08 may 2021 10:10
1123

Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!

Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Prezident İlham Əliyevin həmin gün səsləndirdiyi bu sözlər indi də qulaqlarda əks-səda verir. 2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz, Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldı. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezidentin Sərəncamı ilə “Zəfər günü” elan edildi.

"İki sahil" xəbər verir ki, AZƏRTAC işğaldan azad olunmuş Şuşanın bugünkü həyatına, bərpası planlarına və qarşıdakı perspektivlərinə nəzər salır.

Doğma torpağın hər qarışı, hər bir şəhər və kəndimiz bizim üçün əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. Buna baxmayaraq Şuşa sınmayıb, əyilməyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə qısa müddətdə Şuşaya iki dəfə səfər edib, Müzəffər Ali Baş Komandan kimi Şuşa şəhərində üçrəngli bayrağımızı ucaldıb. Həmin səfərlərin əks olunduğu fotolar özündə tariximizin möhtəşəm və qürurverici anlarını yaşadır.

İlk səfər zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Prezident Şuşada olarkən bildirdi ki, görkəmli şəxsiyyətlərimizin ermənilər tərəfindən dağıdılan ev-muzeyləri, məqbərələri, eləcə də xan qızı Natəvanın sarayı bərpa ediləcək.

Dövlətimizin başçısı göstəriş verdi ki, Şuşada vaxtilə keçirilən Vaqif Poeziya Günləri və “Xarı bülbül” festivalı bu ildən bərpa olunsun.

Hazırda Şuşanın baş planı hazırlanır. Bütün binaların təftişi aparılıb.

Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də oldular. Müzəffər Ali Baş Komandan burada çıxış edərək dedi ki, Azərbaycanı Şuşasız, Şuşanı isə Cıdır düzü olmadan təsəvvür etmək mümkün deyil. Bir vaxtlar bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunaraq “Yallı” gedən düşmənin indi burada izi-tozu da qalmayıb: “Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi”.

Dövlətimizin başçısının və ailə üzvlərinin Şuşaya Novruz bayramı ərəfəsinə təsadüf edən növbəti səfəri zamanı Cıdır düzündə 28 ildən sonra ilk dəfə bayram tonqalı alovlandırıldı. Prezident İlham Əliyevin tonqal ətrafındakı müraciətindən sitat gətirmək yerinə düşər: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi...”

Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı, qardaş ölkələr – bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin dövlət başçılarının Şuşa haqqında dedikləri də yada düşür.

Azərbaycan Prezidenti İlham Əliyev: “Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”.

Azərbaycanın 44 günlük Vətən müharibəsi hərb tarixinə XXI əsrin müharibəsi kimi yazıldı. İndi dünyanın qabaqcıl ölkələrinin hərb məktəblərində işğalçılara qarşı apardığımız “Dəmir yumruq” əməliyyatı öyrənilir. Şuşa uğrunda döyüşlər bu sırada xüsusi yer tutur. Bu şəhər təbii istehkam olduğundan oraya tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Odur ki, alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, qayalara, dağlara dırmaşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.

Vətən müharibəsi, onun şanlı epizodu olan Şuşa əməliyyatı kimin kim olduğunu göstərdi. Azərbaycan və Ermənistanın bu təkbətək döyüşü “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi, həm düşmənə, həm də dünyaya bizim gücümüzü göstərdi, haqq-ədalətin təntənəsi oldu...

Biz hər il mayın 8-ni Şuşanın işğal günü kimi anırdıq. İndi isə bu günü tam fərqli ovqatda, nikbin əhval-ruhiyyə ilə qeyd edirik. Bundan sonra 8 noyabr - Zəfər Gününü bayram edəcəyik. Oktyabrın 4-ü təqvimə Cəbrayılın, oktyabrın 9-u Hadrutun, oktyabrın 17-si Füzulinin, oktyabrın 20-si Zəngilanın, oktyabrın 25-i Qubadlının, noyabrın 8-i Şuşanın, noyabrın 20-si Ağdamın, noyabrın 25-i Kəlbəcərin və dekabrın 1-i Laçının azad olunduğu gün kimi yazıldı.

Əlbəttə, ermənilərin torpaqlarımızda törətdikləri vandalizmi, 30 illik işğal tarixini də unutmaq olmaz. Bu gün Füzulidən Şuşaya yeni yol çəkilir. “Zəfər yolu” adlanan bu yol Azərbaycan əsgərinin öz qanı-canı bahasına açdığı cığırların izi ilə salınır.

Düşmənin viran qoyduğu Qarabağımızın yaraları tədricən sağalacaq, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Xalqımız bundan sonra əzəli yurd yerlərimizdə əbədi yaşayacaq.

Şuşa bizimdir! Qarabağ Azərbaycandır!