Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşlarının və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin iştirakı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Naxçıvan tarixi abidələr diyarıdır” mövzusunda onlayn tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin elmi katibi Nihad Tarverdiyev qeyd edib ki, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub.
Qeyd olunmuşdur ki, ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri, Ordubadda Gəmiqaya abidələri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir. Orta əsrlərə aid abidələr Qız Qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s. nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir.
Diqqətə çatdırılmışdır ki, dövlətin birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən tədbirlər, həmçinin təşkil edilmiş yerli və xarici arxeoloji ekspedisiyalar nəticəsində muxtar respublika ərazisində yeni tarixi abidələr aşkar edilərək tədqiq olunmuşdur. Bununla yanaşı muxtar respublikanın tarix və mədəniyyət abidələri pasportlaşdırılaraq dövrü və tipoloji mənsubiyyəti müəyyənləşdirilmiş, çoxlu sayda tarixi abidə bərpa olunmuş, tarix və mədəniyyət abidələrinin mühafizəsi təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar tariximizin və mədəni irsimizin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir.
Vurğulanmışdır ki, diyarımızdakı abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr edilməsi yalnız Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Ensiklopediya Naxçıvan abidələrinin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbədir. Son illər nəşr olunan “Naxçıvan tarixi atlası”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincəqala”, “Qarabağlar türbəsi”, “Naxçıvan imamzadələri”, “Naxçıvan hamamları”, “Dədə Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlas”, “Naxçıvan – türk-islam mədəniyyəti abidələri” və başqa çoxsaylı kitablar bu sahədə görülən işlərin ardıcıllığını göstərir.
Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.