23 iyun 2021 13:16
745

Azərbaycan Qız qalası su anbarından kanal çəkməyi planlaşdırır

“Düşmən əraziləri minalayıb və bu, ciddi təhlükə mənbəyidir”.

“İki sahil” xəbər verir ki, bunu bu gün Ağdam şəhərində səfərdə olan Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Baş nazirin müavini bu gün də vətəndaşlarımızın, hərbçilərimizin mina partlayışları nəticəsində həlak olduğunu, yaralandığını deyib: “Biz bu məsələni nəzərə almalıyıq. Ərazilər minalardan təmizləndikcə, su təsərrüfatı obyektlərinin də təmiri və bərpası işlərinə başlamalıyıq. Bir sıra su təsərrüfatı obyektlərində artıq minalardan təmizlənmə işləri həyata keçirilib. Məsələn, Xaçınçay kifayət qədər böyük su anbarıdır, 23 milyon kubmetr su tutur və hazırda anbar doludur. Eyni zamanda Köndələnçay üzərində 3 su anbarı var. Prezident İlham Əliyev Aşağı Köndələnçay su anbarında olub, Köndələnçay-1, Köndələnçay-2 su anbarları da var. Bu su anbarları da artıq minalardan tam təmizlənib. Hətta müayinələr də aparılıb. Artıq “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihələndirmə işləri aparılır və biz qısa müddətdə təmir-bərpa aparılması üçün bütün işləri görürük”.

Ş. Mustafayev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı əsas istiqamətlərdən biridir: “Bu baxımdan suvarma suyu ilə təminat prioritet təşkil edir. Bu baxımdan biz əlavə tədbirlər də görəcəyik. Yeni kanalların tikintisi də nəzərdən keçirilir. Məsələn, Araz çayı üzərində Qız qalası su anbarı inşa olunub. 2016-cı ildən İran İslam Respublikası ilə imzalanmış saziş əsasında həm Xudafərin, həm Qız qalası su anbarında 50 faiz pay Azərbaycanındır. Azərbaycanın Qız qalası su anbarından yeni su kanalı tikmək və anbardan saniyədə 50 kubmetr su götürmək hüququ var. Bu məsələyə də baxılacaq. Layihələndirmə işlərinə də başlayacağıq ki, suvarmanın təminatı üçün bu imkanlardan istifadə edək”.