16 aprel 2021 08:00
952

ADA Universitetində keçirilən beynəlxalq konfrans böyük əhəmiyyət daşıyır

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışında dünyaya önəmli meajlar verdi. Beynəlxalq və yerli ekspertlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında sözügedən konfransın əhəmiyyətini yüksək dəyərləndirirlər. Çıxışı zamanı hər bir detala ayrı-ayrılıqda toxunan dövlətimizin başçısı yeni dövrdə Cənubi Qafqazda formalaşmış təhlükəsizlik formatının əsas elementlərini dəqiq şəkildə ifadə etdi. Cənab Prezident qeyd etdi ki,  Ermənistan münaqişənin həllini istəməyib və hər zaman  münaqişənin dondurulması niyyətində olub. Əraziləri azad etdikdən sonra gördüklərimiz də göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şey ediblər. Onlar nəhəng istehkamları, müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər. Ermənistan Birinci Qarabağ müharibəsində də müharibə cinayətləri törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu. Mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətindən xəbər verir. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, həm də mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə davranıb, mülki şəxslərə zərər yetirməyiblər. Ermənistan tərəfində mülki əhali arasında tələfatın 40 nəfərdən az olması da bunun əyani sübutudur.

Sülhün və sabitliyin təmin olunması üçün ən vacib vəzifələrdən biri qarşılıqlı etimad mühitinin yaradılmasından ibarətdir. Lakin Ermənistanda səslənən bəyanatlar belə bir etimadın formalaşmasına xidmət etmir. Lakin onlar qəbul etməlidir ki, müharibənin nəticələri bütün regionda yeni şərtlər yaradıb. Ermənistan bu yeni şərtlərin diktə etdiyi reallıqlarla barışmalıdır. Azərbaycan regionda davamlı və daimi sülhün yaradılmasında maraqlıdır. Kommunikasiyaların açılması, qarşılıqlı dialoq üçün etimadın formalaşması Cənubi Qafqazın tarixində yeni inkişaf mərhələsinin vacib şərtlərindəndir. Nüfuzlu beynəlxalq ekspertlər, siyasi prosesləri, münaqişələri təhlil edən beyin mərkəzləri birmənalı şəkildə bildirirlər ki, yeni müharibənin baş verməsi real görünmür, çünki Ermənistanın müharibə aparmağa gücü yoxdur, Azərbaycan isə bunda maraqlı deyil. Bu baxımdan, Ermənistanın siyasi elitası daha çox mövcud şərtlər daxilində gələcəyə baxmalıdır, keçmişə ilişib qalmaq bu ölkəni daha böyük fəlakətlərə sürükləyə bilər.

Əlbəttə ki, müharibənin izlərini qısa müddətdə silmək çox çətindir. İşğaldan azad olunmuş ərazilərin acınacaqlı durumu, Ermənistanın həyata keçirdiyi hərbi cinayətlərin faciəli nəticələri çox ağır mənəvi-psixoloji mühit yaradıb. Yalnız Ermənistan yeni situasiyanı, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir.

Cənab Prezident bu konfransda həm regional, həm də beynəlxalq məsələlərə son dərəcə peşəkar bir siyasətçi kimi münasibət bildirdi. Orada aydın şəkildə hiss olunurdu ki, qonaqların çoxu böyük heyranlıqla Prezident İlham Əliyevin bu məsələlərə peşəkar münasibət bildirməsini çox yüksək qiymətləndirdilər. Konfransda Prezident İlham Əliyevin toxunduğu məqamlar Azərbaycan həqiqətlərinin təbliği baxımından xüsusi önəm daşıyır. 

Məmmədova Nəzrin Novruz qızı

YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədr müavini