15 aprel 2021 02:09
908

İstanbul kanalının Montre sazişi ilə heç bir əlaqəsi yoxdur - Rəcəb Tayyib Ərdoğan

Montre sazişinin müddəaları hələ layihələndirilmə mərhələsində olan İstanbul kanalına şamil olunmayacaq.

"İki sahil" “Haber Global”a istinadən xəbər verir ki, bunu Prezident Milli Kitabxanasında tələbələrin suallarını cavablandıran Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bəyan edib. “İstanbul kanalının Montre sazişi ilə heç bir əlaqəsi yoxdur. Bu layihə bizim üçün ciddi bir nailiyyət olacaq və Bosfor boğazının yükünü azaldacaq”, - deyə prezident bildirib.

R.T.Ərdoğan həmçinin qeyd edib ki, Qara və Mərmərə dənizlərini birləşdirəcək yeni su arteriyası Türkiyənin müstəqilliyi və suverenliyini daha da möhkəmləndirəcək. Qeyd edək ki, 1936-cı ildə İsveçrənin Montre şəhərində imzalanan razılaşmaya əsasən, ticarət gəmilərinin boğazlardan keçidi sərbəst, hərbi gəmilərin keçidi isə bəzi şərtlərə bağlıdır.