17 aprel 2021 19:28
1147

Təbiətə qayğı insan sağlamlığına qayğıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təbiətin insan sağlamlığında əhəmiyyətindən bəhs edərək deyib: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır”.

Naxçıvan Muxtar Respublikasında təbiətin mühafizəsinə, yaşıllıq sahələrinin artırılmasına xüsusi diqqət və qayğı göstərilir. Muxtar respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət alıb. Hər il yeni meyvə bağları, meşə zolaqları salınır, təbiətin zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Vaxtlı-vaxtında göstərilən aqrotexniki qulluğun nəticəsidir ki, artıq ağaclar məhsul verir.

"İki sahil" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 17-də muxtar respublikada iməciliklər keçirilib, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin kollektivləri Naxçıvan şəhərindəki 55 hektarlıq badam bağında keçirilən iməcilikdə iştirak ediblər. Ötən illər ərzində badam bağında 12 min 800 badam, eləcə də 535 bəzək ağacı əkilib, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, ağaclara aqrotexniki qulluq göstərib, mövsüm ərzində badam bağında işlərin davam etdirilməsi barədə tapşırıq verib.