09 may 2021 00:58
856

Faşizm üzərində qələbədə Bakı nefti əsas rol oynadı

Almaniya və İtaliyada meydana gələn faşizm təkcə bu ölkələrin özləri üçün deyil, bütün insanlıq üçün təhlükə idi. II Dünya müharibəsi illəri XX əsrdə bəşəriyyət üçün ağır və olduqca dəhşətli dövr oldu.

1939-cu il sentyabrın 1-də faşist Almaniyası “Barbarossa” adlanan ildırım sürətli planı əsasında Polşanı işğal etdi. Bununla da bəşəriyyət tarixinin ən qanlı müharibəsi - II Dünya müharibəsi başladı. 22 iyun 1941-ci ildə nasist Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum etdi.

Müharibə illərində Sovet İttifaqının neft hasilatı müəssisələrinin 80 faizdən çoxu Bakı ətrafında yerləşdiyindən Hitler qoşunlarının hücumuna məruz qalan ilk ölkələrdən biri məhz Azərbaycan oldu. Hətta Qafqaz Döyüşü zamanı almanlara Bakını və neft istehsal olunan bölgələri ələ keçirmək tapşırığı belə verilmişdi. Faşist Almaniyasının Bakını ələ keçirtməyə çalışması təsadüfi deyildi. Çünki Azərbaycan Sovet ordusunun 70 faiz neft, 80 faiz yanacaq və 90 faiz sürtkü materialını təmin edirdi. Əlbəttə, yanacaqsız və bu cür dəstək olmadan  müharibədə qələbə qazanmaq mümkün deyildi. Prezident İlham Əliyev 2019-cu ilin oktyabrında MDB-nin Aşqabad Sammitindəki çıxışında qələbədə böyük rol oynayan Bakı neftinə və Hitlerin planına diqqət çəkərək bildirmişdir: “Hitlerə üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış tort verirlər (Xəzər dənizinin sərhədlərinə qara rəngli şokolad süzülüb), o, svastikanı əlinə götürür və “Bakı” sözü yazılmış yerə qoyur. Bu, faşistlərin Azərbaycanın neft yataqlarını tutmaq planını vurğulayır”.

Sözügedən müharibə zamanı akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzininin alınması üçün yeni texnologiya yaradıldı. Beləliklə də neftçilərimizin əzmi, fədakarlığı, əməyi sayəsində 1941-ci ildə Azərbaycan tarixində rekord miqdarda neft 23,5 milyon ton “qara qızıl” hasil olundu. Bu, SSRİ-də istehsal olunan bütün neftin 71,4 faizini təşkil edirdi. İndi bu rəqəmlərə istinad edib əminliklə deyə bilərik ki, Bakı nefti faşizm üzərində qələbədə əsas amillərdən biri olub. Təkcə beş təyyarədən dördünün, beş tankdan beşinin Bakı benzini ilə işlədiyini söyləmək fikrimizi əsalandırmaq üçün kifayət edər . Bəhs etdiyimiz illər ərzində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə ən böyük qəhrəmanlıq və cəsarət nümunələri nümayiş etdirdi. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstəsi yaradıldı. O dövrdə respublikada iqtisadiyyatın cəbhəyə xidmət etməsini təmin etmək üçün çox işlər görüldü. Ümumiyyətlə, yüngül və yeyinti sənayesi cəbhə üçün işləməyə başladı.

II Dünya müharibəsində Azərbaycandan 600 mindən çox insan iştirak edib. Onlardan 128 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına (p.s onlardan üç nəfəri bu ada iki dəfə layiq görülüb), 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medallarına layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, general-mayorlar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbala Zeynalov daha neçə-neçə qəhrəmanlar xalqımızın şərəfli tarixinə əbədi həkk olunan şəxslərdir. Təkcə Azərbaycanda deyil, keçmiş SSRİ ölkələrində də bir çox şəhərlərdə (Taqanroq, Yalta, Sevastopol) hələ də Azərbaycan qəhrəmanlarının şərəfinə ucaldılmış memorial abidələr var.

Bu gün Böyük Vətən müharibəsi veteranları Azərbaycanda dövlət tərəfindən hərtərəfli dəstək görürlər. Müasir Azərbaycan gəncliyi qəhrəmanlarını həmişə xatırlayır. Azərbaycan üçün faşizm üzərində Qələbə günü – 9 May ən əlamətdar milli bayramlardan biridir. Həmin gün respublikada II Dünya müharibəsində həlak olmuş şəxslərin xatirəsi ehtiramla yad olunur, müharibə veteranları təbrik edilir.

Günel Eyyubova, “İki sahil”