16 aprel 2021 10:50
442

İnsan və meymunun ximera embrionları yaradılıb

Amerika, ispan və Çin bioloqları insan və makakanın hibrid embrionlarını yaradıblar. Bu rüşeymlər orqanizmdən kənarda 20 günədək yaşayıb.

"İki sahil" RİA Novosti saytına istinadla xəbər verir ki, belə ximera embrionlar alimlərə insanın erkən inkişafını öyrənmək, xəstəliklərin modelləşdirilməsi və yeni dərmanların skrininqi, gələcəkdə isə potensial transplantasiya edilə bilən hüceyrə, toxuma və orqanların yaradılması üçün lazımdır. Tədqiqatın nəticələri “Cell” jurnalında dərc edilib.

Məməlilərdə ilk növlərarası ximera hələ 1970-ci illərdə laboratoriya gəmiriciləri əsasında yaradılıb. Lakin insan hüceyrələrini sahib-orqanizmin hüceyrələrinə tətbiq etməklə həyat qabiliyyətinə malik hibridlər yaratmaq sön dövrlərə qədər mümkün olmayıb.

Ötən il ABŞ-ın Solk Bioloji Tədqiqatlar İnstitutundan alimlər Kunmin Elm və Texnologiya Universitetindən olan çinli həmkarları ilə birlikdə yeni texnologiya yaratdıqdan sonra vəziyyət dəyişdi. Bu texnologiya makakanın ximera embrionlarını ondan kənarda uzun müddət yaşamasına imkan verib.

Tədqiqatın rəhbəri, Solk Bioloji Tədqiqatlar İnstitutunda Gen ekspressiyası laboratoriyasından professor Xuan Karlos İzpisua Belmontenin fikrincə, təkamül şkalası üzrə insanla daha sıx bağlı olan primatlarla ximeraların yaradılması hibridlərın yaradılmasında maneələrin mövcud olub-olmadığını və onların aradan qaldırılması yollarının olub-olmadığını başa düşməyə daha yaxşı kömək edəcək.

Makakanın orqanizmdən kənarda inkişaf edən embrionlarının mövcudluğunun altıncı günündə alimlər onların hər birinə induksiyalı plüripotent hüceyrə xətti ilə insanın 25 kök hüceyrəsini tətbiq ediblər. Bir sutkadan sonra insan hüceyrələri 132 embrionda aşkarlanıb. On gündən sonra 103 ximera embrionu hələ də inkişaf edirmiş. Tezliklə sağ qalma halı azalıb və 19-cu gün yalnız üç ximera qalıb. Lakin vacib odur ki, embrionlar böyüyən zaman insan hüceyrələrinin faizi onlarda yüksək olub. Tədqiqatçılar həm insan, həm də meymunun hüceyrə embrionlarında transkriptom analiz aparıblar və onun nəticələri əsasında ximeralarda bir neçə yeni və ya güclənmiş hüceyrə kommunikasiyası yolunu müəyyənləşdiriblər.

Alimlər ümid edirlər ki, etik nöqteyi-nəzərdən insanlarda aparılması mümkün hesab olunmayan tədqiqatlarda belə ximera embrionlarından istifadə ediləcək.

Tədqiqatçılar növbəti mərhələlərdə növlərarası hüceyrə kommunikasiyasının bütün yollarını ətraflı öyrənməyi, onların arasında bioloji inkişaf nöqteyi-nəzərindən həyati vacib olanları seçməyi planlaşdırırlar.