24 iyun 2021 12:33
731

Filippində hərbi helikopter qəzası: 6 ölü

Filippin Hərbi Hava Qüvvələrinə məxsus “Black Hawk” hərbi helikopteri paytaxt Maniladan şimalda, “Klark” aviabazası yaxınlığında qəzaya uğrayıb.

"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələri gecə təlimlərində iştirak edən helikopterin qəzaya uğraması nəticəsində azı altı nəfərin həlak olduğu barədə məlumat yayıb.

Qurumun bəyanatında bildirilir ki, həlak olan ekipaj üzvlərinin adları ailələrinə lazımi qaydada məlumat verildikdən sonra açıqlanacaq. İnsidentin təfərrüatlarının və qəzanın səbəblərinin müəyyən edilməsi üçün təhqiqat aparılacaq və araşdırmanın sonunadək digər “Black Hawk” helikopterlərinin uçuşları dayandırılacaq.

Qəzaya uğrayan helikopter ötən il Filippin Hərbi Hava Qüvvələrinin sərəncamına verilən altı “Black Hawk” helikopterindən biridir. Bu seriyadan olan daha beş helikopter isə bu ilin iyun ayında alınıb.