06 may 2021 00:59
901

Ermənistanda vəziyyət elə «ermənicədir», «hodri meydan» davam edir

Koçaryan- Sarkisyan- Paşinyan arasındakı savaş gərginləşir

Niyə ermənicə? Onun da səbəbləri var. Bu toplumun dəyişilməz milli xüsusiyyətlərindən biri kiməsə kələk gəlmək, başqasını aldatmaq, yalanlarını doğru kimi qələmə verib məqsədlərinə nail olmaqdır. Tarix boyu bu «qabiliyyətlərini» başqalarına tətbiq etməklə daşnak ideyalarını həyata keçirən «hay»lar indi biri-birilərinə kələk gəlirlər. Yəni, məkrli niyyətlərini məcazına uyğun, «ermənicə» həyata keçirirlər. Başqa sözlə deyilsə, saman altından su yeritmək bacarığı boylarına biçilən ermənilər məkrli siyasətlərini özlərinə tətbiq edirlər. Bu səbəbdən Ermənistanda bu il, iyun ayının 20-də keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkiləri ilə bağlı fikirlər də qalmaqallıdır. Ermənistan Konstitusiyasına əsasən, fəaliyyətdə olan baş nazir istefa verdikdən sonra bu vəzifəyə fraksiyalar tərəfindən irəli sürülən və parlamentdə keçirilən səsvermədə daha çox etimad göstərilən namizədlərdən biri seçilməlidir. Lakin son günlərdə baş tutan iki parlament iclasında deputatlar ümumi rəyə gəlməyiblər. Ermənistan parlamentinin xüsusi iclasında deputatlar Nikol Paşinyanın respublikanın Baş naziri vəzifəsinə yeganə namizədliyini təsdiqləməyiblər. Belə ki, səsvermədə 75 deputat bitərəf qalıb, 3 nəfər əleyhinə, 1 nəfər isə lehinə səs verib. Bununla da Ermənistan parlamentinin buraxılma proseduru daha inandırıcıdır. Parlamentdə ən çox yerə sahib, Paşinyanın tərəfdarlarının çoxluq təşkil etdiyi «Mənim addımım»” fraksiyası səsvermədə bitərəf qalıb, müxalif «Çiçəklənən Ermənistan»” fraksiyası isə iclasda iştirak etməyib. Hakimiyyətə müxalif «Maariflənmiş Ermənistan”» fraksiyası isə Paşinyanın namizədliyinin əleyhinə səs verib. Parlamentdə yaranan çoxtirəlik, Paşinyanın keçmiş prezidentlərlə bağlı açıqlamaları, seçki öncəsi rəqiblərini neytrallaşdırmaq cəhdi bütünlükdə ölkənin siyasi ab-havasını dəyişib. Baş nazir vəzifəsinə yeni namizəd üzrə səsvermə parlamentin mayın 10-na təyin edilən növbədənkənar iclasında keçiriləcək. Əgər Baş nazir seçilməzsə, parlament buraxılmalı və 30 gün sonra, lakin 45 gündən gec olmayaraq növbədəkənar seçkilər keçirilməlidir. Ermənistanda Paşinyanın istefası tələbilə təşkil olunan etiraz aksiyalarında təkcə müxalif qüvvələrin, siyasi partiyaların deyil, elm, mədəniyyət, din xadimlərinin də iştirakı göstərir ki, xəmir hələ çox su aparacaq.

İkinci Qarabağ müharibəsində Azərbaycana məğlub olub, təslimçilik aktına qol çəkən, hələ ki, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu uğursuzluqda özündən əvvəlki sələflərinin də günahkar olduğunu bildirərək, sudan quru çıxmağa çalışır. Növbədənkənar seçkilərdə itirdikləri kreslolarına qayıtmaq istəyində olan eks prezidentlər- Robert Koçaryan və Serj Sarkisyan isə hələ də illərdən bəri qoltuğuna sığındıqları rusiyalı havadarlarına güvənərək siyasi manevrlər edirlər. Bir neçə ildir ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanın tutduğu vəzifəsindən istefası ilə bağlı sərəncamın işğalçı ölkənin prezidenti tərəfindən imzalanması ölkədə onsuz da kritik olan siyasi, ictimai gərginliyi daha da artırıb. Respublikanın siyasi arenasında yer alan partiyalararası qarşıdurmaların mürəkkəbləşməsi, «mənəmlik» iddialarının çoxalması, hazırkı və sabiqlərə məxsus qüvvələrin başqasına güzəştə getməməsi ölkədə onsuz da iflic olan sosial şəraiti daha da ağırlaşdırıb. Keçmiş prezident Serj Sarkisyanı hakimiyyəti dövründə Qarabağla bağlı gizli danışıqlara görə ittiham edən Paşinyan bəzi gizli detalları da açıqlayıb. Paşinyanın bu cəhdinin əsas məqsədi məğlubiyyətini sələflərinin boynuna yükləmək, özünə qarşı yönələn bütün təzyiqləri neytrallaşdırmaqdır. Paşinyan bununla göstərmək istəyir ki, yaranmış vəziyyətdə tək onun günahı olmayıb. Təqsirkar həm də əvvəlki hakimiyyət və onun rəhbərləridirlər.

Ölkədə yaranan gərginliyin bir səbəbi də illərdən bəri davam edən Ermənistan və Dağlıq Qarabağ erməniləri arasındakı savaşdır. Eks-prezident Serj Sarkisyanın iqtidarda olduğu dövrdə hakimiyyətdə «Qarabağ klanı»nın çoxluq təşkil etməsi yerli erməniləri qıcıqlandırırdı. Məhz həmin dövrdə işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması ilə bağlı müəyyən razılaşmalar olub, bir sıra sənədlərə imza atılıb. Paşinyan həmin məqamı indi ortaya atmaqla Robert Koçaryan başda olmaqla «Qarabağ klanı»nı xalq qarşısında nüfuzdan salmağa çalışır. Ermənistanda seçkiöncəsi yaranan ziddiyyətli mərhələdə rəqiblərinə qarşı planlı hücuma başlayan Paşinyanın Serj Sarkisyanla Robert Koçaryana qarşı açdığı savaşın qalibi yerli və Qarabağ erməniləri arasındakı mübarizənin sonluğu ilə bəlli olacaq. Özünə yönələn ittihamlara etirazını rəqiblərinə qarşı cəbhə açmaqla bildirən Paşinyan arxivlərdəki gizlinləri xalqa çatdırmaqla manevr edir. Küşə yürüşləri ilə hakimiyyətə gələn Nikol Paşinyan hakimiyyətdə olduğu dövrdə əhaliyə verdiyi vədlərin heç birini yerinə yetirməyib. Ölkədə bərbad olan sosial şəraiti düzəldəcəyini bildirsə də, insanların həyat tərzinin daha da pisləşməsi Nikola inamı itirib. Erməni lobbisinin ayrılan yardımlardan imtina etməsi, kilsə ilə hakimiyyət arasında yaranan ziddiyyət, Azərbaycan diplomatiyasının, hərbi qüdrətinin işğalçı ölkə üzərindəki Qələbəsi vəziyyəti daha da gərginləşdirir. Belə bir şəraitdə yaşayan Ermənistanın gələcək taleyi kimi, işğalçı ölkənin baş nazirinin kimliyi də müəmmalıdır. Bəlli olan budur ki, Ermənistanda Koçaryan- Sarkisyan- Paşinyan arasındakı hodri-meydan savaşı açıq müstəvidə davam edir.

 Xuraman İsmayılqızı, «İki sahil»