08 may 2021 22:58
922

Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır - Deputat

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “İki sahil”ə müsahibəsində ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb.

- Vüqar müəllim, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini necə ümumiləşdirərdiniz?

- Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, bir sözlə, cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. Həmçinin Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsində ictimai-siyası həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində də önəmli islahatlar aparıldı. İqtisadiyyatın inkişafı üçün yaxın dövrdə nəzərdə tutulan tədbirlər ilə yanaşı, strateji proqramlar və layihələrin işlənib hazırlanmasına və reallaşmasına diqqət artırıldı. Bununla da Ümummilli Liderin siyasi rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının uzunmüddətli dövr üçün strateji hədəfləri müəyyənləşdirildi. Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül qısa zamanda aradan qadırıldı. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olundu. Qarşıdakı onillər üçün nəzərdə tutulan islahatlar Azərbaycan iqtisadiyyatının inkişaf trayektoriyalarını müəyyənləşdirdi. Dahi şəxsiyyətin strarteji proqramları iqtisadi tənəzzülün qısa zamanda aradan qaldırılmasına, liberal iqtisadi islahatlar yolu ilə mülkiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoymasına, sənaye, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu. Qeyri-neft sektorunun inkişaf etdirilməsi kontekstində neft sənayesinin bərpası, ölkəyə valyuta daxilolmalarının artırılması, bazar iqtisadiyyatına keçidin başlıca amili olan sahibkarlığın inkişafı üçün iqtisadi, hüquqi baza formalaşdırıldı. Özəl sahəyə göstərilən dəstək əsas hədəf kimi diqqətdə saxlanıldı. Liberal iqtisadiyyatın, sosial ədalət prinsiplərinin fonunda ölkənin iqtisadi müstəqilliyinin qorunması istiqamətində ardıcıl kompleks proqramlar həyata keçirildi. MDB məkanında ilk dəfə olaraq torpaq islahatı, yeni mülkiyyət növlərinin  inkişafı, sosial ədalət və sosial təminat sisteminin formalaşması və gücləndirilməsi, eləcə də Azərbaycanın dayanıqlı inkişafa nail olunması üçün xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Bu islahatlar strateji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı.

- Təbii ki, hər bir ölkənin inkişafında siyasi müstəqillik kimi önəmli olan  iqtisadi müstəqillik  əsas rol oynayır. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının reallaşması ölkəmizin beynəlxalq aləmdə tanınması imkanlarını artırdı. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Ulu Öndərin müəllifi olduğu neft strategiyası ölkəmizin qarşısında geniş imkanlar açdı. Belə ki, qısa müddətdən sonra 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilə imzalandı. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ərsəyə gələn bu anlaşma Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin qorunub saxlanmasında böyük əhəmiyyətə  malik olmaqla, qarşıdakı onillər üçün ölkənin valyuta ehtiyatlarının formalaşmasını təmin etdi. Azərbaycanın təşəbbüsü ilə reallaşan şaxələndirilmiş enerji diplomatiyası ölkəmizi  dünyanın enerji bazarında etibarlı tərəfdaşa çevirdi. Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi faktora çevrildi. Azərbaycan artıq dünyanın enerji təhlükəsizliyinə töhfvə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüansa diqqət yetirək. Qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi. Geosiyasi mövqelərimizi möhkəmləndirən bu müqavilə, eyni zamanda, Azərbaycan iqtisadiyyatına, əhalinin sosial rifahına ciddi pozitiv təsirlər göstərdi. Belə ki, “Əsrin müqaviləsi” ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə də əsas sərmayələr ölkə iqtisadiyyatının digər sferalarına və sosial problemlərin həllinə istiqamətləndirildi. Beləliklə, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. Atəşkəs sazişi və “Əsrin müqaviləsi” nəticəsində ölkə iqtisadiyyatının ən uzunmüddətli tənəzzül prosesi dayandırıldı və 1995-ci ildən başlayaraq tərəqqi meyilləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1995-ci ildə 11.8% kiçilmişdisə 1996-cı ildə 1.3% artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə  Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarında təmsil olundu, neft gəlirləri ölkənin inkişafına, infrastrukturun bərpasına və sosial imkanların genişlənməsinə, büdcə gəlirlərinin artmasına yönəldildi. Bu gün isə Azərbaycan artıq regionun ən inkişaf etmiş ölkəsidir. Bildiyimiz kimi, Azərbaycan regional proseslərə təsir imkanlarına malik olan dövlətdir. 1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq, bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 375 milyon manat idi. Ötən müddətdə isə ümumi daxili məhsulun həcmi 4.5 dəfə artıb.  O dövrdə  cəmi 100 milyon manat olan büdcə gəlirlərimiz ildən-ilə artdı. Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qitələri dolaşan “Əsrin müqaviləsi”nin coğrafiyası dövlətçilik və milli maraqlarımıza uyğun  genişləndirildi. Bu da təbii ki, birbaşa ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu ki, Azərbaycan o zaman zəif ölkə olmasına baxmayaraq “Əsrin müqaviləsi”ni öz maraqları çərçivəsində hazırlayıb imzalaya bildi.

- Bildiyimiz kimi, 2003-cü ildən başlanan yol ulu öndər Heydər Əliyev yolunun davamı kimi xarakterizə olunur. Sizcə, ötən 17 ildən artıq dövr Azərbaycanın tarixinə hansı uğurlu səhifələri yazıb?

- Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadiyyatında əldə edilən uğurları iki mərhələ üzrə qruplaşdırmaq mümkündür. Belə ki, 1993-2003-cü illəri əhatə edən birinci mərhələdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət tənəzzülün aradan qaldırılmasına, stabilliyin və iqtisadi inkişafın formalaşmasına imkan yaratdı. Bu mərhələdə əldə edilən uğurlar növbəti dövrdə Azərbaycanda sürətli iqtisadi inkişafın reallaşmasına baza formalaşdırdı. 2003-cü ildən sonrakı 17 ildən artıq fəaliyyəti dövründə Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dayanıqlı və inklüziv iqtisadi inkişafın qorunub saxlanması, ölkəmizin regional və qlobal məsələlərdə mövqeyinin daha da gücləndirilməsi və müasir çağırışlara uyğun yeni iqtisadi modelin formalaşmasına nail olundu. Hətta pandemiya dövrü olmasına baxmayaraq, ölkə başçısı cənab İlham Əliyevin təkcə cari ilin ötən dövrü ərzində gördüyü işlərə diqqət yetirmək kifayətdir. Belə ki, dünyanı bürüyən pandemiya hər bir ölkənin iqtisadi və sosial imkanlarını ortaya qoydu. Dövlət başçısının Sərəncamı əsasında Nazirlər Kabinetinin 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının ehtiva olunduğu Tədbirlər Proqramının təsdiqlənməsi ölkə Prezidentinin hər zaman olduğu kimi, bu gün də vətəndaşının yanında olduğunu təsdiqlədi. Bu gün xalqımız tam əmindir ki,  Ulu Öndər yolu Azərbaycana hələ bundan sonra da daha böyük uğurlar qazandıracaq, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini reallaşdıracaq.

Mənsumə Babayeva, “İki sahil”