04 may 2021 15:18
448

Universitetlər arasında Anlaşma Memorandumu imzalanıb

Lənkəran Dövlət Universiteti  bir sıra tanınmış Universitetlərlə əlaqə saxlayır.  Belə  ali təhsil ocaqlardan biri də Meksikanın Anahuas Universitetidir.  Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores 6 iyun 2017-ci il tarixində  cənub mirvarisi Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetinə də baş çəkib. Səfir  məktəbin professor-müəllim heyəti ilə görüşür, onun maddi-texniki bazası ilə ətraflı tanış olur və bundan məmnun  qalır, Meksika Universitetlərilə  Lənkəran Dövlət Universiteti   arasında qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu deyir. LDU-nun rektoru, professor Natiq İbrahimov səfirin təklifinə razılığını bildirir.

Səfərdən sonra LDU ilə Meksikanın Anahuac Universiteti arasında danışıqlar başlanır və əməkdaşlıq müqaviləsinin layihəsi razılaşdırılır. COVİD-19 pandemiyası səbəbindən Anlaşma Memorandumu 27.04.2021-ci il tarixində Lənkəran Dövlət Universiteti və Meksikanın Anahuac Universitetinin rektorları arasında sənədlər dövriyyəsi vasitəsilə onlayn  şəkildə imzalanır.

İmzalanan müqavilədə hər iki universitet arasında müəllim-tələbə mübadiləsinin və akademik əməkdaşlığın inkişaf etməsi nəzərdə tutulub.  Anlaşma Memorandumu 5 il müddətinə qüvvədə qalacaq.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü