23 iyun 2021 16:18
855

UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib FOTO

İyunun 23-də  Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə  YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov gəncləri ali təhsil ocağında yaradılan şəraitlə tanış edib.  Universitetin həyətində yaradılan,  gəncləri vətənpərvərliyə, milli ruha səsləyən “Şəhidlər ölməz, Vətən bölünməz!” xatirə kompleksindən  başlanan tanışlıq  akt  zalında  tədbirin keçirilməsi ilə davam edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ali təhsil ocağının yeniliklərindən, təhsilin keyfiyyətini yüksəltmək üçün atılan addımlardan geniş bəhs edərək bildirib ki, universitet dünya ali təhsil bazarında "UNEC” brendi olaraq çıxış edəcəyini ictimaiyyətə bəyan etdi: “Yeni mərhələdə universitet, ilk növbədə, tədrisin keyfiyyətinin yüksəldilməsini prioritet olaraq seçdi və bu istiqamətdə tədris prosesinin elektronlaşdırılmasına, informasiya təminatının yaxşılaşdırılmasına, şəffaflığın artırılmasına, elmi-pedaqoji heyətin gücləndirilməsinə, tədris plan və proqramlarının modernləşdirilməsinə və beynəlxalq mübadilə və ikili diplom proqramlarında iştirakın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.”

Rektor beynəlxalq ikili diplom proqramları üzrə tədrisdən, tələbə məmnunluğunun artırılmasından, yeni dövrün çağırışlarından geniş bəhs edib. Rəqəmsal iqtisadiyyat qurulduğunu önə çəkən rektor  rəqəmsal təhsilə keçidin qaçılmaz olduğunu bildirib.

Görüşdə bu əminlik də ifadə edilib ki,  ölkəmizin inkişaf edən iqtisadiyyatı və güclənən beynəlxalq nüfuzu sayəsində yaxın gələcəkdə UNEC dünya universitetlərinin reytinq siyahılarında Vətənimizi daha yüksək yerlərdə təmsil edəcək, Prezident İlham Əliyevin universitet qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirərək Azərbaycanın inkişafına böyük töhfələr verəcək.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov görüşün yüksək səviyyədə təşkilinə, onlara tanışlıq üçün yaradılan gözəl şəraitə görə Universitetin rektoru, YAP İdarə Heyətinin üzvü  Ədalət  Muradova təşəkkürünü bildirərək bu inamını ifadə edib ki, universitetdə  imza atılan  yeniliklər fonunda hədəflərə qısa zamanda nail olunacaq, hər zaman olduğu kimi,   fəal gənclər arasında Azərbaycan Dövlət  İqtisad Universitetinin  tələbələri və məzunları çoxluq  təşkil edəcək: “Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin  yeni formalaşmış tərkibində də  İqtisad Universitetinin  məzunları çoxluq təşkil edir. Bu göstərici bir çox məqamları özündə ehtiva edir. Universitetdə yaradılan şərait, səsləndirdiyiniz  çağırışlar gənclərə diqqət və qayğının təzahürüdür.  Gənclərə belə şəraitin yaradılması onların üzərinə böyük məsuliyyət qoyur.  Onlar bu imkanlardan bəhrələnərək daha böyük  bilik qazanmaq,  gələcəkdə ölkənin inkişafına töhfələr vermək imkanındadırlar.”

Diskussiya şəklində davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, Universitetlə əməkdaşlığın yeni layihələrin icrası ilə  davam etdiriləcəyinə əminlik ifadə edilib.