19 sentyabr 2021 11:55
903

Binədə şəhid leytenant Məmməd Zamanlının xatirəsinə inşa olunan bulağın açılışı olub FOTO

Xəzər rayonu Binə qəsəbəsində şəhid leytenant Məmməd Zamanlının xatirəsinə inşa olunan bulağın açılışı olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

“İki sahil” xəbər verir ki,  açılışda Binə qəsəbə nümayəndəliyi, qazilər,149 saylı tam orta məktəbin müəllim və şagird kollektivi,Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak edib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi polkovnik-leytenant İlkin Qayıbov şəhidin qısa, lakin hər bir gənc üçün örnək olan həyat və döyüş yolu barədə ətraflı məlumat verib.

Digər çıxış edənlər Məmmədin Vətən müharibəsinin başladığı ilk gündən komandiri olduğu taqımın şəxsi heyəti ilə birlikdə hərbi əməliyyatlarda fəal iştirak etdiyini, şəxsi mərdlik və igidlik nümunələri göstərdiyini qeyd ediblər. Şəhidin yaxınlarına bir daha başsağlığı verib, səbir diləyiblər.

H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin vətənpərvərlik mövzusunda ifaları tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Qeyd edək ki,qəhrəmanımız, 3 avqust 1998-ci ildə Şərur rayonunun Püsyan kəndində anadan olub. Orta təhsilini M.Əsgərov adına Püsyan kənd orta məktəbində alıb, daha sonra isə Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2015-ci il liseydən məzun olub, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qədəm qoyub. 2019-cu il iyul ayında Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə artilleriya üzrə leytenant rütbəsi ilə Vətənə xidmətə başlayıb.1 il 2 ay verilən tapşırıqların öhdəsindən yüksək səviyyədə gəldiyinə görə o, "Baş Zabit" rütbəsi ilə təltif edilib.

27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərə əsgərləri ilə birgə qatılan komandir, düşmən tərəfindən atılan mərmi nəticəsində Şəhidlik zivrəsinə yüksəlib.