17 sentyabr 2021 20:06
1501

"Əsrin müqaviləsi" 27 yaşında

1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,”Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənməsi və hasilat pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanmışdır. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən bu hadisə, həm də yenicə müstəqillik əldə etmiş Azərbaycanın gələcək inkişafının və dünya birliyi ilə tərəfdaşlığının ən həlledici amilinə çevrildi. 

Ulu Öndər Heydər Əliyev çox gözəl bilirdi ki, “Əsrin müqaviləsi” ilə ölkənin müstəqillik tarixində yeni bir dönəmin bünövrəsi qoyuldu. Bu yolda Azərbaycana qarşı təzyiqlər də oldu, qarayaxma və ləkələmə kampaniyaları da aparıldı, müxtəlif iftiralar da uyduruldu. Lakin müstəqil Azərbaycan dövlətinin memarını heç kim, heç bir qüvvə tutduğu yoldan döndərə bilmədi, Heydər Əliyev müstəqil dövlətçilik dəyərini hər şeydən üstün tutdu.

2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalandı. Bununla da "Azəri-Çıraq-Günəşli” blokunun işlənilməsində yeni dövr başlandı. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, "Chevron”, IMPEX, "Statoil”, "ExxonMobil”, "TP”, ITOCHU və "ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2050-ci ilə qədər uzadılmış sazişə əsasən, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. Bu sazişin ardınca 2019-cu ildə "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun müqavilə ərazisində əlavə bir hasilat platformasının tikintisi üzrə razılaşma əldə olundu.

Bu müqavilənin Azərbaycanda neft sənayesinin dirçəlməsində müstəsna rolu olub

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “İki sahil”ə açıqlamasında qeyd etdi ki, “Azəri”,”Çıraq” və ”Günəşli” yataqları hələ Sovet dövründə Xəzər dənizində kəşf olunmuş nəhəng neft yataqlarıdır. Bu nəhəng yataqlar Xəzər dənizinin dərin sulu hissəsində yerləşirlər. Yalnız “Günəşli” yatağının bir hissəsi dayaz sulu hissədə yerləşir. Həmin hissəni Azərbaycan  keçmiş Sovet dövrünün sonlarında müstəqillik dövrünün ilk illərində öz imkanları ilə istismar edə bilirdi. Lakin dərin sulu yataqların işlənməsi üçün əlimizdə kifayət qədər texnoloji və maliyyə imkanları mövcud deyildi. Buna görə də ulu öndər Heydər Əliyev təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra xarici şirkətlərlə razılıq əldə edildi və dünyanın aparıcı neft-qaz çıxarma şirkətləri Azərbaycana cəlb olundular və BP şirkəti başda olmaqla həmin şirkətlər konsorsium qurdular. Həmin konsorsiuma dövləti təmsil edən tərəf kimi SOCAR da daxil oldu. 1994-cü ildə 20 sentyabrda “Əsrin müqaviləsi”kimi tanınan o məşhur müqavilə imzalandı. Həmin müqavilə Hasilatın Pay Bölgüsü Sazişidir.

İ.Əhmədov vurğuladı ki, bu sazişə əsasən, dövlət və beynəlxalq şirkətlərin konsorsiumu “Azəri”,”Çıraq” və ”Günəşli” yataqlarının işlənməsi üzrə öz vəzifələrini və hüquqlarını müəyyən ediblər. Çıxarılan neftin satışından əldə olunan payların bölgüsü müəyyən edilir. Həmin pay bölgüsünə  görə satılan neftin əsas mənfəət hissəsini dövlətə məxsusdur. Mənfəətin bir hissəsi isə onu çıxaran şirkətə məxsusdur. 27 ildir ki, bu yataqlar işlənməkdədir. Məhz bu yataqların işlənməsi nəticəsində Azərbaycan öz neft hasilatını ciddi şəkildə artıra bilmişdir. Tarixdə ən yüksək səviyyəyə qədər qaldırmağa nail olmuşdur. Azərbaycan 2010-cu ildə bir il ərzində 50 milyon tondan çox neft çıxarmağa nail olmuşdur.

Müsahibimiz əlavə etdi ki, müstəqillik dövründə çıxarılan neftin əsas hissəsi məhz “Azəri”,”Çıraq” və ”Günəşli” yataqlarından əldə olunduğuna görə, onların bizim iqtisadi yüksəlişimiz üçün müstəsna əhəmiyyəti var: “Azərbaycanın ixrac gəlirlərinin əsas hissəsi məhz bu yataqlardan çıxarılan neftdən əldə olunur. Bu müqavilə imzalananda yataqların ehtiyatları təxminən yarım milyard ton neft həcmində  və yaxud 3.5 milyard  barrel hesab olunmuşdu. Artıq oradan çıxarılan neftin həcmi 4 milyard barrelə yaxınlaşır yəni yarım milyard tondan çoxdur. Hələ bir o qədər də neftin ehtiyatda olması təxmin olunur. Beləliklə, 2017-ci ildə konsorsiumda iştirak edən şirkətlər Azərbaycan dövləti ilə yeni müqavilə imzaladılar. Bu yenilənmiş “Əsrin müqaviləsi” 2050-ci ilə qədər yataqların işlənməsini təmin edir. Həmin dövrdə bu şirkətlər yataqların işlənməsinə və hasilatın stabil saxlanmasına sərmayələr qoyacaqlar. Hazırda yeni platformanın tikintisi davam edir. Yeni platforma “Mərkəzi-Şərqi Azəri” artıq 2023-cü ildə quraşdırıla bilər. Bu yataqlarda təbii hasilatın azalmasının mümkün qədər qarşısının alınması üçün  xidmət edəcək bir vasitə olacaqdır”.

İ.Əhmədov vurğuladı ki, hələ uzun illər bu yataqlar Azərbaycan xalqının və dövlətinin rifahına və inkişafına xidmət edəcək: “Əsrin müqaviləsi”nin imzalandığı tarix Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur. Çünki məhz bu müqavilənin Azərbaycanda neft sənayesinin dirçəlməsində müstəsna rolu olub. Bu müqavilədən sonra bir çox neft şirkətləri gördülər ki, Azərbaycan sabit bir ölkədir, anladılar ki, burada iş görmək olar bundan sonra da bir çox başqa yataqların işlənməsi ilə bağlı müqavilələr imzalandı. Azərbaycan əvvəllər ancaq neft hasil edən ölkə kimi tanınırdısa, artıq nəhəng qaz yataqları da kəşf olundu. Azərbaycan “Şahdəniz” və digər yataqların işlənməsi ilə bağlı Hasilatın Pay Bölgüsü Sazişlərini imzalamışdır. Beləliklə, Azərbaycanın artıq neft və qaz sənayesi dünyanın aparıcı şirkətlərini rahatlıqla cəlb edir. Geniş maliyyə və texnoloji imkanlara malikdir. Azərbaycan neftçiləri SOCAR-ın timsalında artıq öz imkanları ilə dənizdə çox dərin quyuları  qaza bilirlər. Yerin altında 6-7 min metr dərinliyə qədər quyular qazılır, Xəzər dənizin ən dərin quyusu da “Abşeron” yatağında Heydən Əliyev adına yarımdalma qazma qurğumuz vasitəsilə qazılmışdır. Bu quyunu SOCAR-ın CDC şirkəti qazmışdır”.

Həmsöhbətimiz xatırlatdı ki,  bu gün Azərbaycan neft sənayesi tam müasir imkanlara malikdir. 1994-cü illə müqayisədə imkanlarımız ciddi şəkildə artıb. Bu gün tam müstəqil fəaliyyət göstərə də bilər, lakin Azərbaycan iqtisadiyyatına olan etimada görə xarici şirkətlər də bizim neft sənaeyisinin inkişafını öz töhfəsini verməyə davam edirlər. Yeni investorları cəlb etməkdə yeni müvəffəqiyyətlərə imza atırıq.

Müstəqilliyimizi qazandıqdan sonra əldə etdiyimiz ilk böyük uğur “Əsrin müqaviləsi” idi

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə “Əsrin müqaviləsi”nin əhəmiyyəti haqqında danışarkən bildirdi ki, müstəqilliyimizi qazandıqdan sonra əldə etdiyimiz ilk böyük uğur 1994-cü ildə xarici neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” idi: “Bu müqavilənin  Azərbaycanın həyatında önəmli rolu sadəcə “Azəri”,”Çıraq” və ”Günəşli” yataqlarının dövlətimizin ümumən iqtisadiyyatının dirçəlməsində deyil, həmçinin Azərbaycanın 150 milyard dollarlıq sərvəti qazanmasındadır. Bu müqavilənin imzalanması ilə daha 36 neft müqaviləsinə yol açıldı. Azərbaycanın dünya ilə əlaqələrinə bir işıq saçıldı. Xəzər kimi qapalı bir bölgədən dünya bazara ilə əlaqələr yaradıldı. Bakı-Tiflis-Ceyhan kimi boru kəməri xətti reallaşdı. Onun ardınca Cənub Qaz kəməri çəkildi. Yəni, 1994-cü ilin 20 sentyabrında imzalanan “Azəri”,”Çıraq” və ”Günəşli” layihəsi olmasaydı, digər layihələr də olmazdı. Ona görə bu layihənin müasir Azərbaycana gətirdiyi fayda və önəm əvəzsizdir.”

Yaqut Ağaşahqızı, “İki sahil”