14 aprel 2021 15:32
1297

Vətən müharibəsində Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərdi- ŞƏRH

Hərbi ekspert Hikmət Ağayev: Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Bakıda yaradılan  Park  Azərbaycan ordusunun gücünü, qüdrətini, düşməni necə məğlub etməsinin əyani göstəricisidir

“Bu gün Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən ürəyi Vətən eşqi ilə  döyünən hər bir vətəndaş böyük sevinclə danışır. Azərbaycan xalqının hər bir nümayəndəsi, xüsusilə də Birinci Qarabağ müharibəsində iştirak etmiş  hərbçilərimiz 2016-cı ilin Aprel qələbəsindən sonra İkinci Qarabağ savaşını gözləyirdi.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranı, "Azərbaycan Bayrağı" Ordenli, ehtiyatda olan polkovnik, hərbi ekspert Hikmət Ağayev söyləyib.

Hərbi ekspert qeyd edib ki, Birinci Qarabağ müharibəsindəki vəziyyətlə hazırkı durum arasında çox fərq var: “Həmin  dövrdə Azərbaycanın indiki kimi güclü deyildi, vahid mərkəzdən idarə olunan ordumuz yox idi. Ermənistan isə havadarlarının dəstəyi ilə o dövr üçün müasir olan silahlarla bizim özünümüdafiə batalyonlarına qarşı döyüşürdü. Amma o dövrdən keçən müddət ərzində Azərbaycan siyasi-iqtisadi-hərbi baxımdan inkişaf etdi, gücləndi.  Silahlı Qüvvələrimiz əm modern hərbi texnika ilə təmin olundu. Ulu Öndər tərəfindən yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Ali Hərbi Məktəb peşəkar hərbi kadr təminatını yüksək səviyyədə təmin etdi.

H. Ağayev vurğulayıb ki, keçmiş hərbçilər, zabitlər Vətən müharibəsinin başlanmasını dəstəkləyib: "Bu müharibə bizim üçün Vətən müharibəsi idi. İkinci Qarabağ savaşı dönəmində xalq-iqtidar-ordu birliyi ən yüksək səviyyədə özünü göstərdi. Digər siyasi partiyalar da milli məsələdə həmrəylik göstərdilər. Bu, çox qürurveric haldır. Birinci planda olan məsələ Azərbaycanın ərazi bütövlüyünün bərpası, düşmənin torpaqlarımızdan qovulması idi.  Cənab Ali Baş Komandan da keçirdiyi bütün tədbirlərdə hər zaman qeyd edirdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, torpaqlarımız işğaldan azad ediləcək. Prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan tarixi Zəfərə imza atdı". 

Övladlarımız həmin Parkda Azərbaycan əsgərinin qəhrəmanlığı ilə tanış olacaq

Hikmət Ağayev qeyd edib ki, Vətən müharibəsində Azərbaycan ordusu, əsgəri böyük qəhrəmanlıq göstərib. Azərbaycan ordusunun qələbəsi, döyüş taktikası dünya hərb tarixinə  qızılı hərflərlə yazıldı: "44 günlük müharibənin təxminən 30 gününü  Azərbaycan əsgəri ilə bərabər döyüş bölgələrində oldum. 44 günün hər anı bir günə, bir ilə yox , bir ömürə bərabər idi. Çox  gərgin və məsuliyyətli dövr idi.  Qəhrəman Azərbaycan əsgərinin gözündə bir alov var idi.  Qələbəni o alovun, əzmin, qorxmazlığın hesabına əldə etdik. Ağır döyüş olacağını, itkilər ola biləcəyini bilmələrinə baxmayaraq cəsur əsgərlərimiz döyüş əmrinin tez verilməsini gözləyirdilər ki, Vətən torpağını düşmən işğalından azad etsinlər. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanı, qalib ordusu ilə qürur duyur. Biz Zəfər qazanmış dövlətin vətəndaşlarıyıq".

Həmsöhbətimiz  qeyd etdi ki, şanlı Qələbəmizin rəmzlərindən biri olan Hərbi Qənimətlər Parkının açılışı hər bir azərbaycanlının arzusu idi: "Ordumuzun işğaldan azad etdiyi döyüş bölgələrində açıq səma altında muzey yaradıla bilər. Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Bakıda yaradılan  Park  Azərbaycan ordusunun gücünü, qüdrətini, düşməni necə məğlub etməsinin əyani göstəricisidir. Prezident Hərbi Qənimətlər Parkının açılışını etməklə tarixi Zəfərdən sonra xalqa ikinci bayramı bəxş etdi. Övladlarımız həmin Parkda Azərbaycan əsgərinin qəhrəmanlığı ilə tanış olacaq.  

Hikmət Ağayev bildirdi ki, Azərbaycana gələn xarici qonaqlar da Hərbi Qənimətlər Parkı ilə tanış olacaq, ölkəmizin nə qədər böyük Zəfər qazanmasının şahidi olacaqlar. 

Hərbi ekspert təklif edir ki, işğaldan azad edilən ərazilərimizdə olan düşmən istehkamlarının müəyyən hissəsi hərb tarixi muzeyinin bir hissəsi olaraq saxlanılsın ki, gələcək nəsillər, xarici qonaqlar onlarla tanış olsunlar:  " Döyüş gedən ərazilərdə şəhid olan igidlərimizlə bağlı xatirə abidələri də yaradıla bilər".

Yaqut Ağaşahqızı, "İki sahil"