19 sentyabr 2021 17:17
681

 “Əsrin müqaviləsi” cəmiyyətimizin iqtisadi inkişafı üçün ilk böyük sıçrayış oldu

20 sentyabr 1994-cu il “Əsrin müqaviləsi”nin imzalanmasının il dönümüdür. Bu münasibətlə başda Suraxanı rayonunun zəhmətkeş neftçiləri olmaqla bütün neft sənayesində çalışan və həyatlarını bu sahəyə həsr etmiş veteranları Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatıının çoxminli üzvləri adından təbrik edir, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.

Təmsil etdiyimiz YAP Suraxanı rayon təşkilatının üzvlərinin bir qismi neftçilərdir. Biz bu amillə qürur duyuruq. Üzvlərimizin arasında neftin hasilatı və emalı sahəsində böyük uğurlar əldə etmiş zəhmətkeşlər vardır. Zəhmətkeş və mərd suraxanılılar hər zaman neft sahəsinin inkişafına verdikləri töhfələrlə elə ölkəmizin inkişafına xidmət etmişlər. Quruda çıxarılan neftin böyük bir hissəsi məhz Suraxanı neftçilərinin payına düşür. Dəyərli neft sənayesi işçiləri istər dənizdə, istərsə də quruda öz canları bahasına fəallıqlarını azaltmadan böyük əmək sərf edərək bizlərin inkişafını təmin etmişlər.

“Əsrin müqaviləsi”nin Azərbaycan Respublikasının müasir tarixində iqtisadi tərəqqi ilə yanaşı, siyasi suverenliyimizin təminatı nöqteyi nəzərindən ali əhəmiyyətə malik hadisədir. O dövrün geosiyasi mənzərəsinə nəzər salsaq görərik ki, belə bir ağır vəziyyətdə dünyanın bir çox nüfuzlu dövlətlərinin neft şirkətlərini Azərbaycana kapital qoymağa razı salmaq üçün dövlətimizin sözün bütün mənalarında təəssüf ki, potensialı yox idi. Etiraf etmək lazımdır ki, Sovetlət İttifaqından azadlığını yenicə əldə etmiş vətənimizin ilk vaxtlar rəhbərliyində olan şəxslər bütün dövlət idarəçiliyini bərbad hala salmışlar. Ərazilərimizin 20 faizi işğal altında idi. Ölkədə kriminogen durum hökm sürürdü. Siyasi və ictimai sabitlikdən ümumiyyətlə danışmaq o dövr üçün ağılasığmaz dərəcədə mümkünsüz idi. Dövlətin büdcəsi hətta ən sadə və rutin ödənişləri həyata keçirməyə imkan vermirdi.

Belə bir anda dünyanın ən nüfuzlu şirkətlərinin ölkəmizə dəvət olunması və onlarla bu cür ali anlaşmanın bağlanmasını ancaq Ulu Öndər Heydər Əliyev siyasi zəkası həyata keçirə bilərdi. Görünən o idi ki, ərazilərimizin itirilməsi davam edəcəkdi, əgər atəşkəs razılaşması əldə olunmasa idi. O zaman etimad göstərən dövlətlər tam məsuliyyətimlə deyə bilərəm ki, Heydər Əliyevin nüfuzuna görə ölkəmizə sərmayə qoymuşlar. İndi Tarixi hadisələri xronoloji ardıcıllıqla nəzərdən keçirəndə daha aydın şəkildə görünür ki, əgər düşmən Ermənistan Ümummilli Lider Heydər Əliyevin və onun ən layiqli davamçısı cənab İlham Əliyevin uzaqgörən siyasətinin mahiyyətini dərk etsəydilər, əminəm ki, atəşkəs müqaviləsi imzalanmaz və daha sonrasında “Əsrin müqaviləsi”nin həyata keçirilməsi mümkün olmazdı. Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəltmişdir. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaratdı. Əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcəkdir.

Bu gün dövlətimiz sürətli inkişaf mərhələsinin ən zirvə nöqtəsində irəliləyir. Lakin düşünün ki, vaxtı ilə biz düzgün neft strategiyası həyata keçirə bilməsəydik, ən sadə ifadə ilə desək, biz bütün sahələrdə məğlub olacaqdıq. Bu gün rəşadətli ordumuz var. Ordunu təşkil edən, orada döyüşən və canından keçən mərd, igid oğullarımız var. Lakin ordu quruculuğunun əsas hissələrindən biri də silah arsenalının gücləndirilməsi, ordunun maddi-texniki bazasının genişləndirilməsindən ibarətdir. Bunun üçün isə güclü iqtisadiyyata sahib olmaq zəruri məsələ idi.

“Əsrin müqaviləsi” ilə biz dövlətimizin iqtisadi dinamikasını da yüksəltmiş olduq. Həm cəmiyyətimiz, həm də iqtisadiyyatımız üçün bu müqavilənin həyata keçirilməsi böyük “start ap” sayıla bilər. Çünki Sovetlər İttifaqından sonra bütün istehsalat sahələri demək olar ki, məhv olmuş və dövlətin bu sahələri dirçəltmək üçün imkanları yox idi. Ölkədə kapital çatışmazlığı var idi. “Əsrin müqaviləsi” cəmiyyətimizin iqtisadi inkişafı üçün ilk böyük sıçrayış oldu. Biz iqtisadi tərəqqimizi məhz bu müqavilənin hesabına təmin edə bildik. Daha sonra əlbəttə, iqtisadi göstəricilərimiz çox yüksək oldu və bu tendensiya müsbət saldo ilə artmaqdadır. Lakin heç kim, xüsusi ilə də gənclər o dövrdə nə qədər böyük çətinliklər hesabına dövlətçiyimizi qoruyub saxladığmızı unutmamalıdır. Çünki biz xalq olaraq hansı çətin dövrlərdən keçmişiksə, o dövrləri düzgün təhlil etməklə bu gün əldə etdiyimiz zəfəri qoruyub saxlaya bilərik.

Nəzərə alsaq ki, neft hər zaman xöşbəxtlik bəxş etmir, olduğu ərazilərdə yaşayan xalqlara hər zaman böyük uğurlar gətirmir. O zaman anlamaq çətin deyil ki, hikmət neftdə yox, həyata keçirilən doğru, düzgün neft strategiyasındadır. Biz yaxın şərqin zəngin neft ölkələrinə nəzər yetirsək, iki əsas məqamı orada görə bilərik. Onlar bədbəxt vəziyyətdə yaşayırlar və yaxud da öz müstəqilliklərini de-yure və ya de-fakto itirirlər. Azərbaycan kimi yeri gələndə dünyanın ən güclü ölkələrinə qarşı çıxmaq bahasına belə öz suveren hüquqlarını müdafiə edən, xalqını dəstəkləyən, milli maraqlarına sahib çıxan, bir siyasi xətt yerinə yetirən dünya dövlətlərinin sayı elə də çox deyildir.

Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. İndi ölkəmizin neftdən gələn gəlirləri qeyri-neft sektoruna, xüsusi ilə də kadr potensialının inkişaf etdirilməsinə yönəldilmişdir. Gələcək dövlətçiliyimizin inkişafı və gələcək nəsillərin faydalanması naminə neft ehtiyatlarının səmərəli istifadəsi bütün xalqımız üçün vacib amildir.

Vüqar Seyidov,

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri