16 aprel 2021 10:36
776

ABŞ-Rusiya gərginliyi nefti bahalaşdırır

ABŞ Rusiya münasibətlərində yenidən gərginlik müşahidə olunur. ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq edə biləcəyini, lakin bunu etməməyi qərara aldığını bəyan edib. Görünən odur ki, hələlik rəsmi Vaşinqton Moskva ilə əsas körpüləri yandırmaq niyyətində deyil.

"İki sahil" xəbər verir ki, bunu Azvision.az -a iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, son açıqlamalar dünya bazarlarına təsirsiz ötüşməyib. Belə ki, artıq Brent markalı neftin 1 barelinin qiyməti 68 dollara yaxınlaşır.

"Son 10 gündə neftin dünya bazar qiyməti 8 faizdən çox bahalaşıb. ABŞ-Rusiya münasibətlərində soyuqlaşma müşahidə edilən son 2 gündə isə “qara qızıl” 5 faiz dəyər qazanıb. Doğrudur, neftin dünya bazar qiymətindəki artımlar ABŞ və Avrozona iqtisadiyyatı ilə bağlı pozitiv mesajların gəlməsi ilə də bağlıdır. Əksər ölkələrdə pandemiyanın üçüncü dalğasının müşahidə olunmasına baxmayaraq, vaksinasiya prosesi investorlarda real sektorda artımla bağlı yeni ümidlər forlamalaşdırıb. Eyni zamanda, OPEK + anlaşmasında mühafizəkar meyillərin qorunub saxlanılması və hasilatın kəskin artımına gedilməməsi də neft bazarındakı tarazlığa müsbət təsir göstərir.

Hələlik qlobal valyuta bazarında “sakitlik” müşahidə olunsa da, regionun əsas dövlətlərinin milli valyutalarına dollar təzyiqi hələ də yumşalmayıb", - deyə deputat qeyd edib.