25 yanvar 2019 16:58
224

25 ildir dəyişməyən dağıdıcılar yalan vədlərlə insanları bezdirib

“Fəaliyyətlərinin bütün dövrlərində xalqa, dövlətə xəyanət edən, xarici anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən ölkə daxilindəki dağıdıcılıqla məşğul olan bu ünsürlər “mitinq sevdası” ilə özünə təsəlli verməyə çalışır. Cəmiyyətdə sosial dayağı, nüfuzu olmayan dağıdıcılar hər dəfə mitinq keçirmək adı ilə 3-5 adamı öz ətraflarına toplayır, xarici havadarlarının verdiyi “tezislər” əsasında şüarlar səsləndirir, bununla da necə biabırçı gündə olduqlarını bir daha xalqa nümayiş etdirirlər.”

Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Dağıdıcı müxalifətin 19 yanvar tarixində keçirdiyi mitinqə münasibət bildirən Vüqar Rəhimzadə qeyd edib ki, bu şou onların zəifliyini, xalq tərəfindən dəstəklənmədiyini sübuta yetirdi: “Dağıdıcıların əsl məqsədi nədir? Xalq, dövlət üçün nə isə etməkmi? Təbii ki, xeyr. Onların əsl məqsədi erməni lobbisi və anti-Azərbaycan qüvvələr tərəfindən gələn qrantlarla, eyni zamanda, “mühacir biznesi” ilə ciblərini doldurmaqdır. Bunun üçün xalq qarşısında min bir yalan deyir, min bir cildə, dona girirlər. Lakin 25 ildir dəyişməyən dağıdıcılar, şüarlar, çıxışlar, mənasız və yalan vədlər artıq insanları bezdirib. Bir sözlə, radikal müxalifət “liderləri” bu Vətən üçün yaxşı heç nə vəd etmirlər.”

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, dağıdıcıların əsas “missiyalarından” biri də sosial şəbəkələrdə “qəhrəmanlıq” etmək, real həyatda reallaşdıra bilmədiklərini virtual aləmdə həyata keçirməkdir: “Bu gün dağıdıcıların “fəal” olduğu sosial şəbəkələrdəki bəzi səhifələrdə 19 yanvar mitinqi “böyük qəhrəmanlıq” kimi qələmə verilir. Lakin insanları bu cür ağ yalanlarla çaşdırmaq mümküm deyil. Müşahidələr göstərir ki, 19 yanvar mitinqi hər zaman olduğu kimi, yenə də uğursuzluqla yadda qalıb. Özlərini və ətraflarındakı 3-5 nəfəri idarə edə bilməyən “müxalif liderlərin” dövlət idarəçiliyində təmsil olunmaq istəkləri sadəcə olaraq gülünc görünür.”

Vüqar Rəhimzadənin sözlərinə görə, dağıdıcılar öz çirkin niyyətlərinə çatmaq üçün hər yola əl atırlar: “Radikal müxalifət “liderləri” olan bu şoumenlər “xarici dayılarının” sifarişlərini yetirmək üçün dəridən qabıqdan çıxırlar. Onlar xaricdən aldıqları “sifarişləri” həyata keçirilmək üçün Azərbaycanı Suriya, Liviya və digər vətəndaş qarşıdurması olan ölkələrin gününə salmağa belə hazırdırlar. Təbii ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi və xalq bu çirkin niyyətin baş tutmasına heç vaxt imkan verməyib və verməyəcək. Dağıdıcılar isə 25 ildir dedikləri yalanlara, verdikləri boş vədlərə yalnız özləri qulaq asmaq məcburiyyətində qalırlar.”

“İki sahil” qəzetinin baş redaktoru onu da bildirib ki, bu günlərdə xalqımız 20 Yanvar ümummilli Hüzn Gününü qeyd etdiyi halda, dağıdıcıların Şəhidlər xiyabanına gələrək bu günü qeyd etmək əvəzinə özbaşınalıq etmək, qarışıqlıq yaratmaq cəhdləri simasızlığın göstəricisidir.

Bütün bunlar bir tərəfə, radikal müxalifətin yanvar ayının 19-da mitinq keçirməsi, eləcə də, yanvar 20-də hüzn günündə siyasi şou düzənləyib ictimai sabitliyi pozmaq cəhdləri etməsi ilə azadlıq şəhidlərimizin ruhuna hörmətsizlik etmiş oldu. Düşünürəm ki, buna görə Azərbaycan xalqı heç bir zaman şəxsi maddi maraqlarına görə şəhidlərimizi oyun alətinə çevirməyə çalışan Əli Kərimliyə, onun ətrafındakı dağıdıcılara, Milli Şuraya, Real partiyası və digər radikal düşərgənin təmsilçilərinə yerini göstərəcək, lənətləyəcəkdir.