24 iyun 2021 13:30
619

Satqınlığı və xəyanəti vətənpərvərlik libasında edən sabotajçılar... VİDEO

2020-ci ilin iyul ayında Ermənistan Azərbaycan ilə sərhəddə hərbi təxribat törətdi. Nəticədə şəhidlərimiz, yaralılarımız oldu. 30 ilə yaxın müddətdə Qarabağ həsrətində olan xalq küçələrə axışdı, müharibə istədi, Ali Baş Komandandan əmr xahiş etdi. Azərbaycanda səslənən müharibə sədaları, hətta, ABŞ-da, Avropada, Rusiyada belə səslənirdi. Səfirliklər, konsulluqlar azərbaycanlıların müdafiə etdiyi qalalara çevrilmişdi. Belə bir şəraitdə milli birlik mütləq idi, lakin hər zaman olduğu kimi bu hadisələr zamanı da oyunu pozan AXCP, Müsavat, Milli Şura oldu. Təsəvvür edin ki, Sevinc Osmanqızı azərbaycanlıları “bandit, xuliqan” adlandırır, Qənimət Zahid, Cəmil Həsənli Ermənistanı müdafiə edir, Əli Kərimli isə Bakıda hakimiyyəti qəsb etmək üçün çırmanmışdı.

Hər kəs xatırlayır ki, 2020-ci ilin 14 iyul tarixində axşam saatlarında gənclər dövlətə və orduya dəstək aksiyası təşkil etdi, Şəhidlər Xiyabanı qarşısında toplaşdı. Emosional kütlənin enerjisini Qarabağın azadlığına deyil, məhz Milli Məclisin tutulması ilə hakimiyyətin zəbt edilməsinə yönəltməyə çalışan AXCP sədri Əli Kərimli təxribatçı emissarı “qazi” Asif Yusiflini də əraziyə göndərmişdi. Niyə məhz Asif Yusifli? Çünki sosial şəbəkələrdə Asif Yusifliyə “qazi” yarlığı yapışdırılmışdı. Tutulsaydı, “qaziliyindən” istifadə edərək vəziyyətdən çıxa bilərdi. Yaxud da ki, emosional kütləni “qaziyəm” deyib, yönəldə bilərdi.

Əli Kərimli hər şeyi hesablamışdı, hətta Asif Yusifli aksiya başlanandan “facebook” hesabında canlı yayım da edir, AXCP üzvlərini təyin edilmiş məntəqəyə dəvət edirdi. Məhz, həmin dəvət olunanlardan biri də 2019-cu ildən AXCP üzvü olmuş Şəmsi Kəsəmənli idi ki, o da Milli Məclisin qarşısına gəlmişdi. O, sonradan çəkdiyi peşmançılıq videosunda deyirdi ki, onları Milli Məclisin önünə Asif Yusifli çağırmışdı ki, Milli Məclisin binasını tutacaqlar, Əli Kərimli də prezident olacaq. AXCP üzvü Şəmsi Kəsəmənli bildirirdi ki, Asif Yusifli Əli Kərimlinin göstərişi olmadan Milli Məclisin "işğal" olunması barədə çağırış etməzdi. Beləliklə də, AXC(P) sədri Əli Kərimlinin "desantlarına" rəhbərlik edən Asif Yusifli kimi sabotajçılar Qarabağ deyən xalqı 28 il öncə olduğu kimi Milli Məclisə istiqamətləndirdi. Yenə də dağıtdılar, sındırdılar, bağırdılar, polisə daş, butulka atdılar, maşınları aşırdılar, xəsarət yetirdilər. 28 il öncəki vəhşilikləri təkrarlasalar da, hakimiyyəti zəbt etməklə bağlı çevriliş cəhdləri alınmadı. AXC(P) adlı bir qurum və onun sabotajçıları növbəti dəfə dövlətə, xalqa, milli ideyamıza xəyanət etdilər. Onlar xaincəsinə arxadan bıçaq zərbəsi vurmaqla düşmən sevindirdilər, Ordumuza xəyanət etdilər.

Göründüyü kimi, AXCP 28 ildən sonra yenidən sabotaj tarixini təkrarlanmaq istədi. Yenidən AXC(P) xalqın enerjisini şəxsi və qrup mənafelərinin təminatına, hakimiyyət iddialarının reallaşdırılmasına yönəltdi, təxribat törətdi, dövlət çevrilişinə cəhd etdi. Bu səbəbdən də onların vətənpərlik libası altında təxribatları və sabotajları xalq tərəfindən qınanıldı, onlar məhkəmə qarşısına çıxarıldı, amma onlara qarşı çox humanist davranıldı. Halbuki, ABŞ-da Kapitoliyaya hücum edənlər güllələndi, terrorçu kimi məhkəmə önünə çıxarıldılar. İctimaiyyət də sual edir ki, nə üçün dünyanın ən demokratik dövləti olan ABŞ Kapitoliya binasına hücum edənləri terrorçu adlandırır, amma Azərbaycanda sadəcə müttəhim? Necə olur ki, Kapitoliya binasına daxil olan qadını polis yerindəcə güllələyir, öldürür, lakin kimsə bunu anti-insani adlandırmır. Amma Azərbaycanda polis dövlət əmlakına zərər vuran, polisə daş atan təxribatçıları sadəcə həbs edəndə hər kəsin dili uzanır, bəyanatlar, hesabatlar yazılır?

Bu arada onu da qeyd edim ki, artıq ABŞ-da məhkəmə “Kapitoliya hücumu” işi ilə bağlı qərar çıxarmağa başlayıb, hətta, ilk hökmünü də verib. Hadisə ilə bağlı saxlanılan İndiana ştatından 49 yaşlı Anna Morqan Lloyd 3 il şərti həbs cəzası alıb. Bu müddət ərzində o, silah daşımaqdan məhrum ediləcək, həmçinin 120 saat ictimai işlə məşğul olacaq və 500 dollar cərimə ödəyəcək. Anna Morqan Lloyd məhkəmədə deyib ki, əməlindən peşmandır, Amerika xalqı və ailəsi qarşısında üzr istəyir.

Elə Azərbaycanda da məhkəmə humanist davrandı və dövlət çevrilişinə cəhd etmiş AXCP üzvlərinə şərti həbs cəzası verdi. Əslində isə həmin şəxslər ən ağır həbs cəzasına layiq idilər. AXCP-nin psevdovətənpərvər üzvləri Anna Morqan Lloyddan fərqli olaraq xalqdan üzr istəmədilər. Onlar bir daha belə iş tutacaqlarına söz vermədilər. Əksinə, Qənimət Zahidin körükləməsi ilə AXCP sədri Əli Kərimli, onun müşaviri İlham Hüseyn, Milli Şura sədri Cəmil Həsənli həyasız bir şəkildə Milli Məclisi dağıdanları qəhrəman, vətənpərvər adlandırdılar, dövlət çevrilişinə cəhd əməllərini alqışladılar. Bu da onu sübut edir ki, AXCP-Milli Şura hakimiyyəti zorla zəbt etmək niyyətindən əl çəkmək fikrində deyil və imkan, şans olacağı təqdirdə bu cinayət əməlini yenidən törədəcəklər.

Azərbaycan xalqı bilməlidir ki, AXCP, Müsavat, Milli Şura kimi “5-ci kolon”un elementləri, radikallar, dağıdıcılar bütün çirkin niyyətlərini vətənpərvərlik libası altında edirlər. Əgər AXCP-dən uzaqlaşmış şəxslərin ifadələrini, video çıxışlarını dinləsəniz, faktları eşitsəniz o zaman həmin vətənpərvər libası altında tam bir iblis xislətinin yatdığını görəcəksiniz. İmkan vermək olmaz ki, sabit, sakit, rifah dövlətimizi, dövlətçiliyimizi məhz etsinlər, əsrimizin əliheydər qarayevləri milli dövlətimizi düşmənlərə satsınlar...

Ramil Vəlibəyov