24 iyun 2021 00:25
756

Türkiyəli rəqiblə döyüşəcək kikboksçumuz: Dostluq və qardaşlıq qalib gəlsin - VİDEO

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə iyunun 26-da onun rəqibi olacaq türkiyəli idmançı Mehmet Özərə dostluq mesajı ünvanlayıb.

“İki sahil” xəbər verir ki, “Demirören Haber Ajansı”na açıqlama verən dünya çempionumuz döyüşün İstanbuldakı Akın Döyüş Arenasında baş tutacağını söyləyib.

“Bu mənin 59-cu peşəkar döyüşüm olacaq. 57 döyüşdə qalib olmuşam, təəssüf ki, yalnız bir dəfə rinqi məğlub tərk etmişəm. Rəqibim türkiyəlidir, Mehmet Özər. Güclü və layiq olan qazansın. İnşallah maraqlı bir döyüş olacaq. Qalib gələn dostluq və qardaşlıq olsun. Bu, bizim üçün bir yoldaşlıq görüşü olacaq və məşq xarakteri daşıyacaq. Biz hər zaman Türkiyənin arxasındayıq, həmçinin Türkiyə də bizə böyük dayaqdır. Əlbəttə ki, rinqdə bir-birimizə rəqibik. Döyüş bitəndən sonra isə qardaş kimi bir masa arxasında əyləşib çörək kəsəcəyik”, - deyə azərbaycanlı kikboksçu vurğulayıb.

Qarşıdakı hədəflərindən bəhs edən idmançımız bildirib ki, “Glory Kickboxing” dünyanın ən böyük turniri sayılır və hazırda mübarizəsini orada aparır: “Mənim hədəfim bu turnirin kəmərini qazanmaqdır. Qismət olarsa, kəməri Azərbaycana və Türkiyəyə gətirmək istərdim. Bu kəməri əldə etmək üçün ardıcıl dörd döyüşdə məğlub olmadan qalib gəlmək lazımdır. Bu da rəqiblərində asılıdır. Sonuncu, beşinci döyüş kəməri qazanmaq uğrunda təşkil edilən döyüş hesab olunur”.