16 aprel 2021 13:53
639

Azərbaycan yeni əməkdaşlıq yolu açıb

Prezidentin Cənubi Qafqazın yeni inkişaf perspektivlərini müəyyənləşdirən siyasətinin alternativi yoxdur

Prezident İlham Əliyevin Azərbaycan torpaqlarının erməni işğalcılarından azad edilməsinə yönəlmiş ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı gücdür. Bu gün Azərbaycanın region ücün yaratdığı yeni reallıqlar regionun sabitliyi ücün hər kəs tərəfindən qəbul edilməli olan ən düzgün yoldur. Bunun üçün Ali Baş Komandan tərəfindən konkret irəli sürülmüş tələblər isə tarixi siyasi əhəmiyyəti ilə yanaşı Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir

Prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq “ adlı beynəlxalq konfransda çıxışı beynəlxalq hüquqa, sülhə , təhlükəsizliyə və Cənubi Qafqazda regional sabitliyə münasibətdə Azərbaycan rəhbərinin baxışının və ədalətli, dəyişməz siyasətinin növbəti nümayişi oldu. Ölkə başçısı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi nailiyyətləri sülhə çevirmək, qazanılmış hərbi qələbəni regionda sabitliyin və rifahın təmin olunması kimi nəcib məqsədlərə yönəltmək istəyini ortaya qoyub. Ali Baş Komandan çıxışında Ermənistanın müharibəyə qədər, müharibə zamanı və müharibədən sonra atdığı addımları, hazırda sülhün güclənməsinə mane olan məqamları və region qarşısında dayanan çağırışları beynəlxalq ekspertlərin diqqətinə çatdırdı. İndi regionun inkişafı strateji prioritetdir. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, loqistika, enerji əməkdaşlığı,ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir. Prezident Azərbaycanın sülhə hazır olduğunu, gələcəyə baxmağın zəruriliyini, lakin Ermənistan rəhbərliyinin sülh razılaşmasının mümkünlüyü barədə hələ də bəyanat vermədiyini qeyd edib.  Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist açıqlamaları və digər məsələlər də  üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən addımlardır.

Ermənistan hələ də Cənubi Qafqazda maraqları olan xarici qüvvələrin regionda  Azərbaycana ədaləti bərpa etməyə imkan verməyəcəkləri xülyasından ayılmayıb. Onlar Ermənistanın işğalının nəticələrini əbədiləşdirməkdən ibarət olan köhnə geosiyasi xəttin  Azərbaycan siyasi rəhbərliyinin qətiyyəti, iradəsi və çox uğurlu dövlət quruculuğu siyasətini davamlı olaraq həyata keçirməsi nəticəsində məhv edildiyini tam anlaya bilməyiblər. Həqiqətən, Azərbaycan faktiki olaraq geosiyasi aspektdə konfrontasiya xəttini sındıraraq, yeni əməkdaşlıq yolu açıb. Yeni geosiyasi reallığın mərkəzi punktunu əməkdaşlıq və təhlükəsizlik təşkil edir. Bu iki faktoru birləşdirən mexanizm isə dialoqdur. Dialoq yeni regional əməkdaşlıq formatını reallaşdırmağa imkan yaradacaq.

Vətən müharibəsində zəfər çalmış Azərbaycan sülh istəyir. Fateh Sultan Mehmetin dediyi kimi bir sülh:” Müharibəni hər kəslə etmək olar, sülh isə yalnız ləyaqətli insanlarla bağlanmalıdır”

Məzahir Bayramov,

YAP Tovuz rayon  təşkilatının sədri