12 aprel 2021 22:13
891

“YAŞAT” Fondu cəmiyyət və dövlət birliyinin təcəssümüdür

Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondu şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsini  və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində cəmiyyətin təşəbbüsləri nəzərə alınmaqla onların maddi və mənəvi vəziyyətlərinin humanizm ideyaları əsasında təmin edilməsi vəzifəsini daşıyır. Hər bir azərbaycanlı bu fondun fəaliyyətində yaxından iştirak edərək vətən yolunda canını təhlükəyə atan oğullarımıza yaxından dəstək vermiş olurlar. Bu hər birimizin vətəndaşlıq və şərəf borcudur. Müharibə dövründə xalqımız necə ki, bir yumruq kimi birləşib düşmənə sarsıdıcı zərbələr vururdusa, müharibədən sonra da cəmiyyət olaraq həmrəylik nümayiş etdirməyimiz ən üstün cəhətlərdən biridir. Müharibədə şəhid olmuş hər bir əsgər və zabitin ailəsi bizim öz ailəmiz olmalı, şəhid ata-anası, şəhid övladı ən şəfqətli və mərhəmətli hisslərlə qayğıya alınmalıdır. Dövlətimiz hər bir şəhid ailəsinə, hər bir qaziyə, hər bir veterana bütün sahələrdə hərtərəfli qayğı və dəstəyi göstərir. Bu qayğının nəticəsində çoxlu sayda qazilərimiz İsrailə, Türkiyəyə və digər ölkələrə müalicələrini davam etdirmək üçün göndərilir. Şəhid ailələrinə ödənilən birdəfəlik müavinətlər və digər sosial ödənişlər birbaşa dövlətin şəhid olmuş vətəndaşına göstərdiyi qayğının bariz nümunəsidir. Müharibədən qayıtmış hər bir veteran və əlil vətəndaşlarımız həm cəmiyyət, həm də dövlət tərəfindən bütün sosial və tibbi qayğıyla əhatə olunmuşdur. İstər müharibə dövründə olsun, istərsə də müharibədən sonrakı dövrdə vətənpərvər gənclər könüllü qruplar yaradaraq həm psixoloji həm sosial yardımlar etməklə cəmiyyətimizə və dövlətimizə mənəvi dəstəklər nümayiş etdirmişdilər. Bu çox mühüm bir amildir ki, indi hər bir vətəndaşımız imkanı daxilində YAŞAT fonduna vəsiatlər köçürür. Təkcə Azərbaycanda deyil, sərhədlərimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız, böyük iş adamları bu fonda pul köçürməklə vətənimizə qazilərimizə, şəhid ailələrinə öz dəstəklərini göstərirlər. Bu fondun vəsaiti yardıma ehtiyacı olan ailələrin maddi, sosial. psixoloji və səhiyyə xidmətlərinə xərclənir. Azərbaycan Respublikasında hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qazi və şəhid ailələri sosial sığortadan maksimum dərəcədə faydalana biləcəklər. Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.

    4 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılmışdır. İşğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi, abadlaşması və çiçəklənməsi naminə bu fonda da çox sayda vəsaitlər köçürülür. Öz el-obasını sevən, vətənini göz bəbəyi kimi qoruyan vətəndaş onun hər bir qarıışı üçün əlindən gələn dəstəyi əsirgəməməlidir. Vətən üçün öz canını qurban verərək şəhidlik zirvəsinə ucalan hər bir vətən oğlunun banklara olan kredit borcları silinir.. İşğaldan azad edilmiş torpaqlarımızda qurub yaratmaq oranı cənnət məkana çevirmək hər bir azərbaycanlının vicdan borcudur. Uzun illər düşmən tapdağında qalmış yurdumuz yenidən əvvəlki şöhrətinə qayıtmalı və düşmənə göz dağı verməlidir. Hərtərəfli turizm və infrastruktur potensialına malik olan Qarabağda çoxlu sayda layihələr həyata keçiriləcəkdir. Bu da bölgədə sosial həyatı daha da gözəl edəcək və rifah halını yaxşılaşdıracaqdır.

   Dövlətimizin bu humanist və qayğıkeş siyasəti təkcə bunula yekunlaşmır , eyni zamanda müharibə dövründə düşmən ordusunun ağır artilleriya  atəşləri nəticəsində maddi və mənəvi zərər görmüş hər bir vətəndaşımız bu şəfqətin istiliyindən öz payını almaqdadır. Dövlət tərəfindən əziyyət çəkən hər bir ailəyə həm maddi, həm mənəvi dəstəklər olmuşdur. Müəyyən məbləğlərdə pul vəsaitləri hər bir ailənin büdcəsinə köçürülmüşdür. Qəzalı binalarda yaşayan əhalinin təhlükəsizliyinin qorunması üçün hökumət tərəfindən fundamental işlər və layihələr həyata keçirilmişdir. Hər bir vətəndaşımız dövlətin əmin qarantı altında sabit yaşayaraq öz rifahını yüksəldəcəkdir.

    Sosial siyasət sahəsində dövlətimiz prinsipal fəaliyyəti bütün sfralarda özünü bariz şəkildə göstərir. 7 yanvar 2021-ci ildə Prezidentin  Fərmanı ilə yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmışdır.Bu birbaşa imtiyazlı və həssas sosial təbəqənin problemlərinin həllinə yönəldilmiş əsaslı ideya idi. Hərbçilərin, qazilərin və veteranların xəsarəti ilə bağlı xüsusi ekspertizalar yaradılmış,bununla bağlı hər bir problem vaxtında və dəqiq həllini tapır. Həm dövlət, həm də ictimaiyyət birlikdə bu problemlərin həll olunması istiqamətində bütün imkanlarını səfərbər edərək gələcəyə böyük ümidlə və xoş əhval-ruhiyyə ilə addımlayacaqdır. Yaşasın Azərbaycan Respublikası!

Fazil Məhəmmədov

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri