24 iyun 2021 15:58
437

Aİ Belarusa qarşı iqtisadi sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) tərəfindən Belarusa qarşı iqtisadi sanksiyalar tətbiq olunub.

“İki sahil” xəbər verir ki, Aİ Şurası Belarusda insan haqlarının ciddi şəkildə pozulması və bu halların artması, vətəndaş cəmiyyətinin, müxalifətin və jurnalistlərin repressiyaya məruz qalması, jurnalist Raman Protaseviç və Sofia Sapeqanın həbsi üçün mayın 23-də "Ryanair” hava yollarına məxsus təyyarənin Minskə məcburi şəkildə endirilməsinə cavab olaraq sanksiyalar tətbiq edib.

Sanksiyalar internetin və telefon rabitəsinin monitorinqi və ya bu vasitələrdən informasiyanın ələ keçirilməsi üçün istifadə olunan avadanlıq, texnologiya və proqram təminatının və ya ölkədə müəyyən şəxslərə təşkilatlara, qurumlara qarşı hərbi məqsədli istifadə üçün nəzərdə tutulmuş ikili vasitələrin, texnologiyaların Belarusda hər hansı şəxsə birbaşa və ya dolayı yolla satılması, tədarük edilməsi, təhvil verilməsini əhatə edir.

Sanksiyalara əsasən, neft məhsulları, kalium xlorid (potaş) və tütün məhsullarının istehsalı və ya istehsalı üçün istifadə olunan malların ticarəti məhdudlaşdırılır. Həmçinin Belarusun Aİ-nin kapital bazarlarına girişi məhdudlaşdırılır, Belarus hökumətinə və dövlət qurumlarına sığorta və təkrar sığorta təmin edilməsi qadağan edilir.

Yeni iqtisadi sanksiyalara əsasən, Avropa İnvestisiya Bankı Belarusun dövlət sektorundakı layihələr və mövcud Texniki Yardım Xidməti Müqavilələri, çərçivəsində mövcud razılaşmalar üzrə hər hansı ödənişi dayandırılır.

Aİ-yə üzv dövlətlərdən üzv olduqları çoxtərəfli inkişaf banklarının Belarusla əlaqəsini məhdudlaşdırmaq üçün tədbirlər görməsi tələb olunur.