18 may 2021 13:18
781

FHN yanında İctimai şuranın ilk iclası keçirilib

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə Fövqəladə Hallar Nazirliyinin yanında İctimai şuranın üzvləri ilə görüşüb.

FHN-in mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, nazir müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına xüsusi diqqət və qayğısından söz açıb, qeyri-hökumət təşkilatlarının cəmiyyətdə oynadığı rolun əhəmiyyətindən danışıb. F.Tağızadə nazirlik yanında yeni yaradılmış İctimai şuranın fövqəladə halların idarə edilməsi ilə əlaqədar müvafiq rəy və təkliflərinin nəzərə alınacağını bildirib, ictimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Sonra Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası işə başlayıb. Təşkilati məsələlər müzakirə edilib, səsvermə keçirilib. İki il fəaliyyət göstərəcək İctimai şuraya Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən Fuad Hacızadə sədr, FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov sədr müavini, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Vəfa Abbasova isə katib seçilib.

İclasda müxtəlif məsələlər müzakirə edilib. Şura üzvləri tərəfindən FHN-in ölkə əhalisinin təbii və texnogen hadisələrdən qorunması sahəsində gördüyü işlərdən bəhs edilib, nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq rəy və təkliflərin təqdim edilməsi, şura üzvlərinin əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi istiqamətində FHN-in həyata keçirdiyi tədbirlərdə yaxından iştirakı və digər təkliflər səsləndirilib.