10 iyun 2021 22:56
607

İbadətə gələnlər hansı qaydalara riayət etməlidirlər? VİDEO

Həmdulla Babayev: Verilən tövsiyələrə əsasən məscidin girişində məlumat lövhələri asmışıq

Bir ildən çoxdur ki, Azərbaycanda dini ibadət yerləri və ziyarətgahların fəaliyyəti məhdudlaşdırılmış, kütləvi ibadətlər və tədbirlər dayandırılmışdı. Buna koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan sərt karantin tədbirləri səbəb olmuşdu.

Son vaxtlar ölkəmizdə koronavirusa yoluxanların sayında azalmanın müşahidə edilməsi karantin qaydalarının yumşaldılması ilə nəticələnib. Bir çox sahələrə qoyulan qadağalar götürülüb, bəzi sahələrdə həyat əvvəlki axarına qayıdıb. Bütün bunların fonunda Azərbaycanda fəaliyyətinə qadağa qoyulan məscidlər, ziyarətgahlar və digər ibadət ocaqlarının fəaliyyətini müəyyən şərtlərlə nə vaxt bərpa edəcəyi böyük maraqla gözlənilirdi.

Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində verilən qərara əsasən, iyunun 10-dan etibarən məscidlər və digər ibadət yerlərinin fəaliyyətinə icazə verilir. Qaydalara əsasən, məscidləri və digər ibadət yerlərini ziyarət edənlər mütləq COVID-19 pasportunu və ya COVID-19 immun sertifikatını təqdim etməlidirlər. Eyni zamanda, maska taxmaq, antiseptik vasitələrdən istifadə etmək məcburidir, görüşərkən əl sıxmaq olmaz. Sözügedən yerlərə daxil olduqda, həmçinin hər bir şəxsin hərarəti ölçülür və bundan sonra içəri buraxılır. Dini və digər mərasimlərin keçirildiyi binalarda 50 nəfərdən çox adam olmamalıdır.

Mövzu ilə əlaqədar “İki sahil”in çəkiliş qrupu “Əjdərbəy” məscidində oldu. Bakı şəhərinin Nəsimi rayonunda yerləşən bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı ilə tanınmış, sonradan “Əjdərbəy məscidi” adlandırılmışdır. Bu məscidin əsası Hacı Əjdərbəy Aşurbəyov tərəfindən qoyulub. Əjdər bəy rəhmətə getdikdən sonra məscidə onun adı verilib. Eyni zamanda, məbədin günbəzi göy rəngdə olduğundan xalq arasında ona “Göy məscid” də deyilir. Sovet hakimiyyəti illərində “Əjdərbəy” məscidi də repressiyaya məruz qalmış, lakin II Dünya müharibəsindən sonra yenidən dindarların istifadəsinə verilmişdir. 2010-cu ildə Prezident İlham Əliyev “Əjdərbəy” məscidinin bərpası ilə əlaqədar tədbirlər haqqında müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, məsciddə yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə aparılması üçün dövlət büdcəsində Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. 2011-ci il dekabrın 22-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Əjdərbəy” məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Ümumi sahəsi 4 min kv. metr olan “Əjdərbəy” məscidinin həyətində ibadət üçün xüsusi sahə də ayrılıb. “Əndərun” adlanan həmin yerin üstü örtülüb, burada Mədinədəki “Peyğəmbər məscidi”ndə olduğu kimi, hərəkətli tavanlar quraşdırılıb. Divarlar və sütunlara Qurani-Kərimdən ayələr yazılıb, dini rəmzlərlə bəzədilib. Divarlarda və günbəz altında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunub. Müasir işıqlandırma və havalandırma sistemlərinin quraşdırıldığı məscidin girişində Əjdərbəy Aşurbəyovun məzarı yerləşir. Burada qadınlar üçün də ayrıca ibadət yeri yaradılmışdır.

Qafqaz Müsəlmanları İdarəsinin məsul əməkdaşı, “Əjdərbəy” məscidinin dini icmasının sədri və axundu Həmdulla Babayev çəkiliş qrupumuza açıqlamasında söylədi ki, iyunun 10-u sübh namazından artıq məscidlər açılıb: “Bu da olduqca sevindirici bir hadisədir. Qafqaz Müsəlmanları İdarəsindən verilən tövsiyələrə əsasən, biz məscidin girişində məlumat lövhələri asmışıq. Lövhələrdə göstərilir ki, məscidə ziyarətə və ya namaz qılmağa gələn insanlar hansı qaydalara riayət etməlidirlər. İnsanlar burada dezinfeksiya vasitələrindən istifadə etməli, tibbi maska taxmalı, sosial məsafə saxlamalıdırlar. Bu qaydalar isə koronavirus pandemiyasına görə təbii ki, müvəqqəti xarakter daşıyır. Məsciddə, eyni zamanda, 50 nəfərdən artıq adam olmamalıdır. Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir. Bu qaydalara hər kəs riayət etməlidir.”

H.Babayev qeyd etdi ki, “Əjdərbəy” məscidinin özəlliyi ondan ibarətdir ki, iki məzhəblidir: “Bu məsciddə şiələr, sünnilər eyni vaxtda namaz qılırlar. Bu məscid 1902-ci ildə Əfşarilər sülələsinin nəslindən olan Hacı Əjdərbəy Aşurbəyov tərəfindən tikdirilib. Onun ən böyük arzusu şiələrlə sünnilərin vəhdətini təşkil etmək olub. Rəhmətlik Hacı Əjdər bəy məscidi tikdirərkən məramı belə olur ki, bura üz tutan şiələr və sünnilər birlikdə namaz qılsınlar. Elə belə də olur və bu ənənə bu günə qədər də qorunub saxlanılır. Hazırda məsciddə İslam dininin hər iki məzhəbindən olan müsəlmanlar birlikdə namaz qılırlar.”

H.Babayev bildirdi ki, bu məsciddə şiə imamla sünni imam bir yerdə, əsl müsəlman kimi çalışır: “Yəni, heç bir çətinliyimiz olmayıb. Burada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin də böyük zəhməti var. Onun qoyduğu yol, verdiyi tövsiyələr bizə qol-qanad verir. Pandemiya dövrünə qədər “Əjdərbəy” məscidində Cümə namazında bir gündə 3000 nəfər adam namaz qılırdı. Bu məscid 2011-ci ildə Prezident İlham Əliyev təşəbbüsü ilə tam olaraq yenidən qurulub. Bu bərpa və yenidənqurmadan sonra məscidin tutumu 500 nəfərdən 3000 nəfərə qaldırılıb.”

“Əjdərbəy” məscidinin imamı İlham Səlimov “İki sahil”ə açıqlamasında bu müqəddəs məbədin 1 il 4 aylıq fasilədən sonra fəaliyyətə başlamasını böyük sevinc hissi ilə qarşıladığını qeyd edib: “Bizim ibadət yerlərimiz artıq fəaliyyətdədir. İyunun 10-dan etibarən Azərbaycanda məscidlərin qapıları insanların üzünə açılıb. Bu, çox sevindirici haldır. Biz bunu çoxdan gözləyirdik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 10-u səhər çağından insanların məscidlərə gəlişi başlayıb. Yəni, biz ara məsafəsi saxlayaraq ibadətlərimizi yerinə yetirəcəyik. Məscidlərin fəaliyyətə başlaması xalqımızı olduqca sevindirir. Dövlətimizə təşəkkür edirik. Dua edirik ki, Allah xalqımıza heç vaxt ağrılı-acılı günlər göstərməsin. Biz Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Böyük Zəfərdən, Qələbədən sonra artıq məscidlərimizdə ölkəmizin bütövlüyü, azadlığı üçün daim dualar edəcəyik. Ümidvarıq ki, inşallah yaxın gələcəkdə pandemiyadan əvvəlki  həyata qayıdacağıq.”

Cavid Əkbərov,
Samir Paşayev (foto),
“İki sahil”