23 iyun 2021 12:17
845

Ölkəmizin sağlam və firavan gələcəyi öz əlimizdədir

2020-ci ildə bütün dünyanı bürümüş “COVID-19” pandemiyası təəssüf ki, ölkəmizdən də yan keçməyib. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, qısa müddətdə modul tipli xəstəxanalar inşa edərək, əlavə laboratoriyaların ölkəyə gətirilməsinə nail olaraq, dezinfeksiyaedici məhsullar istehsal edən zavodları açaraq və digər qabaqlayıcı addımların atılması ilə effektiv mübarizə metodu ortaya qoymuşdur. Pandemiyanın ilk günlərində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dediyi sözləri xatırlatmaq yəqin ki, yerinə düşər: “Səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə, epidemiyanın yayılmasının qarşısını ala bilmədilər”. Doğrudan da inkişaf etmiş bir çox ölkələrdə xəstəxanalar dolub-daşdı, səhiyyə sistemi çökdü, hətta bəzi ölkələr xəstələr arasında seçim etmək məcburiyyətində qaldı. Azərbaycanda isə vəziyyət daim nəzarət altında saxlanıldı. Hətta yoluxma saylarının ən yüksək olduğu günlərdə belə heç bir pasient diqqətdən kənarda saxlanılmadı. Dövlət dəstəyi bütün sahələrdə daim özünü büruzə verdi. Qeyd edək ki, pandemiyaya qarşı ciddi mübarizə tədbirləri hələ də davam etdirilir. Bu səbəbdəndir ki, Azərbaycan pandemiya ilə mübarizədə dünyada ən uğurlu ölkələr sırasındadır.

Ölkəmizdə yanvar ayının 18-dən vaksinasiya prosesinə start verilmiş  və prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülmüşdür. Məlumat üçün bildirək ki, bu günə qədər ölkəmizdə 3 milyona yaxın vətəndaş vaksinasiya prosesinə cəlb olunmuşdur. Bundan sonra da prosesin sürətlə davam etdiriləcəyinə inamımız ən yüksək səviyyədədir. Çünki hər kəs qəbul etməlidir ki, dünyanın, ölkəmizin və daha dar çərçivədə fərdlərin normal həyat şəraitinə qayıtmasının tək şərti vaksin olunmaqdır. Başqa cür bu dəhşətli pandemiyadan yaxa qurtarmaq mümkün deyil. Hər hansı bir ölkənin sadəcə özünü, öz vətəndaşlarını vaksinlə təmin etməsi belə pandemiyanın yekunlaşmasına gətirib çıxara bilməz. Ancaq dünya əhalisinin 70 faizindən çoxunun vaksin olunması halında biz pandemiyaya qalib gələ bilərik. Diqqət edilərsə burada dünyanın hansı yarım kürəsinin ya da hansı ölkəsinin vaksin olunmasından söhbət getmir. Burada ümumi əhalinin vaksin olunmasından söhbət gedir. Əlbəttə ki, bunu qeyd etməyimiz də səbəbsiz deyil. Bəzi böyük dövlətlər düşünür ki, onun öz sərhədləri daxilində vətəndaşlarını vaksinlə təmin etməsi pandemiyadan qurtulmağına kömək edəcək. Ancaq bunun belə olmadığını özləri də görürlər. Digər bir tərəfdən bəzi ölkələr ehtiyaclarından dəfələrlə çox vaksin sifariş edərək az inkişaf etmiş ölkələrin vaksinə olan tələbatının ödənilməsinə imkan vermirlər. Bu da daha böyük problemlərin yaranmasına şərait yaradır. Beləliklə, bütün məsələlərdə olduğu kimi, vaksinasiyada da ədalət prinsipinə riayət olunması əsas vəzifələrdəndir. Ölkə başçımızın da dəfələrlə vurğuladığı kimi “vaksin millətçiliyi” qəbul edilməzdir. Bu çərçivədən baxıldıqda Azərbaycan dövlətinin pandemiya ilə mübarizə çərçivəsində ortaya qoyduğu mübarizə modeli həqiqətən də dünya miqyasında ən yaxşılardandır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən Prezidentimizə ünvanlanan məktubda yer alan fikirlərdən də başa düşmək olur. 23 mart tarixli məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Beləliklə, Azərbaycan hökümətinin gördüyü işlər dünya səviyyəsində də layiqli qiymətini almışdır.

Sonda bir daha xatırlatmaq istərdim ki, hazırda ölkəmizdə vaksinasiya prosesi uğurla davam etdirilir. Vətandaşlarımız qarşısında dörd fərqli vaksin seçimi var ki, onların hər biri yüksək keyfiyyəti və effektivliyi ilə seçilir. Hər bir vətəndaşımız da özünün, ailəsinin, yaxın ətrafının və eləcə də ölkəmizin gələcəyi üçün bu prosesdə iştirak etməli və ölkəmizin sağlam, firavan  gələcəyinin təminatında rol oynamalıdır.

Rauf Əliyev, 

Pirallahı rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi