18 may 2021 14:25
647

Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər

Dövlət Gömrük Komitəsinin Akademiyasında X-Ray təsvirlərinin analizinə dair təhlükəsizlik sistemləri ilə bağlı “RENFUL” şirkətinin mütəxəssisləri tərəfindən “Təlimçilərin təlimi” kursu və operator kursları başlayıb.

“İki sahil” xəbər verir ki, 17-19 may tarixlərində keçirilən “Təlimçilərin təlimi” kursu, 20-21 may və 24-26 may tarixlərində keçiriləcək operator kursları Akademiyada xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla ənənəvi formada təşkil olunub.

Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlim iştirakçıları və “RENFUL” şirkətinin nümayəndələri ilə görüşüb.

Qulu Novruzov qonaqları və təlim iştirakçılarını salamlayaraq, onları Akademiyada görməkdən məmnun olduğunu bildirib. Pandemiya səbəbi ilə 2020-ci ilin mart ayından etibarən bütün dünyada olduğu kimi, Azərbaycanda da xüsusi karantin rejimi tətbiq olunduğunu və onlayn tədrisə keçildiyini deyən Akademiya rəisi gömrük əməkdaşları üçün təlimlərin də ənənəvi formatda müvəqqəti olaraq dayandırıldığını və 2020-ci ilin dekabrından onlayn formatda davam etdirildiyini qeyd edib.

Akademiyanın onlayn tədrislə bağlı kifayət qədər zəngin təcrübəsi olduğunu vurğulayan Qulu Novruzov Azərbaycan ali təhsil müəssisələri içərisində distant dərsləri yüksək səviyyədə təşkil edən, tələbələrin dərs davamiyyətinin yüksək olduğu iki ali məktəbdən birinin Gömrük Akademiyası olduğunu deyib. Akademiyadakı ixtisas proqramları haqda danışan Qulu Novruzov hazırda dörd bakalavriat, iki magistratura proqramı üzrə ixtisaslı kadrların hazırlandığını vurğulayıb. Akademiyada son illərdə görülən işlərə, 2018-ci ildən başlayaraq ümumilikdə DGK-da aparılan islahatlara toxunan Akademiya rəisi bu inkişafın Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun xalqımıza qələbə sevinci yaşatdığını deyib.

Akademiya rəisi təlimdə iştirak edən gömrük əməkdaşlarına uğurlar arzulayıb.

“RENFUL” şirkətinin Məhsul dəstəyi və tətbiqi üzrə mütəxəssisi İvan Rodrigez proqram haqqında məlumat verərək, şəxsi təcrübəsindən çıxış etdiyini deyib. O, proqramdan istifadənin nəticəsinin müsbət olduğunu bildirərək, gömrük əməkdaşlarının məmnun qalacaqlarına əminliyini diqqətə çatdırıb.

Şirkətin məsləhətçisi və Biznesin inkişafı üzrə koordinatoru Vilayət Məmmədov sözügedən proqramın 72 ölkədə istifadə olunduğunu bildirib. O, proqramın gömrük sistemində fəaliyyətin qurulmasında bütün ölkələrdə müsbət nəticələr verdiyini qeyd edib.

Görüşdən sonra “Təlimçilərin təlimi” kursu başlayıb.

Qeyd edək ki, bununla yanaşı, gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə, 17-22 may tarixlərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının və Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Gömrük işi sahəsində aşkar edilmiş cinayətlərin rəsmiləşdirilməsi xüsusiyyətləri və bu növ cinayətlər üzrə ibtidai araşdırma aparılmasının aktual aspektləri” mövzusunda onlayn təlim başlayıb.

Həmçinin, 17 may-30 iyun tarixlərində Akademiyada Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxsləri üçün onlayn formada ixtisasartırma təlimləri keçirilir.

Bundan əlavə, sərhəddə xidmət aparan gömrük əməkdaşlarının xarici dil biliklərinin artırılması məqsədilə, gömrük sərhəd buraxılış məntəqələrinin əməkdaşları üçün 20 may tarixindən 18 iyun tarixədək “İşgüzar ingilis dili bacarıqlarının artırılması” mövzusunda onlayn formada təlim keçiriləcək.