14 aprel 2021 13:52
825

Hacı Surxay: Özünü təhlükəyə atmaq Allaha qarşı üsyandır

Bu gün Ramazan ayının birinci günüdür. Ötən il olduğu kimi, bu il də Ramazan pandemiya dönəminə təsadüf edir. Hər bir insan bu günlərdə diqqətli olmalıdır. Bədənin qorunması vacibdir, bunun üçün düzgün qidalanmaq, qaydalara əməl etmək vacibdir.

"İki sahil" xəbər verir ki, bunu azvision-a açıqlamasında İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay deyib. O qeyd edib ki, ibadətlərdə və yardımlaşmada diqqəti olmaq lazımdır: “Qurani Kərim”in təbiri ilə desək, özünüzü təhlükəyə atmayın. Bu, ciddi məsələdir. Bizim sağlamlığımız bədənimizdən keçir. Təəssüflər olsun ki, bəzi insanlar buna riayət etmir və bu da xəstəliklərimizi uzatmağımıza gətirib çıxarır. Fətvada göstəriş oldu ki, pandemiya şəraitində hər şxs öz övladları, ailəsi ilə iftar süfrəsində bir araya gəlib, dualar etməlidirlər. Çalışdığımız qədər kütləvi toplaşmaqlardan çəkinməliyik. Belə məclislərdə viruslu insanlar bizləri yoluxdura bilər. Əgər kimsə yaxınında, qonşusunda ehtiyacı olan varsa, ona yardım etsin. Bunu Allah bəyənir və savab yazır. Lakin bir insan bilərəkdən özünü təhlükəyə atırsa, bu, Allaha qarşı üsyandır, Allaha qarşı nankorluqdur. Hər bir insan öz ətrafında oruc tutanlara yardım edərsə, Allah yanında böyük savab qazanır”.

Hacı Surxay özü hər gün onlayn formatda “İnstagram” və “Youtube” kanallarında iftara doğru canlı yayımda olacağını və insanları maarifləndirməyə çalışacağını qeyd edib: “Hələlik məscidlər müvəqqəti bağlıdır. Ola bilər ki, bir ay boyunca yoluxma sayı azalarsa, məscidlərdə ibadətə icazə verilə bilər. O zaman sosial məsafənin gözlənilməsi vacib olacaq. Yoluxma sayı düşməyəcəksə, onda yenə də insanları onlayn təlimatlandıracağıq ki, evdə bayram namazı qılsınlar”.