04 iyun 2021 20:44
881

Şəhidlik zirvəsinə ucalan həmkarlarımızın hər biri bizim üçün böyük itkidir - VİDEO

Qarabağda xidməti ezamiyyətdə olan AZƏRTAC-ın müxbiri Məhərrəm Əlioğlunun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun minaya düşərək həlak olması  xəbəri  “İki sahil” qəzetinin kollektivini də sarsıtdı.

Azərbaycanın  cahanşümul  Qələbəsi  başa çatan 44 günlük Vətən müharibəsindən  sonra Ermənistanın Qarabağda törətdiyi vandalizmi lentə alaraq və yazıya köçürərək  dünya ictimaiyyətinə təqdim edən həmkarlarımız  erməni məkrinin qurbanı oldular.  Çox təəssüf  ki, beynəlxalq təşkilatlar  həmişə  olduğu  kimi, bu dəfə də baş vermiş faciəni susqunluqla qarşılayırlar.

Jurnalistlərə qarşı törədilmiş vandalizm aktının əsl səbəbkarı şübhəsiz, Ermənistandır. Çünki təcavüzkar Ermənistan müharibənin başa çatmasından 7 ay keçməsinə baxmayaraq  hələ  də azad  edilmiş  rayonlarda minalanmış sahələrlə bağlı  xəritələri  təqdim etməkdən imtina edir. Bununla da məqsədyönlü şəkildə insanların həyatını təhlükə altında qoyur. Beynəlxalq insan hüquqları təşkilatları, media təsisatları jurnalistlərə qarşı  törədilmiş  insanlığa sığmayan cinayət əməlinə görə ən sərt formada bəyanatlar verməli, Ermənistana ciddi təziq göstərməlidirlər.

Biz hər iki həmkarımızın  Vətən müharibəsinin ilk günündən cəbhə xəttinə yollanaraq hərbi əməliyyatların gedişini işıqlandırmasını, Ermənistan ordusunun mülki insanları hədəfə alması barədə birbaşa hadisə yerindən xəbərlərini, reportajlarını  izləmişik və  göstərdikləri  peşəkarlığın, eyni zamanda, fədakarlığın şahidləri olmuşuq.   Onların əziz  xatirəsi  həmişə qəlbimizdə yaşayacaqdır.

“İki sahil” qəzetinin  kollektivi olaraq düşmən minasına düşərək şəhadətə ucalan həmkarlarımız Məhərrəm Əlioğlunun və  Sirac Abışovun ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, həlak olan jurnalistlərə Allahdan rəhmət diləyirik.