Yevlaxda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib.
"İki sahil" xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbir Bəşir Səfəroğlu adına Xalq Teatrının binasında mövcud karantin rejiminin tələblərinə uyğun qaydada davam etdirilib. Çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyev tarixi şəxsiyyət olmaqdan əlavə, həm də tarix yaradan şəxsiyyətdir. Sovetlər birliyi dövründə Heydər Əliyevin gərgin əməyi və böyük fədakarlıqları nəticəsində Azərbaycanda bütün sahələrdə müsbət dəyişikliklər əldə edilib, ölkə müasirləşib və xalqımızın rifahı, yaşam səviyyəsi qat-qat artıb. Ulu Öndərin quruculuq fəaliyyəti Azərbaycanın bütün bölgələri kimi, Yevlax rayonunda da özünü aydın göstərir. Heydər Əliyevin səyləri nəticəsində ötən əsrin 70-ci illərindən etibarən Yevlax bütün Qafqazın ən güclü sənaye mərkəzlərindən birinə çevrilib.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişini xilaskarlıq missiyası kimi səciyyələndirən natiqlər qeyd ediblər ki, məhz bu qayıdış nəticəsində dövlət və xalq böyük bəlalardan qurtuldu, Azərbaycan məhv olmaqdan xilas edildi. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin digər şah əsəri isə onun yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Prezident İlham Əliyev bu məktəbi, irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirir, daha da gücləndirir.
Diqqətə çatdırılıb ki, uzun illər davam edən Qarabağ münaqişəsi Ali Baş Komandanın müzəffər sərkərdəliyi ilə 44 gün ərzində tam zəfərlə başa çatdı. Prezident İlham Əliyevin azad edilmiş Qarabağda ucaltdığı müqəddəs bayrağımız həm şəhidlərimizin, həm də Ulu Öndərimizin ruhlarına ən böyük ehtiram abidələridir. Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib.
Sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb, “Heydər Əliyev–98” intellektual bilik yarışmasının qaliblərinə kubok təqdim olunub. Tədbirin sonunda Yevlax rayon mədəniyyət işçiləri ədəbi–bədii kompozisiya ilə çıxış ediblər.