Prezident İlham Əliyevin bu sözlərindən sonra Minsk qrupu həmsədrlərinin Azərbaycana gecikmiş səfərləri «Toydan sonra nağara, xoş gəldin , Bayram ağa» kəlamını xatırladar
Aprelin 13-də ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransda iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri tərəfindən dövlət başçımız İlham Əliyevə ünvanladıqları ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gördükləri işlə əlaqəli sualların dəfələrlə təkrarlanması formatın 29 illik fəaliyyəti ilə bağlı açıqlamaları aktuallaşdırdı.
Məsələ ilə əlaqədar verilən sualları Minsk qrupunun «fəaliyyətinə» uyğun cavablayan Prezident İlham Əliyevin həmsədrlərlə keçirdiyi bəzi görüşlərə nəzər salaq. Yarandığı vaxtdan keçən müddətdə həmsədrlərin tərkibi bir neçə dəfə dəyişilsə də, üzərlərinə düşən vəzifələrin həlli üçün nəzərdə tutulan məsələlərin mahiyyətinin sıfır nöqtəsindən bir rəqəminə doğru irəliləyə getməməsi belə bir təsəvvür yaradır ki, formatın mandatına uyğun «görüləcək işlər» planlı şəkildə, kimlərinsə tərəfindən, eyni zamanda, Ermənistanın maraqlarına uyğun- müəyyənləşdirilir. Bölgəyə səfərlər isə sadəcə həmsədrlik institutunun « fəaliyyət göstərən format» olması ilə bağlı görüntü idi. Ermənilərin işğal etdikləri ərazilərdə mülki əhalini, körpələri qətlə yetirmələrinə biganə qalan, törətdikləri terrorları təbii qəbul edən, sərhəd bölgələrində keçirilən monitorinqlər zamanı ermənilərin basdırdıqları minalardan «xəbərsiz olan» Minsk qrupunun həmsədrləri bir dəfə də olsun təcavüzkarı qınayan, separatizmi , terroru pisləyən kəskin bəyanatlarla çıxış etməmiş, Azərbaycan –Ermənistan- Dağlıq Qarabağ marşrutu ilə gəzintilərini davam etdirməklə vəzifələrini yerinə yetirmiş hesab etmişlər. İkinci Qarabağ müharibəsi günlərində belə hadisələri uzaqdan müşahidə edən, Ermənistanın Gəncəyə, Bərdəyə, Tərtərə, Qəbələyə, Naftalana atdığı raketlərin «səsini duymayan», günahsız yerə öldürülən mülki insanların qətlinə biganə qalan həmsədrlərin bu hərəkətləri qəbuledilməz idi. Həmsədrlərlə görüşlərində bu «susqunluğa» etirazını bildirən Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşülərinin bəzi məqamlarını xatırlayaq. Həmin görüşlərdə «Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub» söyləyən Prezident İlham Əliyevin « Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlardı iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyəti olsa da , bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir» sözləri həmsədrlik institutunun özünü doğrultmadığını göstərir. İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev Minsk qrupu ilə bağlı mövqeyini qəti şəkildə bildirdi.
Müharibə Azərbaycanın Zəfəri ilə bitəndən sonra bölgəyə səfər edən ATƏT rəsmilərinin viran qoyulan ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərlə maraqlanmamaları, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrindən, xarici jurnalistlərdən fərqli olaraq Cəncəyə, Ağdama Bərdəyə… getməmələri göstərir ki, əvvəlki mandatlarına uyğun fəaliyyət göstərən Minsk qrupunun həmsədri Ermənistanın xətrinə dəyməmək prinsiplərinə sadiqdirlər. Bu «sadiqliyin» səbəbləri vardır. Minsk qrupunun həmsədri Fransanın mühəndisləri işğal altında qalan torpaqlarımızda keçilməz müdafiə səddi, bunkerlər, istehkamlar düzəldərək Ermənistana yardım göstərmişlər. Digər həmsədr dövlət olan Rusiya Ermənistanla bağladığı hərbi tərəfdaşlıq müqaviləsinə görə işğalçını silahlandırır. Bu gün işğaldan azad olunmuş Azərbaycan ərazilərində çıxarılan minalar, partladıcı vasitələr Ermənistana həmsədr dövlətlər tərəfindən bağışlanılıb. Separatçı «Dağlıq Qarabağ respublikası»nda keçirilən «prezident seçkiləri»ni, «andiçmə» mərasimlərini «demokratiyaya uyğun» hesab edən həmsədrlər Ermənistanın baş naziri Nikol Paşinyanın Cıdır düzündəki yallısını adi şənlik hesab edib, görməzdən gəldilər. Bu gün beynəlxalq səviyyədə müzakirə olunan Ermənistanın Şuşaya atdığı «İsgəndər- M» raketinə həmsədr dövlətlərin münasibət bildirməmələri bağışlanılmazdır. Necə deyərlər, üzürü günahından betər. Fransa parlamentinin hər iki palatasının nümayəndələrinin Dağlıq Qarabağın müstəqilliyinin lehinə səs vermələri separatizmə dəstək idi. Hadisələr göstərir ki, Fransa kimi digər həmsədr dövlətlər də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə erməni separatizmini dəstəkləyiblər. Belə ki, Minsk qrupuna daxil olan dövlətlərin təcavüzkara loyal münasibəti həmsədrlik mandatı ilə uzlaşmır. Əslində Minsk qrupunun yarıtmaz format olduğunu Nikol Paşinyan «Qarabağ Ermənistandır, nöqtə» sözləri ilə təsdiqlədi. Yəni, Ermənistanın baş naziri ona göstərilən ərköyünlüyə arxayınlaşaraq özünə məhrəm hesab etdiyi həmsədr dövlətlərin əvəzindən söz demək səlahiyyətinə malik olduğunu göstərdi. Minsk qrupunun fəaliyyətinin başa çatdığını məsuliyyətsiz sözləri ilə bildirən Paşinyana yerini göstərməyən ATƏT-in əvəzinə «Əgər Ermənistan baş naziri deyirsə ki, «Qarabağ Ermənistandır və nöqtə»”, ondan sonra hansı proses ola bilər, hansı danışıqlardan söhbət gedə bilər? Bu, əslində, Minsk qrupunun həmsədrlərini də çox çətin vəziyyətə saldı. Çünki onlar da buna hər hansı bir reaksiya verməli idilər» söyləyən, əlavə olaraq «Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də «Valday”» forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”.» Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» sözləri ilə Paşinyana yerini və həddini bildirən, Minsk qrupuna səlahiyyətlərini xatırladan Prezident İlham Əliyev qətiyyət göstərdi.
Vətən müharibəsi başa çatdı. Hazırda işğaldan azad olunan ərazilərdə quruculuq işləri aparılır. Hadisələrə uyğun aktual suallar isə bunlardır: «Münaqişə öz həllini tapdıqdan sonra münaqişənin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Müharibə Azərbaycanın Qələbəsi ilə bitdikdən sonra Minsk qrupunun fəaliyyəti nədən ibarət olacaq? Ümumiyyətlə bu formatın davamına ehtiyac varmı?»
Beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə Minsk qrupunun fəaliyyət göstərə biləcəyi bəzi sahələrin olduğunu bildirən Prezident İlham Əliyevin «Münaqişəni həll etməli olan bir qrup olaraq yox. Burada mən Minsk qrupunun bəzi nümayəndələri ilə tamamilə razı deyiləm. Onlar münaqişənin həll edilməli olduğunu deyirlər. Münaqişə artıq həll olunub. Əgər mən münaqişənin həll edildiyini deyirəmsə, bu, onun həll olunduğu deməkdir. Əgər, Ermənistan münaqişənin həll olunmadığını deyirsə, onda mən Ermənistan tərəfindən münaqişənin həllini necə gördüklərini, bizim nələr etməli olduğumuzu soruşa bilərəm. Beləliklə, onların özlərinin nəsə düşünmələrini, kreativ olmalarını, dəstək verməli olduqlarını hesab edirəm. Bu kövrək sülhə zərbə vura biləcək bir şey etməməlidirlər» sözləri görüləcək işlərə aydınlıq gətirir. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa hörmətlə yanaşır. Çox güman ki, ATƏT-in təmsilçiləri regiona müəyyən təkliflərlə gələcəklər. Bu gəliş « Toydan sonra nağara, xoş gəldin Bayram ağa» kəlamı effektini verəcək.
Xuraman İsmayılqızı, «İki sahil»