24 iyun 2021 15:54
1147

FHN Akademiyası ilə Bakı Musiqi Akademiyası arasında müqavilə imzalanıb

Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) arasında birgə əməkdaşlıq barədə müqavilənin imzalanma mərasimi olub.

“İki sahil” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev və BMA rektoru, professor Fərhad Bədəlbəyli iştirak ediblər.

BMA-da keçirilən tədbirdə çıxış edən rektor F.Bədəlbəyli FHN Akademiyasının nümayəndə heyətini Akademiyada görməkdən məmnun olduğunu bildirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verən professor vurğulayıb ki, imzalanan müqavilə ilə qarşılıqlı əlaqələr hər iki tərəf üçün faydalı olacaq.

FHN Akademiyasının rəisi B.Salayev də görüşdən məmnunluğunu ifadə edərək rəhbəri olduğu ali təhsil ocağı barədə məlumat verib, imzalanmış sənədin əhəmiyyətindən danışıb. B.Salayev qeyd edib ki, Akademiyada mədəni-kütləvi tədbirlər zamanı müxtəlif səpkili musiqi nümunələrinin ifa edilməsi, Dövlət himninin, təntənəli keçid üçün nəzərdə tutulan marşların səsləndirilməsi üçün 30 nəfərdən ibarət orkestr fəaliyyət göstərir.

Daha sonra iki ali təhsil müəssisəsi arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni FHN Akademiyasının rəisi general-mayor Baba Salayev və BMA rektoru, professor Fərhad Bədəlbəyli imzalayıblar.

Müqavilədə yaradıcılıq əlaqələrinin inkişaf etdirilməsi, nəşrlərin, tədris və metodiki vəsaitlərin mübadiləsi, beynəlxalq və respublika səviyyəli elmi konfransların, simpoziumların və seminarların birgə təşkili, hər iki ali təhsil müəssisəsinin maddi-texniki bazasından və kadr potensialından qarşılıqlı razılaşma əsasında istifadə, istedadlı şəxslərə qayğı və diqqət göstərilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulub.

Sonra BMA-nın bir qrup tələbəsi mərasim iştirakçıları qarşısında konsert proqramı ilə çıxış ediblər.