19 sentyabr 2021 12:43
923

“Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və bu coğrafiyada müasir Azərbaycanın yaradılması, onun milli iqtisadi konsepsiyasının hazırlanması, güclü iqtisadiyyatın, ordunun formalaşdırılması çox böyük əhəmiyyət kəsb edirdi. Bundan irəli gələrək, o dövrdə Ulu Öndərin apardığı strateji siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin gələcək inkişafının əsasları yaradıldı.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

“Dünyanın 7 ölkəsini və 11 tanınmış neft şirkətini birləşdirən “Əsrin müqaviləsi” Azərbaycanda bütün sahələrdə tərəqqinin əldə edilməsində müstəsna rola malikdir. Bu tarixi hadisədən sonra müstəqil Azərbaycanın neft strategiyası dövlətin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrildi. Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsi illəri – misilsiz inkişaf dövrü başlandı. Ötən əsrin 90-cı illərində dərin böhran içində boğulan respublika XXI əsrin ilk illərindən sürətlə inkişaf edib çiçəklənən bir diyara, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrildi. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə iqtisadiyyatının inkişafında, xalqımızın güzəranının yaxşılaşmasında əvəzsiz rol oynayan bu sazişə əsasən Azərbaycanın dəniz yataqları olan “Çıraq”, “Azəri” və “Günəşli” yataqlarının mənimsənilməsi 30 il müddətinə nəzərdə tutulurdu. Sonrakı dövrdə görülən işlər, kəşf olunan yataqlar Azərbaycanın enerji potensialını daha da artırdı. Sonrakı illərdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə Azərbaycanın inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynayan 30-dan çox saziş imzalandı”, - deyə forumun prezidenti bildirib.

Bu müqavilənin ölkəmiz üçün olduqca çətin bir şəraitdə imzalandığını xatırladan R.Zeyni qeyd edib: “O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu və 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı”.

O bildirib ki, Ulu Öndər tərəfindən işlənib hazırlanmış neft-qaz strategiyası bu gün ölkəmizin qazandığı bütün uğurlarda önəmli töhfələrə malikdir. Ötən illər ərzində Prezident İlham Əliyevin Ümummilli Liderin bu strategiyasını uğurla davam etdirməsi nəticəsində Azərbaycan müasir dövlətə, beynəlxalq miqyasda söz sahibinə çevrildi: “Təbii ki, bu yaxınlarda birinci il dönümünü qeyd etməyə hazırlaşdığımız Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında da bu strategiyanın mühüm tarixi rolu var. Eyni zamanda, bu gün Qarabağımızda aparılan bərpa və quruculuq işlərində də ölkəmizin həyata keçirdiyi qlobal layihələrin, ötən illər ərzində formalaşdırdığı əməkdaşlıq əlaqələrinin müstəsna rolu var. Bu gün artıq Azərbaycana dost olan ölkələrin şirkətləri Qarabağda bərpa prosesinə qoşulublar. Bu, həm də ötən illər ərzində Azərbaycanın dünyada qazandığı etibarlı tərəfdaş imicinin əyani təzahürüdür”.