16 aprel 2021 11:36
977

Gündüz Vətən yolunda şəhid olmağı bacardı

Gündüz Etibar oğlu Əliyev  özünü Vətən, torpaq yolunda fəda edəndə ömrünün 18 ilinə hələ təzə-təzə qədəm qoymuşdu.  Həyatın bu qısa vaxtında insanlığın zinəti  sayılan  saf və ülvi dəyərləri  parlaq  xarakterində cəmləyən  yeniyetmə  ikinci  Qarabağ   döyüşündə  göstərdiyi qəhrəmanlıqla  yaşının çərçivəsinə  sığmayan bir tarix yazdı.  Bu, hünər Lerik rayonunu ucqar dağ kəndi Lodada  dünyaya göz açan  Gündüz Əliyevi bütün Azərbaycana tanıtmaqla, millətin qürur  yerinə döndərdi.

Erməni dığaların  Azərbaycanın ulu, müqəddəs yurd yerləri olan Qarabağ torpaqlarına  ədalətsiz təcavüzü orta  məktəbdə oxuduğu zaman Gündüzü narahat  edirdi.  Odur ki, 2020-ci ilin aprel  çağırışında  Milli Ordu sıralarına   yola düşəndə ürəyində bir istək vardı: nəyin bahasına olursa-olsun  mənfur düşməndən qisas almalı.  Qəlbi  sevdalı Lerikli balası  Tərtərdə   Vətən torpaqlarının keşiyini çəkir. Yaxşı döyüş qabiliyyətinə malik olmaqdan ötrü ilk gündən hərbi hissənin bütün  əməliyyat təlimlərində fəal iştirak edir. Əsgər  yoldaşları, komandirləri  tərəfindən  olduqca cəsur, mərd əsgər, ləyaqətli vətəndaş kimi tanınır.

İgid əsgər Gündüzün düşmənlə ilk vuruş meydanı Tovuz  döyüşləri olur.  Dığalara layiqli cavab  verməklə bir qədər Vətən eşqli ürəyi rahatlıq tapır və qarışdan gələn böyük zəfəri gözləyir...

Vətən müharibəsi başlayan gündən  Gündüz  yağı düşmənə  yenə qalib  gəlmək istəyi ilə odun-alovun içində öndə döyüşür. Qarabağ torpaqların qarış-qarış azad olmasında  böyük fədakarlıq nümunəsi göstərir. Hər dəfə yağı düşmənlə üz-üzə gələndə onların onundan çoxunu məhv edir. Ağır məqamlarda yaralı döyüş yoldaşlarını da müharibə  meydanından çıxarmağı bacarır.   30 sentyabrda  Hadrut istiqamətində gedən döyüşlərdə Vətənin şərəfini, torpağın qürurunu uca tutmaqla şəhidlik zirvəsinə ucalır. Qarabağın  mətin, xilaskar qəhrəman oğlu kimi tarixin yaddaşında  iz qoyur.

Bəli, indi milyonların dilində ən əziz kəlmə Gündüzün adıdır.  Ölümündən sonra layiq görüldüyü  “Vətən uğrunda” medalı dövlətin də öz qəhrəman oğluna sədaqətindən irəli gəlir.

Zəfər Orucoğlu

Azərbaycan Jurnalistlər Birliyinin üzvü