövlət başçımızın ötən 17 ildə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətin uğurlu nəticəsi idi. Belə ki, bu illərdə cənab Prezidentin atdığı addımlar, həyata keçirdiyi genişmiqyaslı tədbirlər torpaqlarımızın azad edilməsinə istiqamətlənmiş kompleks siyasətdən xəbər verir. Ermənistanın məğlubiyyəti, torpaqlarımızın azad edilməsi ilə nəticələnən bu müharibə həm də milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbərinin ətrafında sıx birləşməsinin nümayişi oldu. Dövlət başçısının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi xalqımız tərəfindən dəstəkləndi və Zəfərimizi təmin etdi. 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesinə start verilib. Bütün bu məsələlər cənab İlham Əliyevin «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» strategiyasında aydın şəkildə öz əksini tapıb. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyənləşdirilib. Bu prioritetlər, əlbəttə ki, Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycanın gələcək yüksəlişinə hədəflənib. Bu gün Prezident İlham Əliyevin tapşırığı və dəstəyi, Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə işğaldan azad olunmuş torpaqlarımızda dağıdılmış şəhər, qəsəbə və kəndlərimizin, məhv edilmiş tarixi-mədəni abidələrimizin bərpa edilməsi istiqamətində işlərə start verilmişdir. İşğaldan azad edilmiş mədəni paytaxtımız Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərəsinin, Qarabağ xanı Pənahəli Xanın sarayının, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksinin, məscidlərin və s. tarixi abidələrimizin təmir-bərpa işlərinə başlanılmışdır.

M.Quliyev vurğulayıb ki, martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bir daha tərəfdaş ölkələrə mesaj ünvanlayaraq işğaldan azad edilmiş ərazilərdə yaradılacaq yeni nəqliyyat dəhlizinin imkanlarından yararlanmağa çağırdı. Azərbaycanın artıq Zəngəzur dəhlizi üzərində çox fəal iş apardığını deyən cənab  İlham Əliyev bəyan etdi ki, işlər yekunlaşdıqdan sonra qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq. Dövlətimizin başçısı, həmçinin bildirdi ki, məğlub Ermənistan da bu imkanlardan istifadə edə bilər. Bu ölkənin hazırda Rusiya və qonşu olduğu İranla dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsini də  Azərbaycan ərazisindən istifadə etməklə reallaşdıra  bilər. 

Deputat əlavə edib ki, qarşıda bizi yeni qələbələr, o cümlədən Qarabağın dirçəlişi gözləyir. Azad edilmiş bütün torpaqlarımız qısa müddətdə yenidən qurulacaq və xalqımız müzəffər sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atacaq.

Şəmsiyyə Əliqızı, «İki sahil»