03 avqust 2021 17:25
678

Aqrar sığorta fermerləri qoruya bilirmi?

2019- cu ildə  Azərbaycanda Aqrar Sığorta Fondu yaradılmaqla ölkənin kənd təsərrüfatında çalışanlar üçün aqrar sığorta mexanizmi işə düşmüş oldu. Artıq fermerlər bu fond vasitəsilə öz məhsullarını - əkin sahələrini və heyvanlarını sığortalaya bilirlər. Qeyd edək ki, aqrar sığorta fermerlərin və təsərrüfat sahiblərinin məhsullarını və gəlirlərini qoruyacaq önəmli vasitədir. Burada bir məqamı xüsusi vurğulamaq lazımdır ki,  Aqrar Sığorta Fondu kommersiya təşkilatı olmadığından onun işi mənfəət əldə etmək deyil, fermerlərin məhsullarını və qazanclarını qorumaqdır. Bu da imkan verir ki, fermerlər bu sahədə uzun müddət və rahat fəaliyyət göstərə bilsinlər.

Aqrar sığortanın tətbiq dairəsi haqqında belə demək olar: tutaq ki, təsərrüfatını sığortalamış fermer 10 hektarlıq sahədə taxıl əkib və mövsümün sonunda 600 sentner məhsul əldə etməyi gözləyir. Lakin həmin müddət ərzində bu ərazidə hər hansı təbii fəlakət, məsələn, subasma, yanğın və ya digər hadisə baş verir və fermer 3 hektar sahədə məhsulunu itirir. Nəticədə bu sahədən artıq gözlənildiyi kimi, 600 sentner deyil, tutaq ki, 420 sentner məhsul əldə ediləcək. Yəni, fermer 180 sentner məhsulu itirir. Yəni sözügedən misalda Fond, itirilən 180 sentner taxılın dəyərini bazar qiyməti nəzərə alınmaqla fermerə ödəyəcək. Bu, heyvandarlıq sektorunda da belədir.

Burada bir məsələni də vurğulamaq lazımdır ki, ölkəmizdə indiyədək özəl şirkətlər tərəfindən aqrar sığorta xidmətləri göstərilib. Ancaq Aqrar Sığorta Fondunun təklif etdiyi xidmət onlardan fərqlənir. Ona görə ki, özəl şirkətlər kommersiya prinsipi ilə işlədiyinə görə, bəzi hallarda zərərli hesab etdikləri bizneslərin sığortalanmasından imtina edirdilər. Aqrar Sığorta Fondu isə qeyri-kommersiya prinsipi ilə işlədiyinə görə, əsas məqsəd pul qazanmaq deyil, fermerlərin itkilərini qarşılamaqdır.

Digər mühüm məqam ondan ibarətdir ki, Aqrar Sığorta Fondu ilə sığortalanan zaman dövlət aqrar sığorta haqlarına 50 faiz yardım edir. Yəni, fermer sığorta haqqının yarısını ödəmir, həmin hissəni dövlət ödəyir. Məsələn, sığorta haqqı 100 manatdırsa, onun 50 manatını dövlət ödəyir, qalan 50 manatını isə fermer hissə-hissə sığorta ili ərzində ödəyir. Göründüyü kimi, hətta sığorta haqqının yarı hissəsini ödəmək belə, fermerlər üçün əlavə yük olmayacaq.

Aqrar sığortanın əhatə etdiyi bitki və heyvanların siyahısı da Nazirlər Kabinetinin «Aqrar sığorta predmetinin Tərkibi»nin təsdiq edilməsi haqqında qərarı ilə təsdiqlənib. Bu qərara əsasən, bitkiçilik sahəsində buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq sığorta olunur. Göründüyü kimi, aqrar sığorta ilkin mərhələdə bütün əsas bitkiləri əhatə edir və bu bitkilər ölkədəki ümumi əkin sahəsinin 84 faizini təşkil edir. 

Heyvandarlıq sahəsində isə məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar aqrar sığortanın əhatə dairəsinə daxildir. Eləcə də akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların sığortası təmin ediləcək. Təbii ki, aqrar sığorta inkişaf etdikcə, növbəti mərhələlərdə həm sığorta predmetlərinin, həm də sığorta risklərinin siyahısının genişləndiriləcəyi gözlənilir.

Bunlardan başqa aqrar sığorta fermerlərin zərərlərini müxtəlif formada qarşılayır. Məsələn, hər hansı fermer öz sahəsində əkin işi aparır. Amma erkən inkişaf dövründə, yəni məhsul hələ yetişmədən, burada təbii fəlakət, məsələn, subasma baş verir və ya dolu düşür, əkin məhv olur. Nəticədə fermer gözlədiyi gəlirindən məhrüm olur. Əgər həmin fermerin aqrar sığorta müqaviləsi varsa və əkin mövsümü hələ bitməyibsə, fond tərəfindən onun əkin xərcləri qarşılanır ki, o öz məhsulunu yenidən əksin və zərərə düşmədən işinə davam  etsin.

Qeyd edək ki, fermerlər və təsərrüfat sahibləri  yaşadıqları və ya fəaliyyət göstərdikləri ərazilərdə Aqrar Sığorta Fondunun üzvü olan 8 sığorta şirkətlərinə müraciət edərək bu xidmətləri əldə edə bilirlər. Bunlar sığorta bazarının əsas iştirakçıları olan şirkətlərdir, onların rayonlarda və bölgələrdə filial şəbəkələri var.

Aqrar sığortada ödənişin məbləği  isə belə müəyyən edilir. Belə ki, məbləğ sığorta müqaviləsi ilə əvvəlcədən bəyan olunur. Məsələn, fermerin bir hektar ərazisi var, buradan 50 sentner məhsul gözləyir. Gözlənilən məhsulun dəyəri orta bazar qiyməti nəzərə alınmaqla hesablanır və həmin məbləğ müqavilədə əks olunur. Hadisə də baş verəndə artıq həmin rəqəm ətrafında əməliyyat aparılır. Eləcə də məsələn, sığortalanan heyvanın qiyməti 5 min manatdırsa, o həmin qiymətə sığortalanır və hər hansı hadisə baş verərsə ödəniş edilir.

Ölkədə əkin ərazilərinin yerləşdiyi coğrafi və iqlim vəziyyətindən asılı olaraq, sığorta tarifləri də dəyişir. Yəni, məsələn, dağ və ya dağətəyi rayonlarda dolu riski Aran rayonlarına nisbətən daha yüksək olduğundan, qiymətlər də buna uyğun olaraq fərqlənir. Nəticədə fermerlər əziyyət çəkmədiyi, üzləşmədiyi risklərə görə əlavə xərcə düşmürlər.

Aqrar sığortanı onlayn almaq mümkündür. Çünki ötən il  Nazirlər Kabineti Aqrar Sığorta İnformasiya Sisteminin Əsasnaməsini təsdiqləyib. Bu sistemin köməyi ilə aqrar sığorta ilə bağlı bütün bu işlər onlayn şəkildə - Aqrar Sığorta İnformasiya Sisteminin üzərindən həyata keçirilir. Eyni zamanda, Elektron Kənd Təsərrüfatı Sistemində qeydiyyatdan keçərək əkinlərini bəyan edən fermerlər Aqrar Sığorta Fonduna onlayn şəkildə, ya da sığorta vasitəçiləri üzərindən müraciət edə bilir. Fond həmin müraciəti qiymətləndirir və elektron şəkildə sığorta müqaviləsi bağlanır. Yəni aqrar sığorta müqaviləsi bağlamaq üçün fermerin rayondan Bakıya gəlməsinə ehtiyac qalmır. Hadisə baş verdiyi təqdirdə, sığorta ödənişi zamanı da eyni proses reallaşır. Fermer sığorta şirkətinə ilkin müraciət etdikdən sonra həmin sənədlər Fonda daxil olur. Fond həmin sənədləri emal edib, fermerlərə köçürmə yolu ilə ödəniş edir.

Bir sözlə, aqrar sığortanın işə düşməsi fermerlərə xeyli üstünlüklər gətirib. Xüsusi qeyd edilməlidir ki, bu sahəyə investisiya və kreditlər cəlb etmək daha da asanlaşıb. Yəni, fermerlərə himayə genişlənib. Bu isə imkan verir ki, onlar daha sabit və etibarlı mühitdə fəaliyyət göstərərək istehsallarını inamla genişləndirə bilsinlər. Eləcə də kənd təsərrüfatında risklər azaldığına görə fermerlərin maliyyəyə çıxışı, yəni kredit götürmək imkanları artıb. Bu da son nəticədə aqrar sahənin güclənməsinə və ərzaq təhlükəsizliyinə töhfələr  verir.

Elçin Zaman, «İki sahil»