18 sentyabr 2021 00:14
952

Bütün uğurların təməlində milli neft strategiyası dayanır

Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Xalqımız yalnız Heydər Əliyev dühasının sayəsində XX əsrin sonralarında, Azərbaycan müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanıb. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. O dövrdə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi)” yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev onun iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən SOCAR-ın birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edildi. “Əsrin müqaviləsi”ndə 8 ölkədən 13 şirkət iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı. Bu müqavilə sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə Azərbaycan dövlətinin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı. Bu tarxi sənədin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyasının həyata keçirilməsinə başlanıldı.

 Neft strategiyasının məntiqi davamı olaraq Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədi ilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalandı. 2002-ci ilin sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyuldu və tikintisinə başlandı. Neft kəmərinin açılışı 2006-cı ilin may ayının 28-də reallaşdı.

 “Əsrin müqaviləsi”nin imzalanmasından keçən müddətdə ümummilli lider Heydər Əliyevin Yeni neft strategiyasının çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilmişdir. Son illərdə öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən, XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin, TANAP, TAP kimi iri transmilli layihələrin reallaşdırılmasında Azərbaycanın söz sahibinə çevrilməsi və əhəmiyyətli paya malik olması, “XXI əsrin layihəsi” hesab edilən “Şahdəniz-2” layihəsinin reallaşdırılması da əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır.

Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində “Azəri-Çıraq-Günəşli” yataq blokunun işlənməsi ilə bağlı sazişin müddətinin 2050-ci ilədək uzadılması ilə bu müqavilə, əslində, “İki əsrin müqaviləsi” statusu qazanmış oldu. İstismara veriləndən ötən ilin sentyabrına kimi “Azəri-Çıraq-Günəşli” yataqlarından 516 milyon ton neft hasil olunub, Azərbaycan bu yataqlardan dünya bazarına 305 milyon ton neft ixrac edib, SOCAR-a 48 milyard kubmetrdən çox səmt qazı verilib və ümumilikdə layihə hesabına145,8 milyard dollar gəlir əldə edilib. Yataqların 2050-ci ilədək işlənilməsi, yeni layihələrin icrasına başlanması növbəti 30 ildə bizə bu uğurları davam etdirmək imkanı verəcək.

Dövlətimizin başçısının müasir çağırışlara cavab verən yeni neft strategiyasının uğurları Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın təməl daşı olan “Əsrin müqaviləsi” dayanır.  Azərbaycan “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində də inamlı addımlar atır. Ölkəmizdə sosial-iqtisadi infrastruktur quruculuğu geniş vüsət alıb. Həmçinin özünün güclü iqtisadi potensialına, geniş maliyyə imkanlarına əsaslanan Azərbaycan ölkə vətəndaşlarının yüksək həyat səviyyəsini təmin etməyi hədəfləyən siyasətini uğurla davam etdirir. Ölkə başçısının son 17 il ərzində dahiyanə uzaqgörənlik və uğurla həyata keçirdiyi siyasət nəticəsində respublikamızda davamlı və dayanıqlı iqtisadiyyat yaradılıb, əhalinin sosial rifahı əsaslı surətdə yaxşılaşıb, ordu quruculuğu sahəsində böyük nailiyyətlər əldə edilib, arsenalını ən modern silah və hərbi texnika ilə zənginləşdirən güclü, peşəkar Azərabycan Ordusu formalaşıb. Məhz bunun nəticəsində ötən il 44 günlük Vətən müharibəsində Azərbaycan təcavüzkar Ermənistan üzərində tarixi Zəfər qazanaraq Qarabağı 28 illik işğaldan azad edib.

Prezident İlham Əliyev daim vurğulayır ki, düşünülmüş iqtisadi siyasət və neft strategiyası nəticəsində Azərbaycanın bundan sonrakı inkişaf dövrü də uğurlu olacaq: “Bu gün böyük sevinc hissi ilə deyə bilərik ki, artıq Azərbaycan iqtisadiyyatı neft amilindən o qədər də asılı deyildir. Halbuki, bundan sonra da uzun illər ərzində neft və qaz amili Azərbaycanın həm iqtisadi maraqlarını təmin edəcək, həm dünyadakı mövqelərimizi möhkəmləndirəcəkdir. Ümumiyyətlə, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün bu amil uzun illər öz rolunu oynayacaqdır. Ancaq bununla bərabər, bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişafı da çox sürətlə gedir. Buna təkan verən məhz neft siyasəti, neft strategiyası olmuşdur”.

Zahid Rza, “İki sahil”