16 sentyabr 2021 17:43
615

AŞPA-nın payız sessiyası hibrid formatda keçiriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası sentyabrın 27-dən 30-dək hibrid formatda Fransanın Strasburq şəhərində keçiriləcək.

“İki sahil” xəbər verir ki,  sessiya çərçivəsində “Ətraf mühit və insan hüquqları: sağlam, təhlükəsiz və davamlı ətraf mühit hüququ” adlı yüksəksəviyyəli panel və interaktiv debatlar təşkil olunacaq. Sessiya müddətində Avropa Şurasının sağlam ətraf mühit hüququnu təminetmə fəaliyyətinə dair 7 hesabatın dinləniləcəyi gözlənilir. Həmçinin təhlükəsiz, sağlam və təmiz ətraf mühit hüququ bərabərsizliyinin aradan qaldırılması, eləcə də iqlim və miqrasiya mövzuları, tədqiqat siyasətinin ətraf mühitin qorunmasını necə təşviq edə biləcəyinin araşdırılmasına dair hesabatlar da müzakirə olunacaq.

Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri, eləcə də sosial hüquqların gücləndirilməsi ilə sosial etimadın bərpası da müzakirə ediləcək mövzular sırasında yer alacaq. Sessiya çərçivəsində Avropa Şurasının prezidenti Şarl Mişelin, Avropa Sağlamlıq və Qida Təhlükəsizliyi Komissarı Stella Kiryakidesin, Şimali Makedoniyanın Baş nazirinin Avropa işləri üzrə müavini Nikola Dimitrovun çıxışları gözlənilir. Həmçinin Macarıstanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkənin xarici işlər naziri Peter Siyarto çıxış edəcək.

Payız sessiyasında Parlament Assambleyasının sıralarında gender təmsilçiliyi, eləcə də Assambleya üzvlərinin parlament toxunulmazlığının əhatə dairəsi ilə bağlı təlimatlar da debatlarda yer alacaq. Əfqanıstandakı vəziyyət də sessiya çərçivəsində müzakirə ediləcək mövzulardan olacaq.