12 aprel 2021 23:56
854

On bir ayın sultanı Ramazan xalqımıza bolluq, bərəkət gətirsin!

İslam aləminin müqəddəs bayramlarından olan, 30 ildən sonra  Qarabağımızda keçiriləcək,  insanları biri-birinə  yaxınlaşdıran, humanist duyğular,  xeyirxahlıq, bərabərlik  aşılayan Ramazanın gəlişi  müqəddəs ocaqlarımızda daha möhtəşəm qeyd olunacaq

Bu günlərdə  ölkəmizə səfərləri çərçivəsində  işğaldan azad edilmiş ərazilərimizi ziyarət edən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri erməni vandallarının  törətdikləri dağıntıları bu günədək heç yerdə görmədikləri vəhşilik, dəhşət adlandırdılar. Aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media və media üzrə məsul nazirlərin və yüksəksəviyyəli rəsmilərinin üçüncü toplantısı  çərçivəsində  İnformasiya və  media sahəsində  əməkdaşlıq üzrə İşçi Qrupunun iclasının keçirilməsi «Azərbaycan İslam aləminin ayrılmaz tərkib hissəsidir» deyimini bir daha təsdiqlədi.  Qarşıdan gələn  müqəddəs Ramazan ayının bu günlərə  təsadüf etməsinin də  rəmzi mənası vardır.

44 gün davam edən İkinci Qarabağ müharibəsində  torpaqlarımızın işğaldan azad edilməsi uğrunda  döyüşlərdə qazandığımız Zəfəri bütünlükdə İslam dünyasının qələbəsi kimi dəyərləndirən  müsəlman ölkələri bizimlə bir olduqlarını rəsmi bəyanatları ilə də bildirmişlər.

Bu günlərdə  İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edən Prezident İlham Əliyevin bildirdiyi kimi,   İkinci Qarabağ   müharibəsinin ilk günlərindən   ölkəmizə davamlı dəstək göstərən təşkilat  birlik və həmrəyliklərini rəsmi bəyanatlarla da bildirmişdir: «44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoydu…  Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi.»

Baş katib Yusif bin Əhməd əl-Osayminin «Cənab Prezident, bu böyük Qələbə münasibətilə Sizi təbrik edirəm. Bu, yalnız Sizin deyil, bizim də qələbəmizdir və biz çox xoşbəxtik. Mən Sizin liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində torpaqların işğalı məsələsində təmkinlə davrandınız, bunun başqa bir ölkədə ola biləcəyinə inanmıram. Sizin məsələniz haqq işi idi – torpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi, İslam Əməkdaşlıq Təşkilatı yanınızda idi və onun qətnamələri sizi dəstəkləyirdi» sözləri İslam dünyasına daxil olan bütün dövlətlərin ölkəmizlə həmrəylik nümunəsidir.

Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvləri kimi yaşamışlar. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, islam dəyərləri müstəsna rola malikdir.
İslami və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqətlə yanaşan Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsini öyrənən başqa dövlətlər  ölkəmizin başqa xalqlarla  birgəyaşayış qaydalarına  hörmətlə yanaşmasını yüksək dəyərləndirirlər. Torpaqlarımızı 30 il işğal altında saxlayan, dini ocaqlarmızı, məscidlərimizi dağıdan, heyvan saxlayan ermənilərdən fərqli olaraq Azərbaycan xalqı başqa millətlərin mənəvi dəyərlərinə hörmətlə yanaşır. İşğaldan əvvəl Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə, 4 məscidi isə qismən dağıdan ermənilər ölkəmizdə yaşayan azasaylı xalqların məbədlərini də yarıtmaz hala salıblar. Laçın rayonunda 74, Kəlbəcərdə 91, Qubadlıda 71, Cəbrayılda 93, Zəngilanda 56, Füzulidə 71, Ağdamda 140, Xocavənddə 93, Şuşada 215, Xocalıda 28 tarix və mədəniyyət abidəsinə ziyan vurulan ərazilərdə erməni xaçdaşlarının yerləşdirilməsi, alban xaçdaşlarının mənimsənilməsi vandalizm, vəhşilikdir.  

Vətən müharibəsi Qələbəmizlə başa çatandan sonra işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı hansı millətə məxsusluğundan asılı olmayaraq bütün dini abidələrin bərpa olunacağını bildirən Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq müqəddəs ocaqlarda  bərpa işləri ilə bağlı layihələr hazırlanır. Bərpa işlərində iştirak üçün müraciət edən müsəlman ölkələrinin təklifləri yüksək dəyərləndirilir.   Ramazan ayını  Qələbə sevinci ilə  qarşılayan xalqımız nikbindir.  Şəfqət , mərhəmət, xeyriyyəçilik  ayı olan, yardımlaşmanı artıran  Müqəddəs Ramazan ayında  məscidlərimizdə təmir- bərpa işlərinin sürətləndirilməsinə  xüsusi diqqət yetiriləcək. İnsanın dəyanətini yüksəldən bu ayda   Tanrıya daha çox  dua etmək, pis əməllərdən çəkinmək,  kimsəsizlərə, yaşlılara, ehtiyacı olanlara kömək etmək ən böyük savabdır.  Pandemiyanın ağrı-acısını gündəlik həyatımızda hiss etdiyimiz bu günlərdə Ramazan ayının şərtlərinə əməl etməklə özümüzü,   ətrafımızı, çalışdığımız kollektivdəki yoldaşlarımızı qorumuş oluruq. Virusun daha  geniş miqyasda yayılmaması üçün xüsusi karantin rejiminə,  kütləvi toplaşmamaq tövsiyyələrinə  əməl olunmalıdır. Orucluqda iftar  süfrəsi açmaq niyyətində olanların bunun əvəzinə yaxınlıqda yaşayan imkansızlara, ehtiyacı olanlara  yardım göstərməsi daha məqbul və savabdır. Tanrı qatında duaların daha tez qəbul olunduğu Ramazan  saflaşmaq, hamıya qarşı  mehriban davranmaq ayıdır. El dili ilə deyilsə, axırıncı tikəsini belə ətrafındakı ilə bölüşmək vərdişlərinə sadiqlik bu ayın ən ülvi özəlliyidir.  Bütün müsəlmanlar kimi, Azərbaycan xalqı da  Ramazan bayramını şəfqət və hörmətlə qarşılayır. Bu ayda hər kəsə dilədikləri  qədər xeyirxahlıq,  Tanrı mərhəməti arzulayırıq. Qoy böyük Zəfərimizdən sonra yurdumuza öz mübarək qədəmlərini basan on bir ayın sultanı Ramazan ölkəmizə, xalqımıza uğur gətirsin. Dualarımız, oruc və namazımız qəbul olunsun.

Xuraman İsmayılqızı, «İki sahil»