16 aprel 2021 12:38
673

Dövlət Agentliyi: 11 min şəhid ailəsinə və qaziyə mənzillər veriləcək

Vətən müharibəsi zamanı şəhid olanların ailələri və əlil olmuş 11 min nəfərin mənzil və fərdi evlərlə təminatı nəzərdə tutulub.

"İki sahil" xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov “Sosial saat” layihəsində çıxışı zamanı deyib.

O bildirib ki, ötən il 1572 nəfər Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzil və fərdi evlərlə təmin edilib: “Cari ilin yanvarın 25-də ölkə başçısının sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsinə dayanmış müharibə əlilləri və şəhid ailələrinin mənzil təminatı ilə bağlı yeni sərəncam imzalandı. Bu sərəncamın ikinci bəndində Vətən müharibəsi zamanı şəhid olan şəxslərin də ailə üzvlərinin, həmçinin Vətən müharibəsi zamanı əlilliyi olmuş şəxslərin mənzil təminatının həyata keçirilməsi tapşırıldı. Bu sərəncam çərçivəsində 11 min nəfərin mənzil və fərdi evlərlə təminatı nəzərdə tutulub.

Prezidentin müvafiq tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olundu. Cari il üçün artıq bu kateqoriyadan olan 3 min şəxsin - müharibə əlilləri, şəhid ailələrinin mənzillərlə təmin olunmasına başlanılıb. Artıq bir neçə yaşayış kompleksində mənzillər verilir, eləcə də fərdi evlərin tikintisinə başlanılır. Əvvəlki illərə nisbətən bu proqramla daha çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillərlə təmin ediləcək”.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi pandemiya dövrünə baxmayaraq gücləndirilmiş iş rejimində çalışıb.