22 iyun 2021 22:24
1570

Ermənistan dərk edəcək ki, firəvan gələcək qonşu ölkələrlə əməkdaşlıqdan keçir - Şəbnəm Həsənova

«Ermənistanda gözlənilən növbədənkənar parlament seçkiləri nəhayət ki, yekunlaşdı və Baş nazir funksiyasını yerinə yetirən, Qərbin, birbaşa Sorosun xeyir-duası ilə hakimiyyətə gələn Nikol Paşinyan qalib gəldi. O Paşinyan ki, 10 noyabr 2020-ci il Bəyanatında imzası var… Bütün bu reallıqlar kontekstindən və məsələyə seçkilərin nəticəsinin geniş, daha dərin təhlili baxımından yanaşsaq əminliklə deyə bilərik ki, regionda Prezident İlham Əliyevin yaratdığı reallıqdan kənar bir reallığın mövcud olmadığı bir daha sübuta yetdi. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. İnkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bu gün demək olar ki, Ermənistan bir dövlət, xalq və cəmiyyət olaraq olduqca ağır durumdadır.»

Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Şəbnəm Həsənova qeyd edib ki, illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ermənistanın işğalçılıq siyasətini ifşa etmək istiqamətində hərtərəfli iş gördü. Əməli addımların nəticəsidir ki, «məğlubedilməz erməni ordusu» mifi artıq yoxdur. Bununla yanaşı, əldə etdiyimiz Qələbə sadəcə döyüş meydanı ilə məhdudlaşmır. Ermənilər illər ərzində öz havadarlarının əli ilə dünya mediasında Azərbaycanın əleyhinə iş görürdülər. Lakin Azərbaycan xalqının milli maraqlarını əsas götürərək Azərbaycan həqiqətlərini ən ali beynəlxalq kürsülərdən çatdıran ölkə başçımız bu məkirli əməllərin də qarşısını almağa müvəffəq oldu.

Şəbnəm Həsənova qeyd edib ki, ulu öndər Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» fikirini əsas götürən Prezident İlham Əliyev Azərbaycanı iqtisadi cəhətdən gücləndirərək bölgənin güclü dövləti etdi, Ermənistanı isə dalan dövlətə çevirdi. Ölkə başçımız bu siyasətini də çəkinmədən bütün dünyaya bəyan edirdi ki, nə qədər ki, Ermənistan işğala son qoymayacaq, onu blokada vəziyyətində saxlayacağıq. Beləliklə də bütün bu illər ərzində Azərbaycan regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi.

Ş.Həsənova vurğulayıb ki, seçkilərin yekunu onu deməyə əsas verir ki, ölkə başçımız R.Koçaryan və S.Sarkisyanı təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məhv etdi. Erməni xalqının R.Koçaryan-S.Sarkisyanın simasında insanların beynini zəhərləyərək onlara düşmənçilik aşılayan revanşist qüvvələri tarixin tozlu səhifələrinə göndərməsi göstərdi ki, Ermənistan dünənə yox, gələcəyə səs verdi. Bununla da xalq müharibəyə, revanşist fikirlərə və Qarabağ avantürasına «yox» dedi. Xaricdən hər cür dəstək alsa da Koçaryan hakimiyyətə qayıda bilmədi. "Ermənistan" blokunun rəhbəri, cani, korrupsioner, əli azərbaycanlıların qanına batmış Robert Koçaryanın bütün regionu təhlükə altına ala biləcək çirkin planları məhv oldu. Bunu məhv edən isə Azərbaycan Prezidenti İlham Əliyevin geniş səbri, əzmi, iradəsi, şəxsi keyfiyyətləri və nüfuzudur.  2016-cı ilin aprelində Azərbaycan Ordusuna məğlubiyyət Sarkisyan rejiminin sonu oldusa, 2020-ci il müharibəsində məğlubiyyətİ isə revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik kəsdi. Bu gün əslində Ermənistanda yaşanan xaos sadəcə müharibədə məğlub olmağın yox, illərlə ermənilərin təcrid siyasətindən əziyyət çəkərək sosial vəziyyətlərinin ağırlaşmasının da əyani təzahürüdür.

Ş.Həsənova diqqətə çatdırıb ki, Paşinyan qalib gəldi. O, 10 noyabr 2020-ci il Bəyanatına imza atmış şəxsdir və artıq müharibənin onlara nə verdiyini gözəl bilir. Azərbaycanın gücünü və qüdrətini hər kəs görür. Eyni zamanda, Türkiyə dövlətinin nüfuzu, gücü bütün dünyaya bəllidir. Bu reallıqlar kontekstindən çıxış edərək Ermənistan da Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışmalıdır. Zəngəzur dəhlizi məsələsində konkret addımlar atmalıdır. Bu da erməni xalqına və regiona müsbət dividentlər qazandıracaq. Nəqliyyat dəhlizlərinin açılması, iqtisadiyyatın dirçəlməsi nəticəsində güzəranı yaxşılaşan Ermənistan dərk edəcək ki, firəvan gələcək qonşu ölkələrlə əməkdaşlıqdan keçir.

Şəmsiyyə Əliqızı, «İki sahil»