09 may 2021 01:59
836

Qarabağın ilk regional radio kanalı olan “CBC FM”in məqsəd və vəzifələri nələr olacaq? - AÇIQLAMA

Qarabağın ilk regional radio kanalı olan “CBC FM” yayıma başlayıb.

102.7 MHs işçi tezliyində dinləyicilərin ixtiyarında olacaq “CBC FM”də gün ərzində hər saatın əvvəli bir neçə dildə 8 xəbər buraxılışı təqdim edəcək. Fasiləsiz olaraq radio kanalda Azərbaycan həqiqətlərini əks etdirən verilişlər, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi tərənnüm edən faydalı layihələr və paralel olaraq, CBC telekanalının proqramları da yayımlanacaq. Dinləyicilərin asudə vaxtlarının səmərəli təşkili üçün radio kanalda musiqi və audiokitablar təqdim olunacaq. “CBC FM”də yayımlanan verilişləri internet üzərindən izləmək də mümkündür.

"İki sahil" xəbər verir ki, “Caspian International Broadcoasting Company” MMC-nin baş direktoru Vüqar Xəlilov “CBC FM”in fəaliyyətə başlaması ilə bağlı fikirlərini bölüşüb: “Qarabağın ilk regional radio kanalı olmaqdan qürur duyuruq. Bu tarixi missiyanın bizə həvalə edilməsi məsuliyyətimizi birə beş artırır. Ümid edirik ki, operativ və dəqiq xəbərlərlə, maarifləndirici verilişlərlə və zövqlü musiqi ilə hər bir dinləyicimizin ürəyinə yol tapacağıq”.

Vüqar Xəlilov radiokanalın qarşısında duran məqsəd və vəzifələrdən də bəhs edib: “Dinləyicilərin rəğbətini qazanmaq üçün daim zamanla ayaqlaşmaq lazımdır. Eyni zamanda, unutmamalıyıq ki, əsas məqsədimiz Azərbaycan haqqında məlumatların çatdırılmasıdır. Heç kəsə sirr deyil ki, Azərbaycan müxtəlif millətlər və dini icma nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı multikultural ölkədir. Bunu da hər kəsin nəzərinə çatdırmaq və göstərmək lazımdır”.