24 iyun 2021 15:26
429

Bir qrup şəxsə qarşı dələduzluq edən şirkət rəhbəri həbs olunub

İyunun 18-də Baş Prokurorluğun “İnstagram” sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilərkən ayrı-ayrı şəxslər tərəfindən Klara Cəfərovanın Avropada işə düzəltmək adı ilə onlardan və digər şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi barədə müraciətlər daxil olub.

“İki sahil” xəbər verir ki,  Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilib ki, bir qrup şəxsin “Poseidon Talents Consulting” MMC-nin direktoru Klara Cəfərova tərəfindən xarici ölkələrə göndərilməsi, təyyarə biletlərinin alınması, viza və sığorta sənədlərlə təmin edilməsi adı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi 10 epizod üzrə müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi faktına görə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
İyunun 19-da Klara Cəfərova həmin Məcəllənin 178.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd olunan cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq, iş materialları ilə tanış etmə həyata keçirilir. Qısa müddət ərzində cinayət işinin məhkəməyə göndərilməsi nəzərdə tutulub.
Eyni zamanda bildiririk ki, digər 14 zərərçəkmiş şəxsin Klara Cəfərovanın qanunsuz hərəkətlərinə dair müraciətləri ilə bağlı daha bir cinayət işi ayrılmaqla, hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.