17 sentyabr 2021 23:15
1584

"Əsrin müqaviləsi" Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi- Mahir Abbaszadə

«Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə  hazırlanmış «Əsrin müqaviləsi» respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. 1997-ci il noyabrın 7-də «Əsrin müqaviləsi» çərçivəsində «Çıraq» platformasından ilkin neft alınıb. Noyabrın 12-də bu münasibətlə platformada ulu öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkəti və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirilib. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. Həmin hadisə ilə Azərbaycanın neft sənayesinin əlaqədar olduğu istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasının təməli qoyulub. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin  iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. «Əsrin müqaviləsi» ulu öndər Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri oldu. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf olunur.»

Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib.

Mahir Abbaszadə qeyd edib ki, bu gün Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana nəql edilir.

M.Abbaszadə vurğula yıb ki, «Yeni əsrin müqaviləsi» 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirildi. 14 sentyabr ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün oldu. «Azəri-Çıraq-Günəşli» neft yatağının işlənilməsi 2049-cu ilədək uzadıldı. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalandı. Bu Sazişin «Yeni Əsrin müqaviləsi» adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

M.Abbaszadə diqqətə çatdırıb ki, «Yeni əsrin müqaviləsi» çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda, neft sektoruna yardımçı sahələrin, hətta qeyri-neft sektorunun inkişafını stimullaşdıran bir amildir. Çünki bütün hallarda neft sektoruna yönəldilən investisiya həm də qeyri-neft sektorunun inkişafı üçün bir maliyyə təminatı formalaşdırır.Yeni anlaşmada xüsusi vurğulanmalı məqamlardan biri də Azərbaycan dövlətinin əldə edəcəyi bonusdur. 1994-cü ildə «Əsrin müqaviləsi» imzalanan zaman da bonusun ödənilməsi nəzərdə tutulmuşdu və daha sonra Azərbaycan hökumətinə 300 milyon dollar ödənildi. Amma təbii ki, bonus birdəfəlik ödənilmir. Razılaşmaya əsasən, müqavilə imzalandıqdan sonra bonusun müəyyən hissəsinin, daha sonra isə işlər görüldükcə mərhələli şəkildə qalan hissəsinin dövlət büdcəsinə ödənilməsi həyata keçirilir. İndiki bonusun məbləği isə 23 il əvvəlkindən 12 dəfə çoxdur - 3,6 milyard dollar. Adətən müqavilə bağlandıqdan sonra bonusdan ilkin tranş verilir, daha sonra isə müqavilədə nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq tranşlar formasında ödənilir. Bu, əvəzsizdir, onun nə mənfəət neftinə və ya neftin satışına hər hansı aidiyyəti yoxdur.

M.Abbaszadə xüsusi olaraq qeyd edib ki, Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən neft XX əsrin ortalarında «Neft Daşları»nda çıxarılıb. Bu, o deməkdir ki, Azərbaycanın çox böyük və zəngin ənənələri var. 2017-ci il  isə ölkəmiz üçün 2 milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi ilə əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri 1 əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il bəs etdi. Kiçik bir ölkədə işlənmənin əvvəlindən iki milyard ton neftin hasil edilməsi həqiqətən də böyük hadisədir.

Deputat bildirib ki, bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlıqları, peşəkarlıqları ilə cəmiyyətdə çox böyük hörmət qazanıblar: «Bütün bu uğurların əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, payı var. Təsadüfi deyil ki, bunu nəzərə alan ulu öndər Heydər Əliyevin Fərmanına əsasən, məhz «Əsrin müqaviləsi»nin imzalandığı gün – 20 sentyabr ölkəmizdə həm də neftçilərin peşə bayramı kimi bayram edilir. Qəhrəman neftçilərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, onlara Azərbaycan neft-qaz sənayesinin tərəqqisində yeni-yeni uğurlar arzulayıram.»

Şəmsiyyə Əliqızı, «İki sahil»