18 iyun 2021 10:59
701

Vətəninə şöhrət olan qəhrəman İmaməli FOTO

İmaməli Şəfəqqət oğlu Əhədzadə  bu işıqlı dünyaya  Lənkəran şəhərində gəlmişdi.  O, Vətənini, xalqını öz canından artıq sevirdi. İnsan həyatının  dəyərin də el-obaya  təmənnasız  xidmətdə  görürdü.  Lap kiçik yaşlardan vətənpərvər, qeyrətli   böyümüşdü.   18 yaşına çatanda  yaşadığı cəmiyyətdə hamı onu  xalq üçün çalışan, xeyirxah məqsədlərə can atan  Vətəninə bağlı  bir gənc kimi tanıyırdı.

 2015-ci ildə İmaməlini   Milli Ordu sıralarına çağırırlar. Ürəyinin istəyini əsas götürərək  cəbhə bölgəsində  xidmət etmək istəyir. Belə də olur. Vətənini canından əziz bilən İmaməli  məqamı gələndə onun daşına belə qurban getməyə and içir.  Və ilk gündən vətəndaşı  olduğu  Azərbaycanın  qarşısında  övladlıq borcunu şərəflə verir.  Həm də  İmaməlinin  son dərəcə  mərdliyi, cəsurluğu, vətənpərvərliyi, ağıllı davranışı  komandirlərində, əsgər yoldaşlarında ona böyük inam, etibar yaradır.  Hər əməli insanlıqdan, millətə sevgisindən  xəbər verir.   Torpaqları düşmən tapdağında olan Qarabağın taleyi   onu  daha çox düşündürür.  Əsgər  yoldaşları ilə danışanda qəlbindəki qəzəblə bərabər, çəkdiyi əzablarda  dilə gəlir.  Daxili bir hiss- Vətən, torpaq naminə öyrənmək həvəsi onu  hərbi təlimlərin qalib döyüşçü  edir.  İmaməlinin 2016-cı ildə baş vermiş Aprel döyüşlərində  Lələ-təpənin və strateji mövqelərin alınmasında  hünəri böyük olur. Beləcə Vətəni sevə-sevə, yağıya nifrət bəsləyə-bəsləyə    2017-ci ilin aprel ayında xidmətini nümunəvi başa vurub  evinə, ata-anasının yanına qayıdır. 

27 sentyabr 2020-ci il tarixindən başlayan və 44 gün davam edən, xalqımıza zəfər sevinci  gətirən II Qarabağ müharibəsinə könüllü qoşulan  İmaməli  Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edir, yüksək şücaət göstərir.  Əynində cəngavər  libası Füzuli- Cəbrayıl istiqamətində  yağı düşməni lərzəyə salır,  neçə-neçə  erməni faşıstin, texnikasının  axırına  çıxır.  Hər müharibə meydanına girəndə azad olmuş Vətən torpaqları ona yeni güc verir. Torpaq  uğrunda  can qoyub mərdliklə şəhid olan anda da İmaməli əsgər yoldaşlarını  qələbəyə səsləyir.  O qələbəyə  ki, artıq  biz  onun hesabına bütün dünyada qəhrəman xalq olduğumuzu  sübut etdik.

 İndi Lənkəran  camaatı İmaməlinin keçdiyi şərəfli ömür yoluna  əsl qəhrəmanlıq məktəbi kimi baxırlar. Onunla qürur duyur, belə bir ömür yaşamağı müqəddəslik  sayırlar. Dövlət də öz növbəsində  İmaməli Əhədzadənin torpaqların azadlığı uğrunda rəşadətini nəzərə alaraq onu ölümündən sonra  “Füzulinin azad olunmasına görə”,  "Vətən uğrunda" medallarına layiq  görmüşdür.  

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü