12 aprel 2021 22:57
1479

Heç kim unudulmur, heç kim yaddan çıxmır

Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbin 125 yaşı tamam oldu.

“İki shail” xəbər verir ki, bu qocaman elm ocağının çox zəngin bir tarixi vardır. 1894-cü ildə xalqının maarifpərvər və mesenat oğlu H.Z.Tağıyev bu məktəbi 50 nəfər kasıb balası üçün təhsil almaq, həm də bağbanlıq sənətinə yiyələnməkdən ötrü tikdirmişdir.Bu məktəbdə 125 il ərzində təhsil alan şagirdlər, təkcə savad almadı,həm də vətənpərvər ruhda böyüdülər.

İkinci Dünya Müharibəsində məktəbin məzunları böyük şücaətlə vuruşdular,Azərbaycan Respublikasının müstəqilliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərdilər.1992-1994-cü il Birinci Qarabağ Müharibəsində məktəbin məzunlarından İsgəndərov Şahin Əliqulu oğlu, Əliyev Əliabbas Adil oğlu,Cəfərov Rəfail qəhrəmancasına vuruşaraq şəhid oldular.

2016-cı ilin aprel döyüşlərində Şirəliyev Kamran Faiq oğlu şəhid oldu.

44 günlü İkinci Qarabağ Müharibəsində Abdullayev Qasım Əli oğlu və Nehmətov Ceyhun Ehtiqad oğlu Azərbaycanımızın işğal altında olan torpaqlarının mənfur düşmənlərindən azad olunmasında gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşlar.

123 saylı məktəbin kollektivi şəhid məzunları ilə qürur hissi duyur, onların xatirəsini əziz tutur, məktəbdə onlar üçün guşə yaradılmışdır. Məktəbdə təhsil alan gənclər üçün bu məzunların qəhrəmanlığı bir örnəkdir. Şəhidlər ölməz, Vətən bölünməz!

Ruhları şad olsun!

***

İsgəndərov Şahin Əliqulu oğlu

Şahin İsgəndərov 11 avqust 1970-ci ildə Mərdəkanda dünyaya göz açıb. Şahinin yaddaşlarda çox maraqlı uşaqlıq xatirələri qalıb. Mərdəkandakı H.Z.Tağıyev adına 123 saylı orta məktəbdə oxuduğu illərdə Şahin həm də idmanın “sərbəst güləş” növü ilə məşğul olub. Məktəbdə də, yaşadığı məhəllədə də zarafatla ona “Mazandaran pələngi” deyirdilər.

7-ci sinfini başa vurduqdan sonra, Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olur. Oranı 1988-ci ildə bitirdikdən sonra, Xarkovda Ali Hərbi Tank Qvardiyası Məktəbinə daxil olur. Şahin Ali Hərbi Məktəbi leytenant rütbəsi ilə tankçı zabit kimi başa vurur. Bu vaxt artıq Azərbaycanda erməni qəsbkarları ilə ölkəmizin ərazi bütövlüyü uğrunda qanlı döyüşlər gedirdi. 1992-ci ildə Şahin qısamüddətli məzuniyyət götürüb Bakıya gəlir. Respublika Müdafiə Nazirliyinə xidmət yerinin Azərbaycana dəyişdirilməsi xahişi ilə yazılı müraciət edir. 1992-ci ilin aprelində Bakıya qayıdır. Elə həmin ay Qarabağa cəbhə bölgəsinə göndərilir.

Şahin bir peşəkar tankçı kimi döyüşlərə atılır. Ağdamın Şelli, Gülablı, Uzundərə kəndləri uğrunda döyüşlərdə igidliklər göstərir. Şahinin komandiri olduğu tankın üstündə “Mazandaran pələngi” sözləri yazılmışdı. Şahin İsgəndərovun tərkibində vuruşduğu N.hərbi hissəsi Qubadlı istiqamətində gedən döyüşlərə cəlb olunur. 1992-ci ilin oktyabrın 13-də Qubadlının Muradxanlı kəndi uğrunda gedən döyüşdə, Şahin və onun digər döyüşçü yoldaşı qəhrəmanlıqla həlak olurlar. Şahin doğulduğu doğma Mərdəkan kəndindəki “Şəhidlər”qəbirstanlığında torpağa tapşırılır. Şahinin adının əbədiləşdirilməsi üçün böyüdüyü məhəllədə küçə  şəhidin adını daşıyır.

***

Əliyev Əliabbas Adil oğlu

Əliyev Əlabbas Adil oğlu 1963-cü il iyun ayında Mərdəkanda anadan olub.

Balaca, qıvrımsaç, qarabəniz Əlabbas 1972- ci ildə Mərdəkan qəsəbəsindəki 123 saylı məktəbin birinci sinfinə qəbul olub. 1980-ci ildə 8-ci sinfi bitirib, sənədlərini Binə qəsəbəsindəki Texniki Peşə Məktəbinə təqdim edib. Arzusunda olduğu traktorçu peşəsinə yiyələndi. 1982-ci ildə həqiqi hərbi xidmətə çağırıldı. O, hərbi xidmətini Almaniya Demokratik Respublikasında yerləşən hərbi hissədə istehkamçı (sapyor) kimi başa vurub, 1984-cü ildə ordudan tərxis olundu. Əlabbas elə həmin ildə Tümenə işləməyə getdi və Surqutda neft mədənində qaldırıcı-traktorçu kimi ilyarım işləyib yenidən doğma Mərdəkana qayıtdı.

Azərbaycan Ordusunda xidmət etmək, təcavüzkar, torpaqlarımıza göz dikən düşmənlə vuruşmaq üçün, Əlabbas da 17 avqust 1993-cü ildə könüllü olaraq cəbhəyə getdi.

Ağdamın Qarvənd kəndi uğrunda gedən döyüşlərin birində snayper gülləsi Əlabbasdan yan keçmədi. O, 1994-cü il aprelin 17-də həlak olub.

Əlabbas Mərdəkanda “Şəhidlər güşəsi”ndə torpağa tapşırılıb. Oxuduğu 123 saylı orta məktəbdə ona və digər şəhidlərə guşə yaradılıb.

***

Cəfərov Rəfail Baba oğlu

Erməni qəsbkarları ilə ölüm-dirim mübarizəsinə atılan Xəzər  rayonunun könüllüləri harada, hansı kənd, oba uğrunda vuruşublarsa, qeyrətlə, cəsurluqla döyüşüblər. Çünki Əzizbəyov rayon könüllülər taborunun tərkibi əsl Vətən təəssübkeşlərindən, qeyrətli oğullardan ibarət olub. Bu oğullardan biri də Cəfərov Rəfail Baba oğlu idi. Rəfail 13 oktyabr 1956-cı ildə Mərdəkanda anadan olmuşdu.

1963-cü ildə Rəfail Mərdəkandakı H.Z.Tağıyev adına 123 saylı orta məktəbin 1-ci sinfinə qəbul olub. 1973-cü ildə həmin məktəbin 10-cu sinifini bitirib. Həmin ildən də Mərdəkandakı çörək zavodunda adi fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Əsgərlik yaşı çatan kimi həqiqi hərbi xidmətə çağrılıb. Komi MSSR-də daxili qoşunların tərkibində hərbi xidmətini başa vurub Vətənə dönəndən sonra da, Rəfail əvvəlki işinə bərpa olunub, çörək zavodunda işləyib. Dinc həyatımıza qəsd edən nankor qonşularımızın törətdikləri faciələrə heç bir qeyrətli azərbaycanlı övladı laqeyd qala bilməzdi.Rəfail də məhz onlar kimi 1992-ci ildən etibarən əlinə silah

götürüb Ağdərə, Ağdam ərazilərinin yağı düşməndən azad olunması uğrunda bir çox qanlı döyüşlərin iştirakçısı olub. Həmişə öndə gedən ucaboylu, qədd-qamətli Rəfail daim düşmənin diqqətini özünə cəlb edib. Dəfələrlə düşmən tərəfindən Rəfaili sıradan çıxarmaq üçün edilən cəhdlər boşa çıxıb. Ağdamın Papravənd kəndi uğunda gedən döyüşlərin birində namərd düşmən gülləsi Rəfaildən yan keçmədi. Rəfail sinəsindən ölümcül yaralandı.... Bu 11 yanvar 1994-cü il idi. Rəfail doğulduğu Mərdəkandakı şəhidlər guşəsində uyuyur. Adına küçə verilib, oxuduğu 123 saylı orta məktəbdə Mərdəkanın şəhid oğullarına ayrılan guşədə onun da portreti vurulub və haqqında qısa məlumat yazılıb.

Cəfərov Rəfail Baba oğlu Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuşdur. O da, fəxr etdiyimiz yüzlərlə şəhiddən biridir.

***

Kamran Şirəliyev

Şirəliyev Kamran Faiq oğlu 1994-cü ilin 28 fevral tarixində Bakı şəhərinin Suraxanı rayonunda anadan olub. Xəzər rayonunda yerləşən H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin 9-cu sinfini bitirən Kamran Şirəliyev daha sonra peşə məktəbinə daxil olub. 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Əsgər Kamran Şirəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 6-ı isə Kamran Şirəliyev doğulduğu Bakı şəhərinin Suraxanı rayonunda son mənzilə yola salındı. Kamran Şirəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

***

Nəhmətov Ceyhun

Nəhmətov Ceyhun Ehtiqad oğlu 08.09.1994-cü ildə  Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olmuşdur.

2001-ci il Mərdəkan qəsəbəsində yerləşən 123 saylı tam orta məktəbin birinci sinfinə daxil olur.2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

26 illik ömrünə bir tarix sığdırdı. İndi ondan geriyə hərbi forması, çantası, bir də xoş xatirələri qaldı...

Ceyhun Nehmətov Dövlət Sərhəd Xidmətinin akademiyasında təhsilini başa vurduqdan sonra müxtəlif istiqamətlərdə sərhəd zastavalarında xidmətdə olub.

Bir müddət çalışdıqdan sonra isə sərhəd xidmətinin xüsusi təyinatlı qruplarına imtahan verib. Buruda yüksək nəticə göstərərək xüsusi təyinatlı kimi işinə davam edib.

Ən böyük arzusu Vətənin bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək olub. Elə bu arzusuna da çatıb. Müharibə başlayan ilk günlərdən ön sıralarda xidmət edib və cəsurluğu ilə döyüşlərdə fərqlənib.

Ceyhun nişanlı idi. Ailə həyatı qurmağa hazırlaşırdı. Valideynləri ilə telefonla danışan zaman "döyüş bitsin, qayıdıb evlənəcəyəm, ailə sahibi olacağam" deyirdi.

Ceyhun gülərüz, hər kəslə səmimi olub. Böyüklə böyük, kiçiklə kiçik kimi davranıb. İndi onun yoxluğu nəinki ailə üzvlərini, hər kəsi məyus edib.

Qeyd edək ki, Ceyhun Nehmətov noyabrın 8-də Şuşada şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Zəngilanın alınmasına görə" medalları ilə təltif edilib.

***

Abdullazadə Qasım Əli oğlu

Abdullazadə Qasım Əli oğlu 27 iyul 1999-cu ildə Bakının Mərdəkan qəsəbəsində doğulub. 2005-ci ildə Mərdəkanda yerləşən H.Z.Tağıyev adına 123 №li orta məktəbə başlayır. 2013-cü ildə təhsilini İsmayıllı rayonu 1 saylı tam orta məktəbdə davam etdirib. 2016-cı ildə məktəbi bitirir. 2017-ci il iyulun 27-də həqiqi hərbi xidmətə yola düşür. 2019-cu ildə hərbi xidmətini başa vurur.

Qasım foto çəkməyi çox sevirdi. Buna görə də fotoqrafiya sahəsini öyrənir və işləməyə başlayır. 2020-ci il sentyabrın 21-də səfərbərliklə yenidən hərbi xidmətə yollanır. Sonra isə Vətən müharibəsinə qatılır. Ailəsiylə hər danışığında hər şeyin yaxşı olduğunu deyən, Qasım oktyabrın 14-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.