03 avqust 2021 19:22
1300

Vaqon parkının inqilabi yenilikləri davam edir FOTO

Avqustun 3-də Bakı Metropolitenində 4 yeni qatar tərkibi xəttə buraxılıb, bununla da yeni qatarların sayı 19-a çatdırılıb

Hər biri 5 vaqondan ibarət olan bu qatar tərkibi müasir tiplidir, ən yüksək standartlara tam cavab verir. Belə ki, artıq 2019-cu ilin oktyabr ayında Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin (SC) tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin 3 il ərzində Bakı Metropoliteni üçün istehsal etməli olduğu 60 vaqondan 40-ı artıq istismardadır.

Qeyd edək ki, bu müəssisə 1967-ci ildən Bakının yeraltı yollarını sərnişin vaqonları ilə təmin edir. Bu əlaqələrin daha da möhkəmlənməsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Metrovaqonmaş” 2015-ci ildən Bakı Metropolitenini yalnız sonuncu nəsil vaqonları ilə təchiz edir. Həmin il 81-760.B/761.B/763.B tipli 15, 2018-ci ildə 81-765/766 tipli 10 vaqon alınıb. 2019-cu ildə 30 və 2020-ci ildə daha 20 vaqonla metropolitenin lokomotiv parkı 75 müasir tipli vaqondan ibarət 15 qatar tərkibi ilə yenilənib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov mövzu ilə bağlı təşkil edilən infotur zamanı media nümayəndələrinə açıqlamasında söylədi ki, bu dəfə gətirilən vaqonlar da sifarişçinin texniki şərtlərinə uyğun olaraq istehsal edilib: “İnnovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765 B./81-766 B. modelli vaqonlar istismar müddətini başa vurmuş vaqonları əvəz edib: “Sərnişin rahatlığı baxımından vaqonlar kondisioner, yerli şəraitə uyğunlaşdırılmış mikroiqlim nəzarəti sistemlərinə malikdir. Bu sistem havanın zərərsizləşdirilməsi funksiyasını, sabit hərarət rejiminin avtomatlaşdırılmış qaydada tətbiq edilməsini təmin edir. Ultrabənövşəyi lampalar havadakı zərərli hissəcikləri sürətlə məhv etməyi bacarır. Sərnişinlər elektron qurğularını vaqonlardakı USB portlar vasitəsilə doldura bilərlər. Vaqondan-vaqona birbaşa keçidlər sərnişin rahatlığı baxımından əhəmiyyətlidir. Tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırır, sərnişinlərin, eləcə də havanın salonlarda bərabər paylanmasına xidmət edir. Bu, həm də qatarın tutumunu 15 faiz artırır.”

B.Məmmədov vurğuladı ki, qapıların əvvəlki vaqonlardakından daha enli olması sərnişinlərin minib-düşmə intensivliyinə də xüsusi təsir edir: “Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da sərnişinlərin rahatlığını artıran yeniliklərdəndir. Bu il gətirilmiş vaqonların qapı meydançasında da ayaq üstə dayanan sərnişinlərin rahatlığı üçün tavana bərkidilmiş tutacaqlar quraşdırılıb. Eyni qayda ilə çoxfunksiyalı zonalarda da fərdi tutacaqlar qoyulub. Baş vaqonların maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər ayrılıb. Məlumdur ki, 2019-cu ildən Bakı Metropolitenində əlil arabaları istifadəçiləri, ümumiyyətlə, fiziki imkanları məhdud olan sərnişinlər üçün xidmət fəaliyyət göstərir. “Əlçatan metro” layihəsi çərçivəsində metropolitenin köhnə nəsil qatarlarında da belə yerlər quraşdırılıb. Vaqon istehsalçıları sərnişinlərlə yanaşı, qatar sürücülərinin də rahatlığını nəzərə alan yeniliklər tətbiq ediblər.”

Mətbuat xidmətinin rəhbəri, həmçinin qeyd etdi ki, bu qatarlarda maşinist kabinəsi daha genişdir, qatarın idarə edilməsində bir sıra proseslər avtomatlaşdırılıb, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırıb: “Texniki göstəriciləri ilə öz sələflərindən yetərincə fərqlənən yeni vaqonların maksimal sürəti saatda 90 kilometr, mühərriklərinin gücü 170 kilovattdır. Baş vaqonun çəkisi 38 ton, orta vaqonun isə 36 tondur. 38 oturacağı olan baş vaqonun sərnişin tutumu 315 nəfər, 44 oturacaqlı orta vaqonunku isə 329 nəfərdir. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orijinal qrafikalı informasiya sistemlərindən ibarətdir. Bakı Metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatıb. Yeni gətirilmiş qatarlar, əsasən, “Həzi Aslanov-Dərnəgül” sahəsi boyunca hərəkət edəcək.”

Hazırda Bakı Metropolitenində nə qədər qatar və vaqon istismardadır?

Daha sonra “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov İkisahil.TV-yə müsahibəsində bəzi suallara aydınlıq gətirərək dedi ki, hazırda metropolitenimizin lokomotiv parkında ümumilikdə 280 vaqon və yaxud 56 qatar var: “Ümumiyyətlə, Bakı Metropolitenində vaqonların yenilənməsi prosesi əsasən onların istismar müddətinin başa çatması ilə ölçülür. Yəni, texnoloji proseslərin tələbinə uyğun olaraq vaqonlar zavodun müəyyən etdiyi istismar müddəti ərzində xətdə olmalıdır. Bildiyiniz kimi, “Bakı Metropoliteni” QSC Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsi ilə əməkdaşlıq edir. Həmin qatarların istismar müddəti 30-31 ildir. Yəni, bu müddət ərzində Bakı Metropolitenində texniki normativ sənədlərin tələbinə uyğun olaraq bütün qatarlara vaxtında xidmət göstərilir, təmiri vaxtında aparılır. Bu səbəbdən həmin qatarların məhz 31 il xidmət göstərməsində hər hansı bir problem, maneə olmur və onların yenilənməsi də məhz bundan asılı olaraq həyata keçirilir.”

B.Məmmədovun sözlərinə görə, ümumiyyətlə, yeni qatarların ölkəmizə gətirilməsi ilə bağlı yaxın dövrə proqnoz versək biz onu xüsusi qeyd etməliyik ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən, Bakı Metropoliteninə 3 il ərzində hər il 20 vaqon gətirilir: “Bu proses gələn il də mütləq şəkildə davamlı olacaq, yəni, 2022-ci ildə 20 yeni vaqon alınaraq xəttə buraxılacaq. Ondan sonrakı dövr üçün hadisələrin hansı istiqamətdə aparılacağı ilk növbədə vaqonların istismar müddətinin başa çatmasından və eyni zamanda, Bakı Metropoliteninin vaqonlarla bağlı strategiyasından çox asılı olacaq.”

Bakı Metropolitenində tikintisi davam edən və tikilməsi nəzərdə tutulan  stansiyalar...

Bəxtiyar Məmmədov qeyd etdi ki, Bakı Metropoliteninin konseptual inkişaf sxeminə əsasən əvvəlki plana uyğun olaraq 76 stansiya nəzərdə tutulmuşdu: “Bu stansiyalar yeraltı olaraq planlaşdırılırdı. Lakin Nərimanov elektrik deposunun təcrübəsindən də gördüyünüz kimi, yerüstü stansiyalarımız da depoya giriş sahələrində olur və artıq belə bir stansiyanın inşası Xocasən qəsəbəsində sürətlə davam etdirilir. Həmin sahədə bənövşəyi xəttin elektrik deposunun inşası birinci mərhələdədir və işlər hazırda sürətlə, qaydasında gedir. Ümumiyyətlə, xətlərin, depoların istismara verilməsi barədə məlumat vermək lazımdır. Xəttin deposu onun fəaliyyəti üçün çox mühüm əhəmiyyət kəsb edir, onun şah damarı sayılır. Bu mənada onu da xüsusi qeyd etmək lazımdır ki, hazırda bənövşəyi xəttin 3 stansiyası istismardadır. Xətt inkişaf etdikcə, onun deposunun inşası məsələləri də ardıcıl olaraq həyata keçiriləcək. Depo 3 mərhələdə inşa olunacaq. Onun artıq birinci mərhələsində məhz Xocasən qəsəbəsində daha bir stansiyanın istimara verilməsi planlaşdırılır. Hazırda həmin stansiyanın inşası sürətlə davam etdirilir. Onu xüsusi qeyd edim ki, hər hansı bir qeyri-adi hadisə baş verməzsə, stansiyanın 2021-ci ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulub. Bu da təbii ki, Xocasən qəsəbəsində yaşayan, həmin ərazidə çalışan insanların paytaxtın mərkəzinə və digər rayonlarına gedin-gəlişin rahatlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edəcək.”

Tikintisi nəzərdə tutulan 76 stansiya nə vaxt istismara veriləcək?

B.Məmmədovun sözlərinə görə, bu məsələ ilə bağlı onu xüsusi qeyd etmək lazımdır ki, hazırda bir neçə istiqamətdə bu məsələlər öz həllini tapır: “Ən vacib məsələlərdən biri Bakının Baş Planı ilə bağlıdır. Həmin məsələlərlə bağlı təbii ki, Bakı Metropoliteninin də rəyi, qarşılıqlı fikir mübadiləsi, eyni zamanda, birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. Nəqliyyat sistemi ilə bağlı Bakı Metropoliteninin önəmi, şəhər üçün əhəmiyyəti bu məsələlərdə öyrənilib. Həmin layihə təsdiq olunanda artıq orada Bakı Metropoliteninin bundan sonrakı inkişafının bir sıra mərhələləri xüsusi olaraq nəzərə alınacaq. Bəri başdan onu xüsusi qeyd edə bilərəm ki, həmin layihədə diqqət ayrılan məsələlərdən birinci xətlərin ayrılması layihəsidir. Yəni yaşıl və qırmızı xəttin bir-birindən ayrılması metropolitenin və ümumiyyətlə, Bakı şəhərinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bu, sərnişin rahatlığını gətirməklə yanaşı, eyni zamanda, şəhərin sosial-iqtisadi inkişafına, nəqliyyat infrastrukturunun daha da təkmilləşməsinə xüsusi təkan verəcək.”

Mətbuat xidmətinin rəhbəri söyləyib ki, həmin layihə çərçivəsində xətlərin ayrılması üçün vacib olan bir sıra inşaat işləri var: “Onları ilk növbədə qeyd edə bilərik. Bu, “Xətai” stansiyasından sonra ilkin mərhələdə 2, daha sonra isə yenə 2 stansiyanın inşasını nəzərdə tutur. Yəni hazırda “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən keçid stansiyasının inşasına qədər 4 stansiya, eyni zamanda, “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər olan sahədə daha 3 stansiyanın inşasını nəzərdə tutur. Sadəcə olaraq xətlər bir-birindən ayrıldıqdan sonra hər bir xətt özü tam funksional, sərbəst fəaliyyət göstərməlidir. Bu səbəbdən hər xəttin öz deposu olmalıdır. Amma bundan da vacib olan bir məsələ də var. Sonuncu stansiyalarda mütləq dönmə kamerası olmalıdır.”

B.Məmmədovun sözlərinə görə, “8 Noyabr” stansiyasında dönmə kamerası onun üçün fəaliyyət göstərir ki, qatar bir yoldan digər yola rahat keçərək əks istiqamətdə hərəkət etsin: “Belə olduqda tam funksional sistem tətbiq olunacaq və hər bir xətt üzrə müstəqil olaraq sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsi, təhlükəsizlik keyfiyyətinin artırılması və qeyd etdiyim kimi, şəhərin sosial-iqtisadi inkişafına təkan verilməsi, bundan əlavə olaraq təbii ki, nəqliyyat infrastrukturunun daha şaxəli olmasına köməklik göstərəcək. Belə olduqda isə o deməkdir ki, “İçərişəhər” stansiyasından sonra bir və yaxud iki dönmə kamerası olan stansiyanın inşası da vacibdir. Beləliklə, xətlərin ayrılması layihəsində 8-9 stansiyanın inşası artıq Bakı Metropoliteninin prioritet vəzifələri sırasındadır.”

Cavid Əkbərov,
Nurlan Məlikzadə (foto), 
“İki sahil”