08 may 2021 13:27
1042

Yaqub Məmmədov AXC-Müsavat cütlüyünün Şuşanı satmasını belə ifşa etmişdi VİDEO

Şuşamızın Ermənistan tərəfindən işğal edilməsi tarixini qeyd etmək ənənəsi artıq bitdi. Bu ildən artıq yalnız və yalnız Qələbə, Zəfər günləri qeyd edilir. Amma tariximizi də unutmamalıyıq. Ermənistanın çığallığı, qeyri-konstruktivliyi, dünyanın ədalətsizliyi, ikili standartlılığı nəticəsində xalqımız Şuşamızdan 28 il ayrı qaldı. Bəlkə də cəmiyyətimizdə elə insanlar var idi ki, artıq işğalla barışmışdı, Şuşanın nə zamansa, azad olunacağına inanmırdı. Hətta, Əli Kərimli, Cəmil Həsənli kimilər elə bir ictimai rəy formalaşdırmağa çalışırdılar ki, sanki xalqımız bir daha Şuşanı görməyəcək. Əslində, onların belə bir təbliğat aparmağa bəhanələri də var idi.

Çünki 1992-ci ildə hakimiyyəti ələ keçirmək üçün Şuşanı satmaları faktını gizlətməyə çalışırdılar. Düşünürdülər ki, onların Şuşanı satma əməllərinin üzərindən 29 il ötüb və o dövrdəki reallığı bilməyən gənclik yetişib. Bu səbəbdən də, həyasızcasına özləri barədə "vətənpərvər", "döyüşkən partiya" imici yaradırdılar. Hətta, şəhidlərimizi "cəbhəçi" deyib partiyalılığına görə bölməyi də yaddan çıxarmırdılar. Lakin müzəffər Ali Baş Komandan erməni lobbisinin və "5-ci kolon"un "Qarabağsız Azərbaycan" təbliğatını alt-üst etdi və məhz, Əli Kərimlinin, Cəmil Həsənlinin aldatmağa çalışdığı həmin gənclik Prezidenti ilə birlikdə hər kəsin ümidlərini doğrultdu, xalqı Şuşaya, Qarabağa qaytardı. Şuşanın, Qarabağın azad edilməsi xalqımıza sevinc, fəxarət, qürur hissi yaşatmaqla yanaşı, o dövrdə kreslo naminə Vətənini satmış Əli Kərimli kimi xainləri də ifşa etdi. İfşa faktları barədə çox danışmaq və mənbələr göstərmək olar.

Amma bu dəfə diqqətinizə AXC-Müsavat cütlüyünün guya müdafiəsini təşkil etdiyi Şuşanın satılması ərəfəsində İranda səfərdə olmuş, sonradan ölkəyə qayıdaraq Şuşanın işğal olunması faktına görə müraciət yaymış Yaqub Məmmədovun sözlərini təqdim edirəm. Bir daha diqqətlə baxaq və düşünək. Düşünək ki, bu gün hakimiyyətə gəlmək üçün xalqı aldatmağa çalışan Əli Kərimli kimilər xalqımızın, dövlətimizin başına hansı oyunları açıblar. Sual edək ki, hansı haqla Əli Kərimli AXC rəsmisi olaraq may ayının 5-də ABŞ prezidentinə məktub yazıb, onları hakimiyyətə gətirmək üçün yalvarıb? Niyə Şuşanı müdafiəsiz qoyub, könüllüləri də qırğına verib? Sonda qərar verin ki, Əli Kərimli kimilər Şuşaya, Laçına, Kəlbəcərə görə məhkəmə qarşısında durmalıdır, ya yox? Vətənə xəyanətinə görə cəzasını almalıdır, ya yox..!

Ramil Vəlibəyov"İki sahil"