16 aprel 2021 15:11
803

Novruz Nəcəfoğlunun “Karanlık gecenin sesleri” kitabı

Təpədən-dırnağa  qədər ilhamlı  söz adamı olan yazıçı Novruz Nəcəfoğlu   yaratdığı bədii əsərləri ilə  öz oxucusunun ürəyini əla ala bilir.  Yaradıcılıq imkanları geniş, arzuları bir-birindən vüsətli olduğu üçün  Azərbaycanın bədii ədəbiyyatında  tez-tez imzası görünür.  Müqəddəs, ülvi hisslərdən pöhrələnən hekayələri, povestləri, romanları  həyati  olduğuna  görə  oxuyanda adamın ruhu dincəlir, mənəvi bir rahatlıq tapır.  Bir də,  Novruz Nəcəfoğlunun yaradıcılığını oxucuya sevdirən qələmə aldığı  hər hansı bir əsərə  xoş amalla, məhəbbətlə, sözün dəyərini, müqəddəsliyini  uca tutmaqla   yanaşmağıdır.

 N. Nəcəfoğlunun yaradıcılığı qardaş Türkiyədə də  sevilir. Burada ardıcıl nəşr olunan kitabları bunu çox  gözəl göstərir.  Bu günlərdə onun "Karanlık gecenin sesleri" adlı nəsr kitabı Türkiyədə, Türk Ədəbiyyatı Vəqfının təşəbbüsü ilə, "Turay" nəşriyyatında işıq üzü görüb.  

 "Yuxuya gedib gecə", "Bu dərənin uzunu" povestləri, "Çərçivə şəkil",  "Yadigar köynək" və s. hekayələri daxil edilmiş bu kitab  yazıçının qardaş ölkədə  yayımlanan üçüncü əsəridir. Bundan öncə işıq üzü görən “Çarəsiz  yolçu”, “Bəmbəyaz  keçiddə” adlı iki hekayə  kitabı türk söz sərrafları tərəfindən yüksək  səviyyədə bəyənilib. Sevindirici haldır ki,  yazıçının “Bəmbəyaz  keçiddə”  adlı əsəri  ötən illərdə Bozok Universitetinin Filologiya fakültəsində tələbələrə çağdaş Azərbaycan  nəsrinin  ən dəyərli nümunəsi kimi tədris olunub.

 “Karanlık gecenin  sesleri” kitabın ərsəyə gəlməsində Türk Ədəbiyyatı  Vəqfi başqanı Sərhat Kabkiyanın əməyi böyük olmuşdur. Yazıçı-dramaturq Pərvin  kitaba olduqca dəyərli bir ön söz yazmışdır.  Türkcəyə çevirən və təqdimat yazısının müəllifi türkiyəli yazıçı-tərcüməçi İmdat  Avşardır. "Qaranlıq gecənin səsləri" adlı əsərini oxuduqca   sirli bir səslərin  arxasınca, "gecə", "qaranlıq", "yuxu", "səs" və "xatırlama" metaforaları roman qəhrəmanı ilə birlikdə  xəyal aləmində, sirli- sehrli düşüncələr içində sanki keçmişə doğru  uzun bir yol gedirsən. Bu yolun özünəməxsus bir saflıq dünyası olmaqla,  həm də  insana sevgidən, torpağa sevgidən, təbiətə sevgidən...ilahi bir mehr, məhəbbət alırsan.

Əminəm ki, həmişə olduğu kimi,  yeni  kitabıda da   sözə qoyulan hörmətlə, bədii dəyəri ilə  hər bir oxucu üçün maraqlı olar. Heç vaxt  söz qıtlıqdan  əziyyət çəkməyən,  onun  qüdrətinə, gözəlliyinə, saflığına  tapınan  müəllifə isə  yalnız yeni yaradıcılıq uğurları arzulamaq qalır...

Zəfər Orucoğlu

Azərbaycan  Jurnalistlər Birliyinin üzvü